2019-cu ilin ilk 6 ayı ilə müqayisədə 2020-ci ilin ilk 6 ayında Azərbaycanın 21 sığorta şirkətindən 6-nin (AtaSığorta, Atəşgah Sığorta, AXA MBask, Azsığorta, Meqa Sığorta, Rəvan Sığorta) hesabladığı sığorta haqları azalıb, 15-nin isə artıb.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Ən çox sığorta haqqı azalmış sığorta şirkəti “AXA Mbask” şirkətidir (99%), ən az azalma isə “Meqa Sığorta” və “Azsığorta”da (3%) qeydə alınıb.
Yığımları ən çox artan “Xalq Həyat” şirkətidir (7 dəfə), ən az artan isə “Qala Həyat” və “Xalq Sığorta” şirkətidir (5%).
Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı mayın 19-da “Standard Insurance” sığorta şirkətinin lisenziyasını ləğv etdi. Beləliklə, sığorta şirkətlərinin sayı 22-dən 21-ə düşüb.
Həmçinin avqustun 10-da, saat 11:00-da “Rəvan Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə “Rəvan Sığorta”nın könüllü qaydada ləğv edilməsi daxildir.