Yəqin ki, hər birimiz «Lester kodeksi» adını eşitdikdə özümüzə hüquq və yaxud təsərrüfat haqqında olan maraqsız bir kitab təsəvvür edirik. Lakin bu əlyazma planetdə ən bahalı əlyazmadır. Çünki bu Leonardo da Vinçinin qeydlər dəftəridir.
Da Vinçi dünyanı insan orqanizminin strukturunu təkrarlayan canlı bir orqanizm kimi təsvir edirdi. O, dünyanın qanının sular, cisminin torpaq, ruhunun isə hava olduğunu hesab edirdi. Dəftərdə da Vinçi şəxsi təəssüratlarını, düşüncələrini qeyd edib. Burada dahi şəxsiyyət çayda suların necə axdığı, ayın nəyə görə gecələr göründüyü haqqında fikirlərini yazıb. Həmçinin müxtəlif çertyojlar, rəsmlər, diaqramlar çəkib.
Əlyazma qraf Lesterin şərəfinə adlandırılıb. Qraf Lester bu əlyazmanı 1717-ci ildə əldə etmişdi. XX əsrin sonlarında neft maqnatı Armand Xammer qraf Lesterin nəticələrindən bu əlyazmanı alır. O zamandan etibarən kodeks Xammerin əlyazması adlanırdı. Lakin 1994-cü ildə incəsənət əsərini Bill Qeyts alır. Milyarder bu kitabı «Bill Qeytsin əlyazması» adlandıra bilərdi, lakin Bill Qeyts kitaba qədim tarixi adını qaytarmağa qərar verir. Qeyts yetərincə xeyriyyəçi bir şəxsdir. O, əlyazmanı məşhur sərgilərdə, muzeylərdə sərgiyə çıxardır.
Mütəxəssislərin hesablamalarına əsasən, əlyazmanın dəyəri 30 milyon dollar təşkil edir.