Viktor Pelevin sayəsində dəb halına gələn bu ifadə, gözləntilərlə reallıq arasındakı hər hansı bir uyğunsuzluq olduğu zaman istifadə olunur – “mən çaşqın qalıram” və ya “mən ziddiyyət hiss edirəm” ifadələri ilə kifayətlənə biləcəyimiz anlar da daxil olmaqla. Lakin unutmayın ki, “koqnitiv dissonans hiss etdim” ifadəsinin arxasında hamının bilməli olduğu psixoloji nəzəriyyə dayanır. Bu nəzəriyyə 1957-ci ildə amerikalı psixoloq Leon Festinger tərəfindən, Kurt Levinin sahə nəzəriyyəsi və Frits Haderin struktur balansı nəzəriyyəsi əsasında hazırlanmışdır.
Onun yaranmasına səbəb 1934-cü ildə Hindistanda baş verən zəlzələ nəticəsində yayılan şayiələrin araşdırılması idi. Zəlzələdən təsirlənməyən ərazilərdə tezliklə daha güclü zərbələrin olacağı və bu ərazilərin də təhlükə altına düşə biləcəyi barədə şayiələr yayılmağa başladı. Pessimist (və tamamilə əsassız) proqnozların bu qədər geniş yayılması qəribə idi. Sonda bu fenomeni araşdıran elm adamları müəyyən etdilər ki, həmin şayiələrin yayılmasının əsas səbəbi insanların zəlzələ ilə bağlı olan narahatlıqlara bəraət qazandırmaq idi.
Problem ondadır ki, koqnitiv dissonansı həll etməyə çalışarkən insan çox vaxt həqiqət axtarışları ilə deyil, biliklərin və ortaq məxrəcə gətirilən motivlərin azaldılması ilə məşğul olur.
Oxşar situasiyalar tarixdə dəfələrlə baş verib. Məsələn, İkinci Dünya Müharibəsi illərində, yaşayış şəraiti yaxşı olan amerikan düşərgələrindən birində, yaponlara qarşı amerikan dostluğunun saxta olduğu barədə şayiələr yayılmışdır. Nəticədə, onlar orada yaşa bilmədilər. Bu, reallıq ilə gözləntilərin uyğunsuzluğu səbəbindən baş verdi. Müxtəlif hekayələri araşdıraraq Festinger, insanların aldıqları məlumatlarla öz fikirləri və motivləri arasında daxili tarazlıq axtardıqlarını söyləyir. Bu tarazlıq pozulduğu halda meydana çıxan ziddiyyətlər isə koqnitiv dissonans adını aldı.
Bu vəziyyət bir neçə səbəbə görə baş verə bilər. Məsələn, “başqalarının fikirləri mənə maraqlı deyil, amma məşhur olmaq istəyirəm” kimi ziddiyyətə görə. Və ya bir şəxsin ölkəsində, sosial qrupunda və ya ailəsində qəbul edilən mədəni adətlərə uyğun olmayan qərarları və davranışları səbəbiylə. Koqnitiv dissonans həmçinin insan özünü müəyyən bir qrupa aid etdiyi, lakin öz rəyi bu qrupun fikirlərinə zidd olduğu halda da baş verə bilər. Məsələn, insan özünü liberal hesab edir, lakin qəfildən digər irq və dinə mənsub olan insanlarla yaxınlıq etmək istəmədiyini başa düşür. Və ya özünü vətənpərvər adlandırır, lakin bir gün “aradan çıxmağın vaxtıdır” deyə başa düşür. Və nəhayət, ən sadə misal – yeni informasiya dünyanın köhnə mənzərəsinə zidd olduqda.
Məsələnin ən maraqlı yeri də məhz buradan başlayır – ziddiyyətli fikirləri olan insan narahatlıq hiss etməyə başlayır. Və o, bu ziddiyyətləri hamarlamağa çalışır. Ziddiyyətləri aradan qaldırmağın əsas iki yolu var: mövcud fikirləri nəzərdən keçirərək birini rədd etmək və ya bu ziddiyyətləri bir-birinə uyğunlaşdıra biləcək yeni informasiya axtarıb tapmaq.
Festinger özü bu misala istinad edir: siqaret çəkən şəxs siqaret çəkmə ilə xərçəng şişlərinin meydana çıxması arasındakı əlaqəni sübut edən yeni bir araşdırma tapdıqda, şübhəsiz ki, siqaretdən imtina etməyi düşünür. Lakin böyük ehtimalla:
– özünü “çox siqaret çəkməyənlər” sırasına aid edəcək (“onsuzda az çəkirəm, siqaret çəkməyin mənim üçün heç bir ziyanı yoxdur”);
– siqaret çəkməyin müsbət cəhətlərini axtarıb tapacaq (“siqaret çəkirəm və kökəlmirəm” və ya “nə olsun ki, əsas odur həyatdan zövq alıram”);
– siqaretin təhlükəsi ilə bağlı olan fikirləri təkzib edən məlumatlar axtarmağa başlayacaq (“siqaret çəkən bir babam var idi 100 yaşında rəhmətə getdi”);
Koqnitiv dissonansın həll edilməsinin başqa bir yolu ətraf mühiti dəyişməkdir.
Təəssüf ki, manipulyatorlar bundan istifadə edirlər və biz etmək fikrində olmadığımız şeyləri edirik. Məsələn, insanı sosial təşəbbüsə pul bağışlamağa inandırmaq üçün özünü səxavətli kimi tanımağa təşviq etməlisiniz. Bunun qarşısını almaq üçün psixoloqlar atılan addımın dəyərini artırmağı, neqativ nəticələrini isə azaltmağı tövsiyə edirlər.
Xüsusilə, Leon Festinger və Merill Karlsmitin təcrübəsində subyektlər həddindən artıq cansıxıcı olan bir işlə məşğul olmalı idilər. Bundan sonra onlar növbəti iştirakçılara bu təcrübənin çox maraqlı olduğunu söyləməli idilər, qarşılığında onlara 20 və ya 1 dollar ödənildi. Nəticədə məlum oldu ki, 1 dollar almış iştirakçılar təcrübəni daha maraqlı hesab etdi və bu, qəfildən elmə qarşı oyanan həvəs deyildi. Sonrakı iştirakçılara yalan danışmaq daha asan olsun deyə, subyektlər təcrübəyə yanaşmanı dəyişdirdilər.
Lakin meydana çıxan ziddiyyətlərin qarşısını bəhanələrlə almağa çalışmasaq, bu, şəxsiyyətin inkişafı üçün güclü təkan ola bilər.