Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin birinci yarısında penitensiar müəssisələrdə cəza müddətini başa vuran, tibbi və sosial yardıma ehtiyacı olan 3881 nəfər birdəfəlik müavinətlə təmin edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, onların hər birinin bank hesabına müvafiq qanunvericiliyə uyğun olaraq minimum əməkhaqqının dörd misli qədər, yəni 520 manat birdəfəlik müavinət ödənilib.
Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olan şəxslərin bu müəssisələri tərk etdikdən sonra əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə hazırlığına cəlb olunması işləri də davam etdirilir. Bu ilin yanvar-iyun aylarında ayrı-ayrı penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan 167 nəfər üçün peşə hazırlığı kursları təşkil olunub. Həmin müəssisələrin nəzdindəki peşə məktəblərinin bazasında təşkil olunan kurslarda elektrik-qaz qaynaqçısı, tornaçı, avtomobillərin təmiri üzrə çilingər, aşpaz köməkçisi, dülgər və xarrat peşələri öyrədilib.