“€1,9 mlrd. mövcud deyil”: Wirecard-ın iflası, Payoneer və digər xidmətlərin bloklanması

Wirecard fintex startapının iflası tərəfdaşlar, müştərilər və investorlar üçün gözlənilməz hadisə oldu: şirkətin dəyəri çökdü və kreditorlar 3 milyard avronu necə geri alacaqlarını bilmirlər. 

Wirecard – Avropanın ən böyük maliyyə məhsulu və xidmət təminatçılarından biridir: provayder fiziki və virtual kartlar buraxır, elektron və mobil ödənişləri emal edir, o cümlədən risklərin idarə edilməsində iştirak edir. 

Financial Times-ın verdiyi məlumata görə, əvvəllər Wirecard onlayn qumar oyunların ödənişlərini emal edirdi, 2006-cı ildə isə digər maliyyə xidmətlərini inkişaf etdirməyə başladı. 

Gəlirlərin sürətlə böyüməsi, şirkətlər və xidmətlərin elektron ödəmələrə keçid etməsi nəticəsində 2018-ci ildə Wirecard Almaniyanın ən böyük maliyyə təsisatına çevrildi. Onun bazar kapitalı 24 milyard dollar təşkil edirdi ki, bu da Deutsche Bank Commerzbank kimi nəhəng kreditorları geridə qoydu. 

2018-ci ilin sonunda Wirecard  280 mindən çox şirkət ilə əməkdaşlıq edirdi. Onlar sırasında Revolut, Tencent (WeChat Pay), Payoneer, Rakuten, Apple, Visa, MasterCard, China UnionPay və digərləri misal çəkmək olar. 2018-ci ildə Wirecard-ın səhmləri üç qat artdı və xidmətin illik gəliri 2,1 milyard dollara çatdı. 

Lakin bir il yarımdan sonra FT araşdırması nəticəsində tənzimləyicilər və auditorlar Wirecard-ın onları aldatdığını başa düşdülər: şirkət daha çox pul cəlb etmək üçün hesabatları saxtalaşdırırdı, milyardlarla avro kredit götürürdü. 

Bütün bunlar 28 milyard dollar dəyərində qiymətləndirilən və Almaniyanın DAX indeksində ən yaxşı 30 şirkətin siyahısına daxil olan fintex startapın iflasına səbəb oldu. 

Eyni zamanda, istintaq Wirecard-ın tərəfdaşlarına da təsir göstərdi. Məsələn, xarici şirkətlərlə işləyən Payoneer-in hesabları bloklandı. 

İstintaq

2019-cu ilin yanvarında Financial Times qəzeti Wirecard-ın Asiya biznesində hesabatların saxtalaşdırılmasını və çirkli pulların yuyulmasını ifşa edən üç hissəli məqalə nəşr etdi. Nəşr Wirecard-ın müştərilərlə bağladığı müqavilələri saxtalaşdırdığı və gəlirlərini bilərəkdən şişirdərək törəmə müəssisədən digərinə köçürməsi qənaətinə gəldi. Almaniyada yerləşən baş ofisdəki iki top menecer bu manipulyasiyalar barədə məlumatlı idilər, FT iddia edir. Wirecard-ın daxili araşdırma aparmaq üçün işə götürlən R&T hüquq firması da manipulyasiya əlamətlərini aşkarladı. 

Wirecard bütün ittihamları rədd etmək yolunu seçdi. Onlar ittihamları “yalan və mənasız” adlandırdılar və hətta FT qəzetini məhkəməyə verdilər. Wirecard nümayəndələrinin sözlərinə görə, Financial Times qəzeti və investorlar səhmlərin qiymətini aşağı salmaq məqsədilə əvvəlcədən sövdələşiblər. 

Almaniyanın BaFin tənzimləyicisi Wirecard-ın tərəfini tutdu və potensial manipulyasiyalar ilə əlaqədar istintaqa başladı. Bundan əlavə, BaFin iki ay müddətində səhmlərin qiymətini məqsədli şəkildə aşağı salmağı qadağan etdi ki, bu da alman fond bazarının tarixində indiyədək görünməmiş bir tədbir idi. 

Wirecard ittihamları rədd etməyə davam etdi və hətta məsələni araşdırmaq üçün KPMG auditorunu işə götürdü.

Və KPMG araşdırdı. Bu ilin aprel ayının sonunda yayımlanan 60 səhifəlik detallı hesabatda Wirecard-ın FT qəzetinin ittihamlarını təkzib etmək üçün kifayət edəcək qədər məlumat toplaya bilmədiyi göstərilirdi. 

2020-ci ilin iyun ayında Wirecard şirkəti Commerzbank və digər kreditorlarla müqavilə şərtlərini pozmamaq üçün 2019-cu ilin maliyyə nəticələrini təqdim etməli idi. Lakin onun əsas auditoru (EY) bu hesabata dair rəyini 2019-cu ilin aprel ayından iyunun əvvəlinə, sonra isə daha iki həftəyə təxirə saldı. 

Daha əvvəl şirkət bu pulun Filippindəki iki bankda etibarlı şəxslərin hesablarında olduğunu bildirmişdir, lakin ölkənin Mərkəzi Bankı vəsaitin sistemdə olmadığını, BDO Unibank və Filippin Bankının Wirecard ilə əməkdaşlıq etmədiyini açıqladı.

Gün ərzində şirkətin səhmləri 65% ucuzlaşdı, kapitallaşması isə 2,4 milyard avroya düşdü. 

İyunun 19-u Wirecard-ın icraçı direktoru Markus Braun istefa verdi, iyunun 22-i isə hesabatların saxtalaşdırılması və maliyyə manipulyasiyalarının həyata keçirilməsi işində ittiham olunaraq həbs edildi. 

İyunun 22-i Wirecard-ın idarə heyəti 1,9 milyard avronun heç vaxt mövcud olmadığını elan etdi və maliyyə nəticələrini geri götürdü. İyunun 25-i şirkət iflas üçün iddia qaldırdı, iyunun 29-u isə səhmlərin dəyəri 99% – 104 avrodan 2 avroya düşdü.

Ümumilikdə şirkətin kreditorlara 3,2 milyard avro borcu var idi: məsələn, o, kredit xətti üzrə 1,75 milyard avro borc götürürdü, 500 milyon avroya istiqraz satırdı, 900 milyon avroya isə qiymətli kağız buraxırdı. 

Niyə Payoneer və Wirecard-ın digər tərəfdaşları problemlərlə üzləşdi?

İyunun 26-ı İngiltərənin Financial Conduct Authority (FCA) maliyyə tənzimləyicisi Wirecard-ın Card Solution törəmə şirkətini bağladı. 

Buna görə müştərilər Wirecard-ın xidmət etdiyi hesab və kartlardan pul çıxarmaq imkanını itirdilər. Onlar sırasında Payoneer ödəniş sistemini, Pockit, Crypto.com, Boon, CardOneMoney, Ann Money Curve və digər xidmətləri misal göstərmək olar. 

Payoneer – MDB məkanında frilanserlər, sahibkarlar və onlayn satıcıların istifadə etdiyi ən məşhur ödəniş sistemidir. Onun vasitəsilə müştərilər amerikan servislərdən pul çıxarmaq imkanını əldə etmiş olurlar. 

Qeyd edək ki, Payoneer-in köməyi ilə UpWork, ShutterStock, GettyImages, AmazonAirbnb kimi platformalardan gəlir əldə etmək mümkündür. 

Wirecard Card Solution xidmətinin bloklanması yalnız debet kartlara təsir göstərdi, çünki hal-hazırda Payoneer hesabı yalnız məxaric üçün əlçatandır. 

Tərəfdaşların işə qayıtması

İyunun 29-u ingilis tənzimləyicisi FDA-nın müraciəti ilə Wirecard Card Solution xidmətinin yenidən işə başlamasına icazə verdi. 

Payoneer auditin tamamlandığını və xidmətin yenidən fəaliyyətə başlayacağını təsdiqlədi: iyunun 30-dan etibarən kartdan pul çıxarmaq və onlayn mağazalarda alış-veriş etmək, iyulun 6-dan isə vəsaiti yerli bank hesabına köçürmək mümkün olacaq. 

Bununla yanaşı, şirkət etibarlılıq məqsədi ilə gələn pulları karta deyil, virtual hesaba köçürəcəyini və yeni emitent axtaracağını bildirir. 

Anna Money müştərilərə 30 iyun tarixinə qədər hesabları açacağına söz versə də, xidmətə yükü azaltmaq üçün köçürmələrin miqdarını müvəqqəti olaraq məhdudlaşdırır. 

Şirkət vurğulayır ki, xidmətin maliyyə bazarındakı böhranlara qarşı daha dayanıqlı olması üçün o bir deyil, bir neçə provayder və emitent ilə əməkdaşlıq edəcək. 

Curve-yə gəldikdə, şirkət tənzimləyicinin qərar verməsini gözləmək istəmir və iyunun 27-dən etibarən yeni platformaya keçir: xidmət emitentini dəyişdi, ödəniş və köçürmələri emal edəcək ekvayer kimi isə Chekout.com startapını işə saldı. 

Xatırladaq ki, iyunun 30-dan etibarən Curve xidməti  Wirecard-dan tamamilə azaddır: müştərilər rahatlıqla kartlardan istifadə edə bilərlər. Gələcəkdə Apple Pay, Samsung Pay, Google Pay, GarminFitbit kimi servislərin istifadəyə verilməsi planlaşdırılır. 

İflasdan sonra Wirecard-ın aqibəti

Reuters-in verdiyi məlumata görə, şirkət maliyyə hesabatlarını saxtalaşdıraraq, gəlirlərini 2/3 qədər artıq göstərdi. Bu o deməkdir ki, Wirecard bütün borclarını ödəyə bilməyəcək və bir çox hüquqi problemlərlə üzləşəcək. 

Münhen prokurorluğu Wirecard rəhbəri Markus Braunun işini araşdırır. Şirkətin keçmiş əməliyyat direktoru Yan Marsalek də şübhə altındadır və Ədliyyə Xidmətinin ehtimalına görə hal-hazırda o, Filippindədir. 

İyunun 27-i şirkətin Wirecard AG şöbəsi maliyyə problemlərinə baxmayaraq fəaliyyətini davam etdirəcəyini açıqladı. Onun sözlərinə görə, işin davam etdirilməsi “kreditorların maraqlarına cavab verir”. 

Qeyd edək ki, bu məsələlərdən kənarda qalan digər şöbələrdən biri də  Wirecard Bank-dır. Hazırda bu bankda 1,4 milyard avro dəyərində depozit saxlanılır və o, tənzimləyici BaFin-nin nəzarəti altındadır. 

Wirecard səhmlərinin çökməsi SoftBank holdinqini gəlirindən məhrum etdi, çünki 2019-cu ilin aprelində bu şirkət startapa 1 milyard dollara yaxın sərmayə qoymuşdur. Financial Times-ın qiymətləndirmələrinə görə, SoftBank “yüz milyonlarla gəlir” itirmiş oldu. 

Ümumiyyətlə, bütün kreditorlar 3,5 milyard avroya qədər itirə bilərlər. 

Şirkətin Wirecard North America şöbəsi avtonom rejimdə fəaliyyətini davam etdirəcək və hazırda alıcı axtarır. 

Bloomberg-in verdiyi məlumata görə, Wirecard ilə yaşanan qalmaqaldan sonra Almaniya hökuməti maliyyə şirkətlərinin tənzimlənməsinə yenidən baxacaq. 

Məsələn, BaFin daha çox səlahiyyət alacaq və şirkətlərin auditi sahəsində istintaq işini aparmaq hüququna malik olacaq. 

Wirecard-ın qurbanlarından biri də Ernst&Young olmuşdur. Şirkətin açıqlamalarına görə o üç il ərzində Wirecard-ın bank hesablarını yoxlaya bilmirdi və bu, həmin şirkətin etibarlı olub-olmaması məsələsini sual altına salır.