Bir sıra dövlət qurumlarının balanslarındakı köhnə nəqliyyat vasitələri satışa çıxarılıb.
Əmlak Məsələləri Dövlət Komitəsindən Oxu.Az-a verilən xəbərə görə, Milli Məclis Aparatının mətbəəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi və Baş Prokurorluğun balanslarındakı nəqliyyat vasitələri hərrac yolu ilə sentyabrın 25-də satılacaq.
Hərracda ən ucuz avtomobil Milli Məclis Aparatının mətbəəsinə məxsusdur. Buraxılış ili 1995-ci il olan QAZ-31029 markalı avtomobil 800 manata satışa çıxarılıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinə məxsus, buraxılış illəri 1989-cu il olan dörd ədəd KAMAZ-55111 markalı nəqliyyat vasitəsinin satış qiyməti isə hər biri üzrə 3500 manatdır.
Hərracda Baş Prokurorluğa məxsus QAZ-31105-100 markalı avtomobil 2000, VAZ-21213 markalı avtomobil isə 1300 manata satılacaq.