Müəllif: Elçin Həsənov, Azərsun Holdinq – İnsan Resursları üzrə mütəxəssis
Seçimlər həmişə önəmlidir və hədəfə çatmaq üçün isə doğru seçimlər ən uğurlu vasitədir. Həyatımızın bir neçə mərhələsində seçimlərlə baş başa qalırıq. Ən çətini isə odur ki, insan bəzən seçim mərhələsində kifayət qədər məlumatlı olmur, seçimlərini ya intuisiyaya, ya da tanışlarının verdiyi tövsiyələrə əsasən edir.
Həyatımızda olan ən vacib və əhəmiyyətli seçimlərdən biri də təhsil alacağımız sahə seçimidir. Təəssüflər olsun ki, bu gün cəmiyyətdə ixtisas seçiminə o qədər də ciddi yanaşılmır, maarifləndirmə işləri demək olar ki, aparılmır. Xeyli sayda abituriyent var ki, ailənin təkidi ilə sevmədiyi sahəni seçir, bir çox abituriyent də seçdiyi sahənin hansı peşə ilə bağlı olduğu barədə məlumat sahibi olmur. Bir sözlə, istər valideynlərin, istərsə də tələbələrin əksəriyyətinin başlıca məqsədi odur ki, qəbuldan kənar qalmasınlar və fakultəsindən asılı olmayaraq hər hansı bir universitetə daxil olsunlar. Lakin belə qəbulun sevinci çox çəkmir, peşmançılığı isə universiteti bitirdikdən sonra başlanır.
Karyera qurmaq mərhələsində isə ümidlər boşa çıxır desək, məncə yanılmarıq. Çox yaxşı olardı ki, abituriyentlər bütün fakultələrin hansı peşələrə aid olması barədə məlumatlı olsunlar və həm öz həvəslərini, həm də mövcud əmək bazarında olan tələbatlı sahələri nəzərə alıb seçim etsinlər. Hansı sahəni seçməyə gəldikdə isə qeyd etmək istərdik ki, texnologiyanın sürətli inkişaf etdiyi müasir zamanın tələbinə uyğun olaraq əsasən texniki sahələr seçilsə daha məqsədəuyğun olar. Xüsusilə, “İnformasiya Texnologiyaları”, “Kompüter mühəndisliyi”, “Avtomatika”, “Proqramlaşdırma”, “Mühəndislik” və başqa bir neçə sahələri misal göstərmək olar. İqtisadiyyat və humanitar sahələri seçən abituriyentlər isə əvvəlcədən nəzərə almalıdır ki, təkcə dərs tapşırıqları ilə kifayətlənməyib, əlavə məlumatlarla bilik və dünya görüşlərini zənginləşdirməlidirlər, çünki bu sahələri bitirən məzunların sayı çox olduğu üçün həmin məzunlar arasında seçiilmək yüksək bilik və bacarıq tələb edir. Çoxuna bəlli olmayan bir faktoru qeyd etmək istərdik ki, İqtisadiyyat sahəsində bu gün bütün dünyada və eləcə də Azərbaycanda “Planlama” sahəsi çox aktual və perspektivli sahədir. Lakin sırf Planlama adlı bir fakultə olmadığı üçün ona tam olmasa da qismən uyğun olan “Sənayə mühəndisliyi”, “Sənayenin təşkili”, “Sənayənin idarə edilməsi” kimi fakultələr də seçilə bilər. Ümumiyyətlə çox yaxşı olardı ki, seçim zamanı elə bir sahələr seçilsin ki, həmin sahələr sırf birbaşa hər hansı bir peşə ilə bağlı olsun, məsələn, “Marketinq”, “Kompüter Mühəndisliyi”, “Mühəndis” və bu kimi başqa fakultələr bu baxımdan uğurlu seçim kimi qəbul edilə bilər. “İqtisadiyyat, “Menecment”, “Tarix” və başqa bir sıra fakultələr isə konkret peşə yönümlü tədris olunmur və bu da tələbələrə əlavə çətinlik yaradır ki, gərək tələbələr oxuduqları ərəfədə hər hansı bir peşə seçimi edib o sahə ilə bağlı bilik və təcrübələrini möhkəmləndirsinlər, əks halda yalnız tədris planı ilə kifayətlənmək gələcəkdə karyera qurma mərhələsində çətinlik yaratmış olacaq. Sahə seçimi zamanı abituriyentin həvəs və bacarığı da mütləq nəzərə alınmalı və düzgün istiqamət verilməlidir. Məsələn, kreativ düşüncəyə malik abituriyenti “Mühasibat uçotu” sahəsinə yönləndirməkdənsə “Marketinq” sahəsinə və yaxud əksinə, rəqəmlərlə işləməyi daha yaxşı bacaran abituriyenti “Marketinq” sahəsindənsə “Mühasibat uçotu” sahəsinə yönləndirmək daha məqsədəuyğun olar.
Ümumiyyətlə, unutmamalıyıq ki, ali təhsil almaq gələcəkdə rahat iş əldə etmək anlamına gəlmir, sadəcə olaraq insana bu yolda üstünlük qazandırmış olur. Uğurlu karyera üçün ali təhsil şərt deyil, doğru seçim şərtdir, nümunə üçün qeyd edim ki, hal-hazırda əmək bazarında ağır texnika sürücüsü olan orta təhsilli insanlar bir çox ali təhsilli insanlara nisbətən daha çox gəlir əldə edib daha stratejik mövqeyə sahibdirlər. Bu gün dünyada və ölkəmizdə kifayət qədər orta təhsilli uğur əldə etmiş iş adamları var və bütün bunlar bizə bir daha sübut edir ki, uğurlu karyera üçün ali təhsil şərt deyil, şərt olan doğru seçim etməkdir. Və təbii ki, doğru seçilən ali təhsil isə çox böyük üstünlükdür və insanlara geniş karyera imkanları yaratmış olur. Doğru seçimdən də vacibi odur ki, insan öz seçiminə güvənsin və heç vaxt peşman olmasın, necə deyərlər öz qərarına ən birinci özü hörmət etsin.