2 C
Baku
Saturday, December 14, 2024

Banklar əhalini soyurmu?

Müəllif: Aslan Həsənli ,Beynəlxalq pul və kredit münasibətləri üzrə MBA ,Kredit Mütəxəssisi

Son vaxtlar müşahidələrimdə bir məqam diqqətimi çəkir, bu sahədə məlumatı olan da olmayan da bildirir ki, banklar əhalini soyur, talayır və s. Bu haqda geniş, sistemli təhlildən  öncə bildirim ki, ilin əvvəllərində və əvvəlki illərdə həqiqətən bir çox bankda uyğunsuz – həddindən artıq yüksək faiz dərəcələri var idi (FİFD 40.6%-ə qədər). Amma Mərkəzi bankın bu il atdığı addımlar – istehlak kreditlərinin komisyon haqqının 1% həcmində təyin olunması və bütün kreditlər üzrə illik 29% (biznes kreditləri üzrə 25%) həddini keçməməsi haqqında qərarı – kredit bazarında daha ədalətli bir vəziyyətin yaranmasına şərait yaratdı. İstənilən halda bütün dövrlərdə müştərilər banklara kredit götürmək üçün təkidlə müraciət edir və bir çox halda kreditin şərtlərini təfərrüatlı öyrənmədən, kredit müqaviləsini oxumadan krediti rəsmiləşdirirlər. Müştərilər bilməli və anlamalıdır ki, kredit müqaviləsi ilə tanış olmaq , bütün detalları gözdən keçirmək və sonra imzalamaq lazımdır, çünki , kreditə dair bütün detalların(faiz dərəcəsi, ödəmə şərtləri,bankın öhdəlik və hüquqları, müştərinin öhdəlik və hüquqları) müqavilədə əks olunur.Banklar  müqavilə əsasında, qarşılıqlı razılıq ilə müştəriyə kredit ayırır və müqavilədən kənar banklar müştəridən heç bir tələb irəli sürə bilməz.Bir çox hallarda krediti götürüb xərcləyən zaman məmnun və xoşbəxt olan müştəri ödəmə zamanı gələndə bankları aşağılamağa, günahlandırmağa, ittiham etməyə başlayır ki, bu sadəcə absurddur.

Əvvəlcə onu aydınlaşdırmaq lazımdır ki, məlumatlı  əhalinin çox olduğu ölkələrdə iqtisadiyyatın inkişafı və böyüməsində ən vacib rollardan birini oynayır. Bu rol insanların həyata keçirmək istədiyi planları gerçəkləşdirmək üçün maliyyə dəstəyi verməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, məlumatlı əhalinin çoxluq təşkil etdiyi ölkələrdə insanların istehlak məqsədi ilə götürdükləri kreditlər məhduddur, çünki istehlak kreditləri əgər şəxsi istehlak üçün istifadə olunursa onun iqtisadiyyata faydası çox az olur və yeni bir dəyər yaratmır. Nəticədə uduzan əhali və ölkə olur. Bu səbəbdən kredit götürmək fikriniz olduqda zəruri ehtiyaclarınız yoxdursa və bir iş qurmağı, işinizi böyütməyi planlaşdırmırsınızsa çalışın bu fikirdən imtina edin. Lüks ehtiyaclarınız üçün çalışın daha çox yığım edin və bunu banklarda əmanət olaraq yerləşdirin bu həm sizə həm ölkə iqtisadiyyatına daha effektiv fayda verəcək.

Bankları ittiham edərkən – haqlı olduğunuz məqamlar ola bilər bunu istisna etmirəm – bankların aktiv olmadığı və zəif inkişaf etdiyi Azərbaycanı və ya başqa ölkəni təsəvvür edin, “sələmçilər”in at oynatdığı bir dövr sizcə daha yaxşı idimi? Banklardan borc almağın (kredit götürməyin) insanlardan borc və ya sələm almaqdan bir çox üstün cəhəti var, bunlar :

  •  Bankdan kredit götürən zaman kiminsə qabağında utanıb – sıxılmazsınız, banklar daima sizi dəyərli hiss etdirməyə çalışar
  •  Bankdan kredit götürdüyümüz zaman bütün mübahisəli hallar hüquqi müstəvidə həll olunar , heç kimlə şəxsi münasibətiniz korlanmaz
  •  Bankdan kredit götürən zaman aylıq ödənişləriniz bərabər və aylıq olar, ödəniş zamanı həm faiz həm də əsas borcunuz azalar, sələm götürən zaman isə faiz və əsas borc ayrı ödənilir, bu ödəniş qabiliyyətini aşağı salır və maliyyə vəziyyətinizi pisləşdirir
  • Banklar sizdən müəyyən ödəniş qrafiki üzrə ödənişlərizi etməyi tələb edər və qrafik kredit müqaviləsinin ayrılmz parçasıdır, qarşılıqlı razılıq olmadan dəyişdirilə bilməz, sələmçilər isə istənilən zaman borcun tamamı bir anda sizinlə razılaşmadan sizdən geriyə istəyə bilər
  •  Bankdan kredit götürən zaman əgər növbəti müddət ərzində maliyyə vəziyyətiniz pisləşərsə bunu banka bildirib krediti rekonstruksiya (müddəti uzatma, faizi aşağı salma, cərimə faizindən imtina etmə) etmələri üçün müraciət edə bilərsiniz amma sələmçilər sizin üçün bunu etməz
  •  Banklar illik faiz dərəcəsi ilə, sələmçilər isə aylıq faiz dərəcəsi ilə işləyirlər, yəni

Bankdan 1 il müddətinə illik azalan 18% dərəcəsi 1000 AZN üçün müddətin sonunda 100.82 AZN faiz ödədiyiniz halda , sələmçidən 1 il müddətinə aylıq klassik 6% ilə 1000 AZN borc götürdüyünüz halda hər ay üçün 60 AZN bir il müddətinə 720 AZN faiz ödəmiş olursunuz

Hal hazırda ölkədə banklardan verilən kreditlərin faiz dərəcələrinin nisbətən yüksək olduğunu hamı bilir, sadəcə faiz dərəcələrini digər ölkələr ilə müqayisə edərkən insanlar bəzi məsələləri qarışdırırlar. Belə ki, Türkiyə də daxil bir çox başqa ölkələrdə kreditlər üçün  illik faiz dərəcəsi 12 aya bölünərək reklam zamanı aylıq faiz ilə ifadə edirlər 1,5-2% kimi və bu insanlarda belə bir təəssürat yaradır ki, Azərbaycanda kredit 20%lə verildiyi halda digər ölkələrdə 2% ilə verilir. Məsələnin mahiyyəti isə illik faiz dərəcəsini illikmi yoxsa aylıqmı ifadə olunmasındadır. Əgər illik faiz dərəcəsi 20% olan krediti bizdə aylıq olaraq ifadə etsək 20/12=1,6% edir. Onda belə çıxır ki, Azərbaycanda kredit faizləri bir çox ölkələrdən daha azdır 🙂

 *FİFD – Faktiki illik faiz dərəcəsi yəni illik faiz dərəcəsi + bank komisyonu+varsa siğorta və digər xərclər

Son xəbərlər
Digər xəbərlər