28 C
Baku
Saturday, July 27, 2024

“5-6 aya manatın məzənnəsində sabitləşmə baş verəcək”

5-6 aya manatın məzənnəsində sabitləşmə baş verəcək. ANS PRESS-ə müsahibəsində bu barədə “3-cü baxış” beyin mərkəzinin rəhbəri Rauf Rəcəbov bildirib.
Ekspertin dediyindən belə başa düşülür ki, Azərbaycan Mərkəzi Bankı indən belə manatın məzənnəsinə qarışmayacaq, yəni kəskin devalvasiya baş verməyəcək və qiymət dəyişmələri kommersiya banklarının apardığı valyuta-alqı satqısı nəticəsində baş verəcək:

“Mərkəzi Bank tərəfindən həyata keçirilən devalvasiya texniki devalvasiyadır. Amma kommersiya banklarına da üzən məzənnə ilə valyuta alqı-satqısına icazə verilib. Buna görə də manatın məzənnəsində dəyişmə 5-6 ay da davam edəcək və sonra sabitləşmə baş verəcək. Düzdür, manat bu müddət ərzində bir qədər də ucuzlaşacaq, amma bu kəskin devalvasiya nəticəsində deyil, üzən məzənnə prosesində baş verəcək”.

Rauf Rəcəbovun fikrincə, hökumətin atdığı bir çox addımlar manatın sabitləşməsinə imkan yaradacaq. O, belə tədbirlərdən biri kimi malların gömrük nəzarətindən keçidinə tətbiq edilən sadələşdirməni göstərib: “İdxal və ixrac əməliyyatları zamanı mallar sərhədi sürətlə keçməlidir. Bu, ixrac etdiyimiz malları və uyğun olaraq ölkənin neftdən kənar valyuta gəlirlərini artıracaq”.

Ekspert bildirir ki, müəyyən müddətdən sonna əhalidəki valyuta ajiotajı da keçib gedəcək: “Adamlar anlayacaq ki, cari xərcləmələr üçün evdə olan beş-altı yüz manatı dollara dəyişib saxlamağa ehtiyac yoxdur. Yəni valyuta yalnız xaricdən mal idxal edən iş adamlarına lazım olacaq”.

Beləliklə, dünya bazarında neftin qiymətinin aşağı düşməsinin Azərbaycan manatına təzyiqi bir neçə aydan sonra zəifləyəcək. Bu fikir maliyyə bazarlarının analitik tədqiqatı ilə məşğul olan “Standard & Poor’s” (S&P) (Amerika) şirkətinin bu günlərdə açıqladığı hesabatda vurğulanır. S&P-nin məlumatına görə, 2015-ci ildə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM real ifadədə 2,5% artıb. S&P Azərbaycanın ÜDM-nin bu ilki taleyi barədə də müsbət proqnoz açıqlayıb. Şirkətin fikrincə, 2016-cı ildə Azərbacanın ÜDM-i 2% artacaq.

Amma analitik tədqiqat şirkətinin digər MDB ölkələri üçün proqnozları elə də ürəkaçan olmayıb. S&P analitiklərinin fikrincə, Rusiya və Azərbaycanla yanaşı MDB ölkələri içərisində ən yüksək reytinqə malik Qazaxıstanın göstəriciləri nisbətən aşağı olacaq. Qazaxıstan ÜDM-nin 2015-ci il üçün artımı S&P-nin versiyasına görə, 1% olub və 2016-cı il üçünsə 1,8% olacaq.

Rusiyanın ən yaxın tərəfdaşı Belarus üçün isə S&P həm 2015-ci il, həm də 2016-cı il üzrə mənfi göstəricilər təqdim edib. Analitika şirkətinin fikrincə, keçən il Belarusun ÜDM-i real ifadədə 3,9% azalıb, bu ilsə 1% azalacaq. “Standard & Poor’s” bu azalmanı Belarusun əsas satış bazarı olan Rusiyada neft qiymətlərinin düşməsindən sonra yaşanan böhranla əlaqələndirib. Böhran nəticəsində Belarusda istehsal edilən xalq istehlak mallarına Rusiyada tələb azalıb.

Son xəbərlər
Digər xəbərlər