“Yeni tədris ilindən ali təhsil müəssisələrində ilk dəfə olaraq SABAH qrupları fəaliyyətə başlayıb. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi tədrisini yeni qruplarda davam etdirəcək”.
Bu barədə redaksiyamıza Təhsil Nazirliyinin İnformasiya şöbəsindən məlumat verilib. Bildirilir ki, ötən dərs ilində ilk dəfə olaraq Bakı şəhərinin ümumtəhsil məktəblərində çalışan 28758 müəllimin 20 fənn üzrə sınaq qiymətləndirilməsi həyata keçirilib. Sınaq qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq növbəti maliyyə ilindən müəllimlərin əmək haqlarında dəyişiklik olması nəzərdə tutulur. Yaxın gələcəkdə sınaq qiymətləndirilməsi ölkəmizin bütün regionlarını əhatə edəcək.
“2014-2015-ci tədris ilindən müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma proqramı həyata keçirilib. Belə ki, müəllimlik ixtisasını öz arzusu ilə seçən və yüksək balla qəbul olunan gənclərə xüsusi imtiyazlar tətbiq edilib. İlk dəfə olaraq ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayan, birinci və ikinci sırada müəllimlik ixtisaslarını göstərərək qəbul olunan 300 nəfər tələbəyə hər ay 100 manat həcmində əlavə təqaüd müəyyənləşdirilib. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması, strateji idarəetmənin tətbiqi, təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi kimi hədəflər müəyyənləşdirilib. Həmin hədəflərə nail olunması istiqamətində ilk dəfə olaraq məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların peşəkarlıq səviyyəsinin artırılması üzrə yeni mexanizmin tətbiqinə başlanılıb. 547 nəfər pedaqoji kadr müsabiqədə iştirak etmək üçün müraciət edib, 3 mərhələli müsabiqə mexanizmi əsasında 50 nəfər seçilib və təlimlərə cəlb olunub. Təlimlərin məqsədi peşəkar kompetensiyalara və idarəetmə bacarıqlarına malik məktəb rəhbərlərinin hazırlanması və rəhbər vəzifələrə təyin edilməsidir. Təlimlərdə uğur qazanmış şəxslərdən 15 nəfər Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant direktor vəzifəsinə təyin edilib. Yeni mexanizm daha da təkmilləşdirilərək geniş səviyyədə tətbiq olunacaq”, -deyə nazirlikdən bildirilib.
Qeyd olunur ki, “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsi və işə qəbulu Qaydaları”na müvafiq olaraq hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib. İş yerini dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə verib, yekun nəticəyə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanıb: “2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 1692 nəfər işə qəbul olunmuşdur ki, onlardan 1405 nəfərinə (83%) həvəsləndirmə tədbirləri tətbiq edilmişdir. Vakansiyaların tutulma səviyyəsi ötən dərs ilinə nisbətən 40 faiz artmışdır. Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq Nazirlər Kabinetinin qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli, 67 nömrəli qərarında dəyişikliklər edilmişdir. Qərara əsasən, dövlət sifarişi üzrə ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 (altmış) manat məbləğində kompensasiya veriləcək, rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə 3 il müddətində aylıq əmək haqqına ayda 100 (bir yüz) manat məbləğində əlavə ödəniləcəkdir. Qeyd etmək lazımdır ki, dəyişikliklərdən əvvəl həmin vəsaitlərin həcmi müvafiq olaraq 40 və 70 manat təşkil edirdi. Beləliklə, rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə veriləcək kompensasiya və əlavənin ümumi miqdarı 160 manat olacaqdır”.
Nazirliyin məlumatına görə, hazırda yeni işə başlayan müəllimin bir stavka (12 saat) dərs yükü üçün aylıq əmək haqqı 155 manat təşkil edir. Kompensasiya və stimullaşdırıcı tədbirlər də əlavə edilərsə, əmək haqqı 315 manat olacaqdır. Stavka artdıqca əmək haqqı da müvafiq olaraq artacaqdır: “Kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə, həmçinin yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım da ödəniləcəkdir. Qərarda əhəmiyyətli yeniliklərdən biri də ondan ibarətdir ki, 3 illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətinə kompensasiya və əmək haqqına əlavə ödəniləcəkdir. Müddətin uzadılması gənc mütəxəssislərin işlədikləri kənddə məskunlaşmasının təmin olunmasına xidmət edir. Aparılan təhlillər göstərir ki, gənc mütəxəssislərin bir hissəsi 3 illik müddət ərzində məskunlaşma imkanları yarada bilmədiklərinə görə müddət bitdikdən sonra iş yerlərini tərk edirlər”.
bizimyol.az