Rəsmi rəqəmlərə əsasən, 2024-cü ilin ilk 9 ayında ölkədə 69 587 yeni iş yeri açılıb və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,3% çox olub.
Banker.az MTM-in apardığı təhlilinə əsasən xəbər verir ki, 2023-cü ilin sonunda ölkəmizdə 82 318, 2022-ci ildə 71 280, 2021-ci ildən cari ilin oktyabr ayının 1-dək isə ümumilikdə, 292 176 yeni iş yeri yaradılıb.
Rəsmi rəqəmlər göstərir ki, 2024-cü ildə paytaxtda yaradılan yeni iş yerlərinin böyük əksəriyyəti mərkəzə yaxın hissələrdə açılıb. Aşağıdakı cədvəldən də göründüyü kimi, Bakıda açılan yeni iş yerlərinin böyük əksəriyyəti Nərimanov rayonunun payına düşür. Daha dəqiq desək, cari ilin ilk 9 ayında Bakı şəhərinin Nərimanov rayonunda 11 392 yeni iş yeri açılıb. 7 800 yeni iş yeri ilə Nəsimi rayonu ikinci, 6 659 yeni iş yeri ilə Xətai rayonu üçüncü yeri tutub.
Sözügedən dövrdə Bakı şəhərinin rayonları arasında ən az iş yeri açılan rayon isə Pirallahıdır. Cari ildə bu ərazidə cəmi 8 yeni iş yeri yaradılıb
Cari ilin ilk 9 ayında Bakı istisna olmaqla Azərbaycanın digər bölgələrində yaradılan yeni iş yerlərinin sayına baxsaq, Abşeron rayonunun 1601 yeni iş yeri ilə ilk sırada qərarlaşdığını görərik. Sumqayıt şəhəri 1341 yeni iş yeri ilə ikinci yerdədir. İlk iki sırada yer alan bölgələr paytaxta ən yaxın ərazilər olsa da, üçüncu yeri 1331 yeni iş yeri ilə Naxçıvan şəhəri tutub. 4-cü və 5-ci sıralarda Gəncə və Şirvan şəhərləri qərarlaşıb. Cari ilin ilk 9 ayında Gəncə şəhərində 976, Şirvan şəhərində isə 878 yeni iş yeri yaradılıb.