Qiymətlərin azalması daha çox təkrar mənzil bazarını əhatə etsə də, növbəti mərhələdə bu proses yeni tikililərdə də qaçılmaz ola bilər.
Ötən ildən başlayaraq Bakının daşınmaz əmlak bazarında ucuzlaşma qeydə alınmaqdadır. Qiymətlərin aşağı düşməsi prosesi zaman-zaman baş versə də, hal-hazırda nəzərəçapracaq dəyişikliklərin olduğu bildirilir. Mətbuatda gedən ən son məlumatlara görə isə bazar qiymətləri 15-20 min manat arasında aşağı düşüb. Mütəxəssislər bildirirlər ki, paytaxtda evlərin qiyməti ümumilikdə 18,5 faiz enib.
Bəs qiymətlərdəki azalma Bakının müxtəlif ərazilərində özünü necə göstərir? Bazardakı hazırkı vəziyyətlə bağlı bu sahədə alış-satış işində vasitəçi olanlarla (rieltor) söhbət apardıq.
“Mülkiyyət” MMC-nin eksperti Araz Əbdülkərimov Bakının Nərimanov rayonu ərazisində son 6 ay ərzində qiymətlərdə 20 faiz enmə olduğunu bildirdi. O, bu qiymət azalmasının ofis, obyekt, torpaq, ev və s. aid olduğunu dedi. Qeyd etdi ki, bazarda alıcılıq qabiliyyətində 70-80 faiz azalma var.
“Ötən ayla bu ay arasında 2500-3000 manat fərq var”
Əmlak məsələləri ilə məşğul olan Elbrus Bayramov isə mikrorayonlar üzrə qiymətlər haqqında məlumat verdi. Bildirdi ki, həmin ərazilərdə evlərdə 15-20 min manat enmə müşahidə olunur: “Əvvəl 80-85 min manata olan ev indi 60-65 min manat olub. Bu, hardasa 8 ay ərzində baş verib. Alıcı qüvvəsi yox dərəcəsindədir. Alıcı olmadığı üçün satış da aparılmır. Hər ay üçün qiymətlərdə azalma müşahidə olunur. Ötən ayla bu ay arasında qiymətlərdə 2500-3000 manat fərq var”.
E.Bayramov deyir ki, yeni tikililərdə qiymət ucuzlaşması çox cüzi olur. Yəni elə də nəzərəçarpacaq dərəcədə ucuzlaşma qeydə alınmır.
İlqar Əhmədov da qiymətlərdə enmə olduğunu, alıcının isə daha ucuz ev almaq istədiyini bildirdi: “8-ci km, Əhmədli ərazilərində əvvəllər 55-60 minə təklif edilən 1 otaqlı evlər 45-50 min manat arası olub. İkiotaqlılar isə 70-80 minə satılırdısa, indi 60-65 min olub. İndiki qiymətlərdən də ucuz almaq istəyirlər. 60 min manat pulu olan adamın almaq istədiyi ev 70 min manat olur. Bakıxanov qəsəbəsində də qiymətlərdə enmə var. Orada əvvəl 50-60 min manat arası olan birotaqlı evlər indi 40-45 minə düşüb. İkiotaqlılar 60-75 mindən 50-60 minə, üçotaqlılar 70-100 mindən 65-75 minə düşüb”.
İ.Əhmədov bildirdi ki, 8-ci km ərazisindəki təzə tikililərdə mənzillərin kvadratmetri 1000 manatdan 800-750 manata düşüb.
“Əslində bazarda elə də ucuzlaşma yoxdur”
Azərbaycan Rieltorlar Assosiasiyasının prezidenti Vəfadar Axundov isə bildirdi ki, əslində bazarda elə də ucuzlaşma yoxdur. Sadəcə olaraq, dolların məzənnəsi dəyişdiyi üçün belə bir görüntü var: “Əvvəlki məzənnə ilə müqayisə etdikdə 150 min manata ev alanda bu, 200 min dollar edirdi. İndi həmin evi 150 min dollara alır. Dollar fərqi ilə qiymət düşüb. 100 min dollar alırdılarsa, 78 min manat edirdi. İndi elə 78 min manata alırlar. Dollar nisbətində götürəndə faktiki qiymət enməsi yoxdur. Sadəcə olaraq, məzənnə dəyişikliyinə görə azalma olduğunu deyirlər. 120-130 minə qədər evlərdə qiymət o qədər də aşağı düşməyib. Bu gün əhali bahalı əmlak almağa risk etmir”.
“İdeal house” daşınmaz əmlak şirkətinin təsisçisi Əbil Canbaxşıyev 15-20 minlik qiymət azalması ilə bağlı fikirlərin doğru olmadığını bildirdi: “Şəhərdə bütün əmlaklarda 18-22 faiz arasında qiymət fərqi var. 15-20 min azalma ilə bağlı proqnoz vermək düzgün deyil. 100 minlik evdə 20 min manat enmə ola bilər. Bir milyonluq obyekt satanda qiymət 200 min düşür”.
Qiymət azalmasının səbəbləri
Mövzuyla bağlı fikirlərini bizimlə bölüşən iqtisadçı Samir Əliyev deyir ki, artıq ötən ildən başlayaraq mənzil bazarında qiymətlərdə azalma müşahidə olunur. Bu azalmanın isə iki səbəbi var: “Əsas səbəb odur ki, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Təklif nə qədər çox olsa da, tələb yoxdur. Bazarda alıcı olmamasının da iki səbəbi var. Burada ilk səbəb kimi Rusiya amilini qeyd etmək istəyirəm. Çünki Rusiyada işləyənlər gəlib bazardan mənzil alırdılar. İkinci səbəb isə bu gün baş verən iqtisadi proseslərdir. Bu tip hallar isə əhalinin alıcılıq qabiliyyətinə təsir göstərir. Bu iki amil ona gətirib çıxarır ki, əhalinin bazarda alıcılıq qabiliyyəti aşağı düşür. Üçüncü amil kimi devalvasiyanı göstərmək olar. Devalvasiya baş verdi və təbii ki, bu da təsirsiz ötüşmür”.
S.Əliyevin sözlərinə görə, bazardakı qiymət azalması prosesi davamlı olacaq. O zamana qədər ki, hər hansı ciddi bir hadisə, dəyişiklik baş versin. Bu dəyişiklik isə dünya bazarında neftin qiymətinin artması ola bilər: “Neftin qiyməti 70-80 dollar həddinə qalxsa, yenidən canlanma baş verə bilər. İkinci hadisə o ola bilər ki, Rusiyaya tətbiq edilən sanksiyalar aradan götürülsün. Nəzəri və reallaşma ehtimalı az olsa da, bu da bazara təsir göstərə bilər. Üçüncü əsas amil o ola bilər ki, dövlət tərəfindən hansısa bir ipoteka proqramı həyata keçirilsin. Düzdür, elə bir proqram var, amma ildə cəmi iki min insan ipotekadan yararlanır. Bu rəqəm isə bazara təsir göstərə bilməz. Əlavə vəsait cəlb etməklə il ərzində ipoteka əlçatanlığını hökumət tutaq ki, 5-10 minə qaldıra bilsə, düşünürəm ki, bu, bazara təsir göstərər və qiymətlər qalxa bilər. Əks halda bazarda hələ ki, qiymət artımının olacağını gözləmirəm”.
Kirayə verilən mənzillərdə kəskin ucuzlaşma yoxdur
İqtisadçı deyir ki, proseslər indiki kimi cərəyan etsə, qiymət azalması yeni tikililərdə də özünü göstərəcək: “Əvvəl qiymət ucuzlaşması demək olar ki, təkrar bazara təsir göstərirdi. Uzun müddətdir ki, yeni tikililərdə qiymət ucuzlaşması yoxdur, ya da çox cüzi şəkildə bir azalma olur. Əgər proseslər bu cür davam etsə, növbəti mərhələdə yeni tikililərdə qiymət ucuzlaşması baş verə bilər”.
Kirayə bazarında da qiymət ucuzlaşmasına dair məlumatlar var. Bildirilir ki, kirayə evlərdə əsasən tələbələr və gənc ailələr qalır. S.Əliyev bu barədə də danışdı. Bildirdi ki, Bakıda kirayə bazarını iki yerə bölmək olar: “Bir qrup insanların yaşayışı üçün olan, xüsusən aşağı və orta təbəqə üçün nəzərdə tutulan evlərdir. Söhbət 100-300 manata qədər olan intervaldan gedir. Biri də var iri və sahibkarlıq məqsədilə verilən kirayələr. Bura isə mağaza, ofislər və s. aiddir. Bu gün qiymət azalması sahibkarlıq məqsədilə verilən kirayələrdə müşahidə olunur. Xüsusilə mərkəzi küçələrdə bahalı obyektlərin ucuzlaşması baş verir. Əhali üçün olan kirayə evlərdə əhəmiyyətli ucuzlaşmadan danışmaq hələ ki, tezdir. Ola bilsin iş çətinliyi olduğundan müəyyən qədər rayona qayıdanlar da olsun. Hələ ki, yaşayış məqsədilə verilən mənzillərdə qiymətlərin kəskin ucuzlaşmasından danışmaq tezdir. Amma gələcəkdə bunu istisna etmirəm”.
kaspi.az