İşğal dövründə Qarabağda yerləşən dağ-mədən sənayesinə aid müxtəlif yataqlarda olan ehtiyatların istismarı və satışı qanunsuz olduğundan əksər hissəsi Ermənistana göndərilərək oradan xarici ölkələrə “Made in Armenia” kimi etiketlənərək ixrac edilib. Bu yataqlar eyni zamanda Qarabağda yaşayan erməni əhalinin ümumi işçi qüvvəsinin 7%-inin məşğulluğunu təmin edib. Qarabağda bu mədənlərdə işləyən şirkətlərin ödədiyi vergilər orada olan qondarma rejimin büdcə gəlirlərini formalaşdıran əsas mənbələrdən idi.
Banker.az bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə istinadən xəbər verir.
Mərkəzin təqdim etdiyi arayışda bildirilir ki, Qarabağda olan yataqların sahiblərinin fəaliyyət göstərdiyi ölkələrin Ermənistanın ixracında əsas paya sahib olması da təsadüfi deyildi. Qarabağdakı ən böyük yataqları istismar edən şirkətlərin sahibləri Rusiya və İsveçrədə fəaliyyət göstərən sahibkarlar idi və bu ölkələr həm də Ermənistanın ixracatında ən çox paya sahib olan ölkələrdir.
Ermənistanın ixracatında ən böyük paya malik olan məhsul növü mis filizləridir. Misin ixracı 2019-cu ildə 627 milyon dollar həcmində olub və 2020-ci ildə 618 milyon dollara qədər (2%) azalıb. Qızıl ixracda ikinci ən böyük paya malik olan məhsuldur və onun ixrac həcmi 2019-cu ildə 224 milyon dollar olduğu halda, 2020-ci ildə 13% artaraq 255 milyon dollara çatıb. Misin ümumi ixracda payı 2019-cu ildə 23.7%, 2020-ci ildə isə 24% olub. Qızılın ixracda payı 2019-cu ildə 8.5%, 2020- ci ildə isə 10.1% olub. Molibden filizlərinin ixracda payı 2019 və 2020- ci illərdə müvafiq olaraq 5% və 4.1%, alüminium məhsullarının payı isə hər iki ildə 3.8% səviyyəsində olub. Əsas mədən sənayesi məhsullarının Ermənistanın ixracında ümumi payı 2019-cu ildə 41%, 2020-ci ildə isə 42% təşkil edib. Bütün qiymətli və yarı-qiymətli metalları, o cümlədən bütün filiz məhsullarını nəzərə alsaq o zaman 2020-ci ildə mədən sənayesi məhsullarının Ermənistanın ixracında payının 52% olduğunu görərik.
Ümumilikdə, 2019-cu ildə qondarma rejimin ixracının həcmi 283 milyon dollar olub ki, bunun da 60%-dən çoxu Ermənistana, 30%-dən çoxu isə Rusiyaya ixrac edilib. İxracda əsas yeri mineral-faydalı qazıntılar və qiymətli metallar tutub. Qarabağda olan ən gəlirli yataqlardan biri Kəlbəcərdəki Söyüdlü qızıl yatağı (ermənilər Sotk adlandırırdı) işğal dövründə “GPM Gold” şirkəti tərəfindən istismar edilib. Bu yataqda 1654 nəfər çalışıb və “GPM Gold” tərəfindən Ermənistan büdcəsinə ödənilən vergilərin həcmi 2020-ci ildə 58 milyon dollar olub. 2019-cu ildə Söyüdlü yatağından əldə edilən ümumi gəlirlər isə 126 milyon dollar olub ki, bu da “GPM Gold”un ən çox gəlir əldə etdiyi il olub. Şirkətin məlumatlarına görə, 2018-ci ildə Söyüdlü yatağından 3.7 ton qızıl əldə edilib və yatağın daha 18 il istismar müddəti var. 44 Günlük Müharibədən sonra isə yatağın fəaliyyəti dayanıb.
Ən gəlirli yataqlardan biri – Zəngilanda yerləşən və 6.5 ton qızıl ehtiyatına malik olan Vecnəli qızıl yatağı “Gold Star” şirkəti tərəfindən istismar edilirdi və bu şirkət 2019-cu ildə qondarma rejimin 4-cü ən böyük vergi ödəyicisi olub.
Qarabağda mövcud olmuş qondarma rejimin ən böyük vergi ödəyicisi olan “Base Metals” şirkəti isə Dəmirli mis və molibden yatağını və keçmiş Ağdərədə rayonunun ərazisində yerləşən Qızılbulaq mis və qızıl yatağını istismar edib. Bu şirkət təkcə 2019-cu ildə 38.5 milyon dollar vergi ödəyib. Qızılbulaq yatağının istismar müddəti demək olar ki, bitmək üzrədir və 2009-2017-ci illər ərzində ermənilərin bu yataqdan qanunsuz olaraq əldə etdiyi gəlirlərin həcmi 178 milyon dollar olub. Dəmirli yatağında isə 100 milyon ton molibdenin olduğu proqnozlaşdırılıb. “Base Metals”ın aid olduğu “Valleks Qrupu”-nun məlumatlarına əsasən şirkət Dəmirli yatağına 250 milyon dollar həcmində investisiya yatırıb və yataqda 1500 işçi işləyib. Müharibə nəticəsində hər iki yatağın fəaliyyəti dayanıb.
Laçın rayonu ərazisində ümumi ehtiyatları 1124 ton olan Narzanlı, Çilgəzçay və Sarıbulaq adlı civə yataqları, ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı yataqları, ehtiyatları 2533 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı yataqları, mişar daşı istehsalına yararlı 2 tuf, 2 əlvan bəzək daşı, vulkan külü və digər yataqlar mövcuddur.
Beləliklə, müharibə nəticəsində Azərbaycanın öz torpaqlarını qaytararaq Qarabağda olan mədən sənayesi ehtiyatlarının qanunsuz istismarına son qoyması yaxın gələcəkdə Ermənistan iqtisadiyyatına, xüsusilə də mədən sənayesi məhsullarının ixracına əsaslı şəkildə təsir edərək maliyyə gəlirlərinin azalmasına səbəb olacaq. Bu həm də Ermənistanın xarici iqtisadi əlaqələrinin də zəifləyəcəyi anlamına gəlir.