Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci və 2022-ci illər üçün Azərbaycanda neft və digər maye karbohidrogenlərin gündəlik orta hasilatı üzrə proqnozlarını müvafiq olaraq 0,04 və 0,03 milyon barel artırıb.
Bu barədə qurumun iyul ayı üzrə hesabatında bildirilir.
Məlumata görə, hesabatda deyilir ki, Azərbaycanda maye karbohidrogen hasilatı növbəti illərdə müvafiq olaraq gündəlik 0,77 milyon barel və 0,80 milyon barel olacağı gözlənilir.
Hesabatda qeyd edilir ki, 2021-ci ilin ikinci rübündə bu ilin ilk rübünə nisbətdə Azərbaycanda qaz kondensat hasilatı isə gündəlik olaraq 0,19 milyon bareldən 0,13 milyon barelə düşüb.
Qeyd olunur ki, bu ilin may ayında Azərbaycanda maye karbohidrogenlərin hasilatı 9 ton artaraq gündəlik 0,72 milyon barelə çatdırılıb. İllik isə hasilatın həcmi 0,02 milyon barel artıb.
Eyni zamanda, Azərbaycanda may ayında aprel ayına nisbətən xam neftin hasilatı 0,01 milyon barel artaraq 0,59 milyon barelə çatdırılıb.
Belə ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən qaz-kondensat yataqlarında təbii qaz və kondensatın gündəlik orta hasilatı dəyişməyərək 0,13 milyon barel səviyyəsində saxlanılıb.
Qeyd edək ki, bu ilin iyun ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 705,1 min barrel olub. Bunun 610 min barelini xam neft, 95,1 min barelini isə kondensat təşkil edib.
Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin müvafiq iclaslarında qəbul edilmiş razılaşmalar çərçivəsində ölkəmizdə orta günlük xam neft hasilatının cari ilin iyun ayında 610 min barel, iyul ayında isə 620 min barel səviyyəsində saxlanılması müəyyənləşib.