Sumqayıt Kimya Sənaye Parkı rezidentləri tərəfindən 3,3 milyard manatlıq satış həyata keçirilib ki, bunun da təqribən 31%-i ixracın payına düşür.
Banker.az xəbər verir ki, 2020-ci ilin birinci yarısında rezidentlər tərəfindən 534 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2021-ci ilin müvafiq dövründə bundan 49% çox – 794 milyon manatlıq məhsul istehsal olunub. Bununla yanaşı, 2021-ci ilin birinci yarısında ötən ilin müvafiq dövründən 47% çox – 267,5 milyon manatlıq ixrac həyata keçirilib.
Bu ilin birinci yarısında Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 11,5%, qeyri-neft sənayesi məhsullarının ixracında xüsusi çəkisi isə 21,8 % təşkil edib.
Sənaye Parkında istehsal olunan məhsullar Türkiyə, Rusiya, Ukrayna, Belarus, Çin, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Niderland, İtaliya, Çexiya, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, İraq, Yaponiya, ABŞ, Kanada və s. ölkələrə ixrac olunub.






