2 C
Baku
Saturday, December 14, 2024

9 ayda banklar tərəfindən 200 milyon manatdan çox mikrokredit verilib

Alternativ maliyyə instrumentlərindən yararlanmaq baxımından xarici kapitallı bankların aktivlik nümayiş etdirdiyi daha bir məhsul Azərbaycanın maliyyə bazarlarında mikromaliyyə seqmentində ixtisaslaşmış bankların təklif etdiyi mikrokredit məhsuludur. Qeyd etmək yerinə düşər ki, cari ilin 9 ayında banklar tərəfindən təxminən 200 milyon manatdan çox mikrokredit verilib və bu vasitə ilə biznesin kreditləşməsinin aktuallığını daha da artırmaq məqsədilə mütəmadi olaraq məlumatlandırma tədbirləri həyata keçirilir.

Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyində dərc edilmiş “Maliyyə-bank sektorunun sağlamlaşdırılması iqtisadiyyatın şaxələndirilməsinə necə təsir göstərir?” başlıqlı məqalədə bildirilir.

Azərbaycanda fəaliyyət göstərən KOB subyektlərinin maliyyə bazarlarında alternativ maliyyə mənbələri kimi son dövrlərdə beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirilmiş qiymətli kağızlar bazarı vasitəsilə də maliyyələşməsi üçün geniş imkanlar mövcuddur. Qeyd etmək lazımdır ki, qiymətli kağızlar bazarının təklif etdiyi maliyyələşmə xidmətləri barədə sahibkarların məlumatlanması və bu bazardan vəsaitlərin cəlb edilməsinə dəstək məqsədilə tam ödənişsiz qaydada listinq məsləhət proqramı fəaliyyət göstərir. Cari dövrə nəzər salsaq görərik ki, Bakı Fond Birjasının (BFB) platformasında təqribən 50 təşkilatın səhmi, 10 təşkilatın 15 istiqrazı aktiv ticarət olunur. Ümumilikdə isə, Azərbaycanın korporativ qiymətli kağızlar bazarının həcmi 1,9 milyard manatdan çoxdur. Bunun 1,5 milyard manatını istiqraz bazarı, təqribən 401 milyon manatını səhm bazarı təşkil edir.

KOB-ların kredit əlçatanlığının sadələşdirilməsi baxımından həyata keçirilmiş daha bir institusional islahat 8 bankın iştirakı ilə ötən ilin fevralında ilk özəl kredit bürosu olan Azərbaycan Kredit Bürosunun (AKB) yaradılmasıdır. Müştərilərin kreditləri barədə məlumatları kredit təşkilatları ilə yanaşı, daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər bazalardan toplayaraq təhlil edən və dolğun kredit hesabatları formalaşdırılan büro bankların anderraytinqə çəkdikləri xərcləri, onların problemli kredit portfellərini əhəmiyyətli dərəcədə aşağı salıb.

Bu gün bəzi hallarda Azərbaycanda bank kreditləri üzrə faizlərin yüksək olduğu barədə fikirlər səsləndirilir. Qeyd edək ki, hazırda ölkəmizin bank sektorundakı faizlər qonşu ölkələrdən yüksək deyil. Belə ki, Azərbaycanda bank kreditlərinin istehlak faizləri orta hesabla təxminən 22,3 faiz, biznes kreditləri üzrə isə 8,6 faizdir. Təbii ki, bu rəqəm xarici valyuta üzrə olan biznes kreditlərində daha aşağıdır və bu rəqəm 5 faiz təşkil edir. İndiki dövrdə milli valyuta üzrə biznes kreditlərinin verilmə faizi 13 faizdir. Bundan əlavə, sahibkarlıq fəaliyyətinin alternativ yollarla maliyyələşdirilməsi baxımından ölkə başçısının müvafiq fərmanı ilə 2017-ci ilin dekabrında İpoteka və Kredit Zəmanət Fondu yaradılıb. Cari ilin 9 ayı ərzində fondun zəmanəti ilə müvəkkil banklar tərəfindən sahibkarlara 41 milyon 759 min manat məbləğində kredit verilib. Bu kreditlərin orta müddəti 28 ay və orta faiz dərəcəsi 16,3 faiz təşkil edib.

Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən bu iqtisadi kurs, real sektorun maliyyələşdirilməsində effektivliyin artırılması istiqamətində qısa müddətdə həyata keçirilən institusional islahatlar, AKB, DƏYDR və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması öz müsbət nəticələrini verməkdədir. Təsadüfi deyil ki, Azərbaycan özünün maliyyə infrastrukturunun xarici dövlətlərə ixracını həyata keçirir. Belə ki, Qırğızıstan, Ukrayna və Gürcüstan kimi ölkələr ölkəmizin bu istiqamətdəki təcrübəsini öyrənərək tətbiq etmək məqsədilə ciddi addımlar atıblar.

Son xəbərlər
Digər xəbərlər