Veysəloğlu Şirkətlər Qrupuna (“Veysəloğlu” MMC) baş icraçı direktor vəzifəsinə Burak Deniz təyin edilib.
Banker.az xəbər verir ki, bu barədə şirkətlər qrupu elan verib.
Burak Deniz FMCG (gündəlik istehlak malları) sahəsində 24 illik təcrübəyə malik olan bir şəxsdir.
Burak Dəniz fəaliyyətinin 15 ilini aparıcı və beynəlxalq istehsalçı şirkət olan “Unilever”də Türkiyə, Orta Şərq və Şimali Afrika üzrə rəhbər vəzifələrdə çalışıb. Daha sonra Avropanın unlu məmulatlar üzrə ən iri şirkətlərindən biri sayılan “La Lorraine” şirkətinin Türkiyə bazarına daxil olmasına rəhbərlik edib. Bununla yanaşı, şirkətin Orta Şərq və Şimali Afrika bölgələri üzrə baş icraçı direktor vəzifəsini də icra edib.
Burak Dəniz həmçinin Türkiyənin böyük holdinqlərindən olan “Yıldız Holdinq”ə daxil olan şirkətlərin birinə rəhbərlik edib. Burak Dəniz yeni bazarlar, distribusiya, fabriklərin qurulması və strateji biznesin inkişafı üzrə beynəlxalq səviyyədə idarəetmə təcrübəsinə malikdir.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) 1994-cü ildə satış və distribütor şirkəti olaraq fəaliyyətə başlayıb. Veysəloğlu Şirkətlər Qrupunun əsas təsisçisi və Müşahidə Şurasının sədri Aydın Veysəl oğlu Talıbovdur.
Aydın Talıbov hazırda dövlət qeydiyyatında olan “Veysəloğlu Qrup” MMC-nin qanuni (İdarə Heyətinin sədri) təmsilçisidir.