2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda günəş elektrik stansiyasının tikintisi üzrə müqavilələr imzalanıb

Azərbaycan Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Müqavilələri Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov və “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev, “Masdar” şirkəti tərəfindən isə baş icraçı direktor Mohamed Jameel Al Ramahi imzalayıb.

Energetika Nazirliyindən verilən məlumata görə, energetika naziri Pərviz Şahbazov xarici investisiya əsaslı bu layihəni qlobal çağırışlara, ölkə iqtisadiyyatının dayanıqlı və şaxələndirilmiş inkişafı, eləcə də energetika sektorunda aparılan islahatların məqsədlərinə cavab verməsi aspektində qiymətləndirib: “Növbəti 10 il ərzində bərpa olunan enerji mənbələrindən geniş istifadə etməklə Azərbaycanın “yaşıl artım” ölkəsinə çevrilməsi dövlət başçısı İlham Əliyev tərəfindən sosial-iqtisadi inkişafı təmin edəcək Milli Prioritetlərdən biri kimi müəyyənləşdirilib. Təxminən, 200 mln. ABŞ dolları dəyərində günəş elektrik stansiyası üzrə bu müqavilələri imzalamaqla bərpa olunan enerji və karbon emissiyaları ilə bağlı hədəflərimizə daha bir addım yaxınlaşırıq. Bakı şəhəri və Abşeron rayonunda tikiləcək günəş elektrik stansiyası, təxminən, ildə 500 milyon kVt-saat elektrik enerjisinin istehsalına, 110 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının azaldılmasına, yeni iş yerlərinin yaradılmasına, eyni zamanda digər investorların yeni layihələrə cəlbinə yol açacaq“.

Tədbirdə BƏƏ-nin sənaye və yüksək texnologiyalar naziri, “Masdar” şirkətinin idarə heyətinin sədri Sultan Ahmed Al Jaberin və enerji və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzruinin videomüraciətləri təqdim edilib. BƏƏ-nin sənaye və yüksək texnologiyalar naziri, “Masdar” şirkətinin idarə heyətinin sədri Sultan Ahmed Al Jaber deyib: “BƏƏ “Masdar” şirkəti vasitəsilə dünyanın 30-dan çox ölkəsi ilə bərpa olunan enerji sahəsində 11 QVt-lıq gücə malik layihələr üzrə əməkdaşlıq edir. Bu gün biz Azərbaycanda bərpa olunan enerji sahəsində ilk layihəmizə başlamaqdan qürur duyuruq. 230 MVt gücündə sənaye miqyaslı günəş enerjisi layihəsi ilə tərəfdaşlığımız yalnız təmiz enerji hədəfinə nail olmayacaq, həmçinin bilik, bacarıq və iş yerləri yaratmağa kömək edəcək”.

Enerji və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzrui isə ölkəmizin bərpa olunan enerjinin inkişafı və istixana effekti yaradan qaz emissiyalarının 35% azaldılması ilə bağlı strategiyasının icrasında iştiraklarına yaradılan imkanlara görə ölkəsi və “Masdar” şirkəti adından Azərbaycan Respublikasının Prezidentinə təşəkkürünü çatdırıb: “Azərbaycan ilə “Masdar” arasında bu mühüm sənədlərin imzalanmasına gətirib çıxaran rəqabət və ədalətli proseslər vasitəsilə ən yeni texnologiyaların və münasib qiymətlərin cəlb edilməsinə nail olunub. Biz gələcəkdə daha çox layihə icra etməklə Azərbaycanla olan əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirik”.

Tədbirdə, həmçinin “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev də çıxış edərək, öz enerji təhlükəsizliyini təmin etməklə bərabər elektrik enerjisinin ixracatçısına çevrilən Azərbaycanın enerji istehsalını bərpa olunan enerji mənbələri vasitəsilə şaxələndirmə kursunda külək və günəş enerjisi üzrə pilot layihələrin mühüm əhəmiyyət daşıdığını bildirib: “İmzalanan müqavilələrə əsasən şirkət tərəfindən inşa ediləcək 230 MVt gücündə elektrik stansiyasının şəbəkəyə qoşulması və stansiyada istehsal olunacaq elektrik enerjisinin satın alınması “Azərenerji” ASC tərəfindən həyata keçiriləcəkdir. Elektrik stansiyası “Cənub” yarımstansiyasına qoşulmaqla enerji sisteminə inteqrasiya olunacaqdır. Biz birlikdə bu müqavilələrin vaxtında və yüksək səviyyədə icrasına nail olacağıq”.

“Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi isə Azərbaycanın bərpa olunan enerji sahəsində qəti addımlarla irəlilədiyini və belə layihələrlə dünyada iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verdiyini vurğulayaraq, “Masdar”ın bütün tərəflərə faydalı olacaq bu layihəyə tam dəstəyini ifadə edib: ““Masdar” şirkəti olaraq Azərbaycanda xarici investisiyalara və dövlət-özəl tərəfdaşlığına əsaslanan ilk günəş sənaye layihəsinin bir hissəsi olmaqdan, daha təmiz və davamlı elektrik enerjisi istehsalına aparan yolda fəal strateji tərəfdaşınız olmaqdan qürur duyuruq. Biz birlikdə mühəndislik simvolu olan, yeni iş yerlərinin yaradılmasına və ölkənin infrastrukturunda uzunmüddətli müsbət dəyişikliklərə səbəb olacaq və bütün regionun heyran qalacağı möhtəşəm bir layihə həyata keçirəcəyik”.

Xatırladaq ki, “Energetika sektorunda islahatların surətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamına uyğun olaraq bərpa olunan enerji sahəsinin inkişafı məqsədilə 10-a yaxın beynəlxalq enerji şirkəti, o cümlədən “Masdar” şirkəti ilə əməkdaşlıq edilərək, şirkətlərin investisiya layihələri ilə bağlı təklifləri hərtərəfli şəkildə təhlil olunmuş və yüksək rəqabət və şəffaflıq mühitində üç mərhələdə seçim prosesi həyata keçirilmişdir. Seçim prosesinin nəticəsinə müvafiq olaraq Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə 2020-ci ilin 9 yanvar tarixində bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanmışdır. İcra müqaviləsi üzrə 230 MVt gücündə günəş elektrik stansiyasının reallaşdırılması ilə bağlı məsələlərin icrası da “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 dekabr 2019-cu il tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın fəaliyyəti çərçivəsində əlaqələndirilmiş şəkildə təmin edilir.

Son xəbərlər
Digər xəbərlər