Nazirlər Kabineti “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin ləğv edilməsindən irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə” qərar verib.
Banker.az xəbər verir ki, qərara əsasən, “Ləğv edilmiş Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində mövcud olmuş zabit heyəti vəzifələrinin Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində mövcud olan zabit heyəti vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilib.
Müəyyən edilib ki:
-Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq ləğv edilmiş Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üzrə mövcud olmuş dərəcələr Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində müəyyən edilmiş müvafiq dərəcələrə bərabər tutulur;
keçmiş xüsusi dövlət mühafizə orqanlarında xidmət etmiş hərbi qulluqçuların, habelə həmin orqanlarda işləmiş mülki işçilərin bu orqanlarda xidməti (əmək fəaliyyəti) dövründə yaranan sosial təminat və digər hüquqlarının həyata keçirilməsi ilə bağlı məsələlər üzrə hüquqi varis qismində onların şəxsi işlərinin saxlanıldığı aşağıdakı dövlət orqanları çıxış edir:
-Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;
-Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;
-Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi
Dövlət Agentliyi;
şəxsi işlərin bölüşdürülməsi zamanı bu Qərarla təsdiq edilmiş Siyahı, habelə şəxsin keçmiş xüsusi dövlət mühafizə orqanlarında sonuncu xidmət keçdiyi (işlədiyi) struktur bölmənin funksiyalarının Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və ya Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən həyata keçirilməsi nəzərə alınır.
Bu Qərarda “müvafiq qərarlar” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin bənddə nəzərdə tutulan hərbi qulluqçuların vəzifə (tarif) maaşlarının məbləğlərini təsdiq edən qərarları başa düşülür.
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.