Bu gün Azərbaycan Beynəlxalq Bankının Baş ofisində özəl kredit bürosunun yaradılması üzrə Təşəbbüs Qrupunun iclası keçirilib.
Azərbaycan Banklar Assosiasiyasından Trend-ə verilən məlumata görə, iclas zamanı “Azərbaycan Kredit Bürosu” MMC-nin təsis edilməsi qərara alınıb.
Büronun təsisçiləri “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank Respublika” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “Unibank KB” ASC və “Ziraat Bank Azərbaycan” ASC olub. İclasda həmçinin cəmiyyətin nizamnaməsi, idarəetmə orqanlarının formalaşdırılması ilə əlaqədar məsələlər və cəmiyyətin dövlət qeydiyyatı ilə bağlı işlərə başlanması təsdiq edilib.
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Xalid Əhədov cəmiyyətin Müşahidə Şurasının sədri seçilib. Qeyd edək ki, kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayan, saxlayan, təhlil edən və kredit hesabatlarını verən, həmçinin “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanunu və digər qanunvericilik aktları ilə qadağan olunmayan fəaliyyət növləri ilə məşğul olan qurumdur.