8 C
Baku
Friday, March 29, 2024

4 ölkənin Ali Audit Qurumları birgə Anlaşma Memorandumu imzalayıb

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində “BMT-nin 2030-cu il Gündəliyinin məqsədlərinin nail olunmasına nəzarət üçün Şərq Tərəfdaşlığı ölkələrində Ali Audit Qurumlarının potensialının gücləndirilməsi” layihəsinin açılış toplantısı keçirilib.

Hesablama Palatasından “Report” Agentliyindən verilən məlumata görə, toplantıda palatanın sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Layihənin açılış mərasimində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Gürcüstan Dövlət Audit Ofisinin rəhbəri Erekle Mekvabişvili, Ukrayna Hesablama Palatasının sədri Valeriy Patskan, Belarusun Dövlət Nəzarət Komitəsinin sədrinin müavini Aleksandr Kurlipo, GİZ təşkilatının və Almaniyanın Gürcüstandakı səfirliyinin rəsmi şəxsləri çıxış ediblər.

Almaniya Beynəlxalq İnkişaf Təşkilatının “BMT-nin 2030 gündəliyinin məqsədlərinə nail olunmasına nəzarət etmək üçün Şərq Tərəfdaşlığı ölkələrinin Ali Audit Qurumlarının potensialının gücləndirilməsi” layihəsi Şərq Tərəfdaşlığı ölkələri arasında qanunvericilik bazası, maliyyə, uyğunluq və səmərəlilik auditi metodologiyaları sahəsində görüşlərin, seminarların, təlimlərin və Ali Audit Qurumlarının (AAQ) əməkdaşlarının təcrübə mübadilələrinin, habelə paralel səmərəlilik auditlərinin aparılmasını nəzərdə tutur.

Layihə AAQ-ların potensialının gücləndirilməsinin vacibliyini nəzərə alaraq, Şərq Tərəfdaşlığı ölkələrində əsaslı dövlət maliyyə idarəetməsi, şəffaflıq və hesabatlılıq sahələrinə daha çox töhfə vermək sahəsində bilik və təcrübə mübadiləsinin aparılması məqsədini daşıyır. Cari ildə layihə ilə nəzərdə tutulmuş silsilə tədbirlər sırasında Gürcüstanın Tbilisi şəhərində “Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Proqramı”nın icrası üzrə Cənubi Qafqaz regionunda müvəffəqiyyətlə tətbiq olunan yanaşmaları, nəticələri və çətinlikləri nümayiş etdirmək və paylaşmaq üçün forum, həmçinin maliyyə auditinə dair təlim, eyni zamanda Ukraynanın Kiyev şəhərində səmərəlilik auditinə dair təlim-seminar keçirilib.

Tədbirin sonunda qeyd edilən istiqamətlərdə əməkdaşlığı gücləndirmək məqsədilə Azərbaycan, Belarus, Gürcüstan və Ukrayna AAQ-larının nümayəndə heyətlərinin rəhbərləri birgə Anlaşma Memorandumu imzalayıb.

Son xəbərlər
Digər xəbərlər