16 C
Baku
Thursday, April 25, 2024

70 manat ödəməklə mənzil almaq mümkündürmü? – Ekspert

Paytaxtda mənzil bazarında qiymətlərin günbəgün artdığı bir vaxtda mənzil fondunun formalaşması və istifadəsi mexanizmləri məsələsi gündəmə gəlib. Mütəxəssislər də hesab edirlər ki, məhz sosial mənzil fondunun yaradılması ilə əhalinin tələbatını müəyyən qədər azaltmaq və bazarda ucuzlaşmaya nail olmaq mümkündür.

Mənzil fondu dedikdə ölkə ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusu nəzərdə tutulur. Lakin mülkiyyət formasına görə mənzil fondu özəl, dövlət və bələdiyyələrə məxsus yaşayış sahələrinə bölünür. Son iki fonda daxil olan mənzillərin istifadə məqsədləri fərqli ola bilər. Qanunvericiliyə əsasən, iki – sosial və xüsusi təyinatlı mənzil fondları müəyyən edilib.

Xüsusi təyinatlı mənzil fondundan ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşayış yeri ilə təmin edilməsi üçün istifadə edilir. Buraya elm, mədəniyyət və incəsənət adamları, yazıçılar, idmançılar daxildir. Bu gün aktual olan sosial təyinatlı mənzil fondu isə dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilməli olan yaşayış sahələridır. Lakin bu gün həmin fondun mövcudluğu, təyinatı üzrə istifadəsi gözə dəymir. Biz də bunun səbəbini araşdırmaq qərarına gəldik.

BŞİH: “Bizdə məlumat yoxdur”

Bəllidir ki, paytaxtdakı dövlət mənzil fonduna nəzarət Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib. Ona görə də məlumatları əldə etmək üçün ilk olaraq bu quruma müraciət etdik. BŞİH-in mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova “Axar.az”ın suallarına cavab olaraq bildirdi ki, dövlət mənzil fondunun həcmi, hansı istiqamətlərdə nə qədər istifadə olunması ilə bağlı onlarda heç bir məlumat yoxdur. Onun sözlərinə görə, belə informasiyalar Sovetlər dönəmində mövcud olub. Hazırda isə mənzil fondu ilə bağlı onda hər hansı məlumat yoxdur. Əlavə olaraq, mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinə müraciət etməyi məsləhət gördü. Şöbənin əməkdaşının cavabı da qısa oldu:

“Bizim şöbədə belə bir məlumatlar yoxdur”. 

Şöbənin özünü təqdim etməyən digər əməkdaşı isə rəsmi müraciət olunarsa, bu suallara cavab verəcəklərini bildirdi. Araşdırmanın davamı olaraq bu sahədə təcrübəsi olan mütəxəssislərə müraciət etdik. Əmlak Bazarı İştirakçıları Birliyinin eksperti Ramil Osmanlı bildirdi ki, Mülki Məcəlləyə əsasən, sahibkarlar tərəfindən tikilən yeni binalardakı  mənzillərin 10 faizi dövlət mənzil fonduna verilməlidir.

“Təəssüf ki, fonda nəzarət edən Bakı Şəhər İcra hakimiyyəti bəzi hallarda bu fonda verilməli olan mənzilləri pulla əvəz edir. Tikinti başlamazdan əvvəl müəyyən hesablamalar aparırlar və  deyirlər ki, mənzillərin 10 faizi filan qədər vəsait təşkil edir və onun dəyərini pul şəklində alırlar. Mənzil fondu var, amma konkret olaraq ora daxil olan mənzillərin sayı, ondan hansı məqsədlərlə istifadə edilməsi ilə bağlı BŞİH-dən məlumat almaq çox çətindir. Müvafiq strukturlardan, ölkə başçısından xüsusi tapşırıq olanda ictimai-siyasi xadimlərlə, digər şəxslərlə bağlı müraciətlər olanda bu mənzillər üzə çıxır. Lakin başqa vaxtı bununla bağlı hər hansı məlumat almaq mümkün olmur”.

Hərraclar birtərəfli qaydada gerçəkləşir

Belə olan halda mənzil fondunun  idarə olunması məsələsi ilə bağlı xeyli suallar ortaya çıxır. Sosial mənzil fondunun mövcudluğu, onun konturları, istifadə mexanizmlərinin aktual olaraq qaldığını deyən R.Osmanlı hesab edir ki, BŞİH-ə verilən mənzilləri təmir edərək sonradan sosial yönümlü problemlərin həllində istifadə edilə bilər:
“Düşünürəm ki, sosial mənzil fondu toxunulmaz olmalıdır. Amma onun formalaşdırılması, idarə olunması ilə bağlı ictimaiyyətə mütəmadi məlumat verilməlidir. Ancaq təəssüflər olsun ki, bəzi hallarda mənzillər birtərəfli  qaydada hərraca çıxarılır, özəlləşdirilir və s. Bununla bağlı nə rəsmi məlumat verilir, nə hərracın keçirilməsi ilə bağlı tender komissiyasından və ya aidiyyəti qurumdan informasiya. Hesab edirəm ki, bu prosedurlar hamısı qanunun tələblərinə uyğun həyata keçirilməlidir”.

Sosial qruplar öndə olmalıdır

Qeyd edək ki, bu günlərdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov fiziki qüsurları olan insanlara və şəhid ailələrinə ayrıca binalardan deyil, sosial mənzil fondundan mənzil verəcəklərini bəyan edib. Bunun səbəbini həmin kateqoriyadan olan insanların sosiallaşmasını təmin etmək niyyəti ilə izah edib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial mənzil fondunun yaradılması istiqamətində ilkin qiymətləndirmələrə başlayıb. Lakin hələlik bunun nəticələri barədə ictimaiyyətə məlumat verilmir. Mütəxəssislər də hesab edirlər ki, həmin fond işlək formaya düşərsə, dövlət hesabına mənzil alan vətəndaşlar idmançılar, mədəniyyət və incəsənət xadimləri ilə məhdudlaşmayacaq. Bu siyahıya əlillər, şəhid ailələri, aztəminatlı ailələr və  digər sosial qruplar da əlavə oluna bilər. İqtisadçı Vüqar Bayramov da açıqlamasında bu fikri təsdiqləyərək əlavə edib ki, sosial mənzil fondu aztəminatlı ailələrin mənzil probleminin həlli baxımından da əhəmiyyətlidir:

“Bu sosial layihədir və buna görə də, onun qiymət aspektləri ilə yanaşı, eyni zamanda sosial tərəfləri də var. Artıq belə fondlar yalnız inkişaf etmiş və etməkdə olan ölkələrdə, o cümlədən qonşu Türkiyədə, həmçinin bir sıra MDB dövlətlərində, eləcə də Rusiyada fəaliyyət göstərir. Mənzil fondu həmin ölkələrdə vətəndaşlara yüngül şərtlər ilə mənzilə sahib olmaq imkanı verir. Türkiyədə sosial mənzil fondu artıq 40 ilə yaxındır ki, fəaliyyət göstərir və aztəminatlı gənclər ayda 70 dollar ödəməklə mənzilə sahib ola bilərlər”.

10 ilə vəziyyəti dəyişmək olar

Ekspert hesab edir ki, sosial mənzil fondu formalaşdırmaqla Azərbaycanda mənzil problemini yaxın 10 ildə həll etmək mümkündür və bunun üçün ölkənin yetərincə vəsaiti var.

Mənzil Məcəlləsində sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını və qaydasını və bələdiyyə mənzil fonduna məxsus yaşayış sahələrinin sosial kirayə müqaviləsi üzrə aztəminatlı vətəndaşlara verilməsi formaları müəyyən edilir. Məcəllənin 108-ci maddəsində o da yazılir ki, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələrinin əvəzsiz istifadə müqavilələri əsasında verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə həyata keçirilir. Deməli, aztəminatlı ailələrə hətta yaşayış sahələrinin əvəzsiz verilməsi üçün hüquqi baza da mövcuddur”.

Regionlar da inkişaf edəcək

Qeyd edək ki, Mənzil Məcəlləsi 2009-cu ilin sentyabrında təsdiq edilib. Lakin indiyədək sosial mənzil fondunun yaradılması reallaşdırılmayıb. V.Bayramov qonşu ölkələrlə müqayisədə Azərbaycanda sosial mənzil fondunun yaradılması üçün maliyyə imkanlarının daha yüksək olduğunu vurğulayıb:

“Bu, praktiki olaraq dövlət büdcəsi üçün heç bir çətinlik yaratmaz. Dövlət büdcəsindən ildə 300 milyon vəsaitin ayrılması gənclərin mərhələli şəkildə mənzillə təmin edilməsinə imkan yaradar. Bu vəsait həmçinin mənzil bazarının rentabelliyinin qorunması baxımından təhlükəsizdir. Həmçinin, dövlət sifarişləri əsasında mənzil tikintisi regionların proporsional inkişafını təmin edə bilər. Çünki belə fondlar sadəcə paytaxtda deyil, eləcə də regionlarda da formalaşdırılacaq”.

Xatırladaq ki, Mənzil Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, mənzil fondunun idarə olunmasında bələdiyyələrin balansında olan kommunal mənzillər məsələsi ortaya çıxıb. Belə məlum olur ki, ilk olaraq bələdiyyələrin mənzil fondu formalaşmalıdır. Qanunvericilikdə də bu istiqamətdə müəyyən dəyişikliklərin edilməsinə ehtiyac yaranıb. Bu sahədə dövlət qurumlarının gördüyü işlər və onların nəticələri barədə növbəti yazıda.

axar.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər