Banker.az saytının Quartz nəşrinə istinadən verdiyi xəbərə görə, Microsoft rəhbəri Bill Gates proseslərin avtomatlaşdırılması nəticəsində öz işini itirən insanların professional hazırlığının maliyyələşdirilməsi üçün robotlara vergi təyin etməyi təklif edib.
İnsanlar hələ ki, robotlar üçün əlçatmaz olan iş yerlərinə sahib olmaq üçün professional hazırlıq əldə edə bilərlər. Məsələn, uşaqlara və yaşlılara qulluq və xidmət edilməsi sahəsi. Bununla yanaşı, Gates qeyd edir ki, ABŞ hökuməti özəl şirkətlərə yeni iş yerləri mənbələri kimi ümid bəsləməməlidir, çünki məhz elə bu şirkətlər robotlar ilə işləməkdə maraqlıdırlar. Belə ki, işə robotları cəlb etmək yeni məhsulun buraxılma müddətini əhəmiyyətli dərəcədə sürətləndirir, istehsalat xərclərini azaldır və bununla da, satışlardan gələn gəliri artırmağa imkan verir.
Ekspertlərin məlumatlarına əsasən, 2020-ci ildə istehsalatda robotlardan istifadə edilməsi 5 milyondan çox insanın öz işini itirməsinə səbəb olacaq. Həmçinin, 2020-ci ildə 4,7 milyon ofis və administrasiya işçiləri proseslərin avtomatlaşdırılması səbəbindən öz işini itirə bilər.