8 C
Baku
Wednesday, October 30, 2024

35 yaşdan sonra iş tapmaq niyə qəlizləşir?

Fəxri Ağayev yazır…

Azərbaycanda əmək bazarında belə bir əfsanə dolaşır – orta yaşdan sonra insanların iş tapmağı çətinləşir. Şirkətlər tərəfindən verilən elanlara baxanda yaş məhdudiyyəti ilk baxışda görülür.

Şəxsi təcrübəm göstərir ki, əslində belə bir düşüncənin formalaşması əsassız deyil və şirkətlərin 35 yaş üzərində “təcrübəli” insanları işə alma istəməməsi əslində anlaşılandır.
Əksər hallarda isə orta yaş üzərində iş axtaranların iş tapa bilməməsi insanların karyeraları boyunca bu yaşa qədər diqqət etmədikləri, ancaq çox vacib 4 məqamla birbaşa əlaqəlidir.
Hesab edirəm ki, müəyyən qayda və prinsiplərə zamanında riayət edilsə, istənilən yaşda insanların əmək bazarında hər zaman yaxşı şansları var.

Şirkətlərin yaşlı mütəxəssislərin əleyhinə gətirdikləri əsas arqumentlər hansılardır? Mürəkkəb xasiyyət, fiziki və mənəvi enerjinin tam və ya qismən olmaması, zəif motivasiya, elastik olmama, inkişafa vaxt və enerji ayırma istəməmək, yeni və əsasən də, texniki və ya texnoloji məlumat üçün açıq olmamaq və ya onu gec mənimsəmək, daha gənc komandanın oyunçusu ola bilməmək riski.

Ancaq səbəblər daha dərindir və aşağıda əsas 4 məqamı qeyd etmişəm.

Komfort zonasında arxayınlaşmaq 

Bu gün iş tapmaqda çətinlik çəkən 35 yaş üzərində insanlar 5-8 il öncə seçdikləri istiqamət üzrə uğurla işləyirdilər və hətta yüksəlirdilər. Onlar nəyi nəzərdən qaçırıblar? Və nə zaman bu məqam diqqətlərindən yayınıb? Nə vaxt insan iş tapmağı çətinləşdirən gözəgörünməz xətti keçir?

Cavab hərkəsin bildiyi, ancaq çox nadir hallarda insanların özlərində gördüyü məqamdır – peşəkar həyatda komfort zonası.

İş həyatında ilk illərdə aktiv fəaliyyət göstərən və nəticədə uğur qazanan insanlar “artıq rahatam” deyə sakitləşirlər və əsl problemləri bu andan etibarən başlayır.

İş tapıb gündəlik öhdəlikləri öz axarına qoyduqdan sonra insanların müəyyən bir hissəsi şüuraltı rahatlaşır. Məhz bu andan, özünü təhlükəsizlikdə, komfort zonasında, peşəkar mağarada hiss etmək istəyi meydana gəldiyi zaman, problemlər başlayır. İşlərini gün ərzində 5-6 saata  bitirirlər deyə, geri qalan 1-2 saat zamanlarını sosial şəbəkələrdə oturmaqla keçirən insanlarla tez-tez rastlaşıram. Onlar bu tərz fəaliyyəti “yaxşı iş” adlandırırlar.

Nə etməli? 

Anlamaq ki, 10-15 il komfort zonasında olmaq gələcək karyeraya güclü zərbə deməkdir. Məhz komfort  “mağarasında” keçirilən illər ərzində yaranan tənbəlliyə meyillilik nəticəsində həmin mağaranın divarlarının insanın üzərinə çökməsinə səbəb olur.

İnkişafı dayandırmaq

Günümüzdə iş həyatı və demək olar ki, bütün sahələrdə peşəkar biliklər o qədər böyük sürətlə irəliləyir ki, hətta yarım il ərzində peşəkar baxımdan inkişafda passiv olduqda, insan geridə qalır.

35 yaşlı bir insan düşünün, 15 il öncə idarəçilik mövzusunda təhsil alıb. Özünü peşəkar təhsil baxımından idarəçi kimi hesab etsə də, keçən 15 il ərzində bu və digər əlaqəli sahələrdə o qədər yeniliklər var ki, öncəki biliklərə güvənərək işləmək ən azından ciddi deyil.

Buna əlavə olaraq, peşəkar inkişaf ancaq texniki biliklər deyil, həmçinin insanın karyera yüksəlişinə xüsusi peşə biliklərindən bəzən daha çox təsir edə biləcək bir çox “soft skill” adlandırılan əlavə bacarıqlar da nəzərdə tutulur. Məsələn, ünsiyyət qurmaq, təqdimat və özünü ifadə etmə, stressi kontrol altında saxlama, şəxsi effektivlik texnikalarını bilmək karyera inkişafında olduqca güclü katalizator rolu oynayırlar.

Nə etməli? 

Peşəkar inkişaf insanın həyatında ən az yemək qədər mühüm bir vərdiş olmalıdır. Öncə inkişaf planı qurulmalıdır. İxtisaslaşmış jurnal və məqalələr oxuyun. İnternetdə bunlar çoxdur.

Peşəkar inkişafınızı gündəlik prioritet məsələ edin. Əgər təlim, seminar, master-klasslara yazılmaq imkanınız yoxdursa, onları internetdə izləyin. Hər həftənin sonu özünüzə sual verin: son 7 gündə gələcəyim üçün nə etmişəm?

İş və şəxsi həyat arasında balansı itirmək

Yaşlı namizədlərin əleyhinə olan daha bir arqument onların hər bir sahədə aktivliklərinin azalması, həmçinin fiziki, psixoloji və emosional yorğunluğudur. Bu nə deməkdir? Yaş artdıqca, peşəkar həyatla birgə, şəxsi həyatda da iş və qayğılar artır: ailə, məişət, övladlar, iş. Öz vaxtını idarəetmə bacarığı olmayan və şəxsi effektivlik texnikalarını bilməyən insanın yorğunluq hissi aydan-aya artır. Və bu, özünü nəinki gündəlik həyatda, hətta müsabiqə zamanı belə büruzə verir: üz ifadəsi, danışıq tonu, temperament və davranış.

İllər boyu qidalanmanın keyfiyyəti və rejiminə diqqət etməyən, pis vərdişləri təşviq edərək, idmana vaxt ayırmayan insan öz orqanizmini zəiflədir. Məhz orta yaşda – aktivlik çox vacib olan həlledici dövrdə sağlamlıqla əlaqədar olan problemlər barədə siqnallar gəlməyə başlayır. Və buna psixoloji yorğunluğu da əlavə etsək, o zaman namizəd öz xarici görünüşü və psixoloji əhvalı ilə işəgötürənə aktivlik, dinamiklik və səmərəlik zəmanəti verə bilməz. Əksinə, yuxarıda qeyd olunanların nəticəsi olaraq, belə insanlar daha sakit işə qaçacaqlar, müştərilərə daha az diqqət yetirəcəklər, həmkarları ilə bir qədər səbirsiz olacaqlar. Təşkilatda problemlər isə bütün “bu bir az”ların toplusundan  yaranır.

Nə etməli?  

Çox sadə – sağlam həyat tərzi, idman, doğru qidalanma, fiziki aktivlik həyat tərzinə çevrilməlidir.

Netvorkinqi unutmaq

Sahəsindən asılı olmadan, əlaqələr bazası və peşəkar kontaktlar bilik və təcrübə ilə birgə hər peşəkarın ən vacib sərmayələrindən biridir. İllər boyu bir şirkətdə işləyirlər və bu şirkətdən kənar heç kimlə ünsiyyətdə olmurlar. Heç kim onları tanımır. Və onlar da özlərini tanıtmırlar. Hətta ən güclü, lakin tanınmamış mütəxəssis də özünü və biliklərini tanıtmasa, iş tapmaq çətin olar.

Nə etməli? 

Peşəkar əhatənin genişləndirilməsi aylıq planlamaya daxil edilməlidir və daimi bir fəaliyyət olmalıdır. Seminar, konfranslarda, müxtəlif biznes tədbirlərində iştirak etmək lazımdır. Misal üçün, özünüzə bir qayda müəyyən edin: ayda ən azı bir tədbirdə iştirak etmək. Bu tədbirlərdə maraqlı insanlarla tanış olun, vizit kartınızı təqdim edin və yaranmış münasibəti davam etdirməyə çalışın. Özünüzü xatırlatmaq üçün yeni tanışlarınıza bir gün sonra yazın, təşəkkürünüzü bildirin, bir fincan qəhvə arxasında yenə görüşmək  arzunuzu bildirin. Fikir və xəbərlərlə bölüşmək imkanının olması üçün mütləq müxtəlif peşəkar sahələrin cəmiyyətlərində iştirak edin. Əlaqələriniz, müntəzəm artırılması lazım olan çox mühüm kapitaldır.

Vəziyyətin belə olmasına görə məsuliyyəti kim daşıyır?

Peşəkar inkişafda geri qalmış insanların ən əsas şikayəti: şirkət mənim inkişafıma vəsait ayırmırdı. Bəli, ola bilər və bu normaldır.  Ehtimal var ki, şirkətin kadr hazırlığına ayıracağı büdcəsi yox idi. Bəs bu zaman nə etməli? Öz gələcəyinizi, maddi rifahınızı, karyeranızı şirkətin öhdəsinə buraxmaq olmaz.

Uzun zaman şirkətlərdə üst idarəçi olaraq işləyən insan kimi əminliklə qeyd edə bilərəm ki, bioloji və psixoloji yaş arasında böyük fərq var. Təcrübə toplayın, inkişaf edin, yeniliklərə meyilli olun, sağlamlığınızın qayğısına qalın, ruhən cavan qalın və qarşınızda heç bir maneə olmayacaq.

Karyera surfinqə bənzəyir

Bu gün dalğa üzərində olmağınız daim yüksəklikdə olacağınız anlamına gəlmir. Daim üzərinizə dalğalar gəlir – yeni işlər, tapşırıqlar, layihələr, böhranlar, tələb edilən fərqli bacarıq və biliklər. İndiki dalğanın üstündə ikən artıq növbətinin gələcəyini düşünməli, hazırlaşmalı və onu gözləməlisiniz.

Sakitləşdiyiniz və rahatlaşdığınız anda, növbəti dalğa güclü zərbə ilə sizi dənizin dibinə salacaq.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər