Rusiyanın yeni aviaşirkətlərindən olan “UVT Aero” iyul ayından etibarən Kazan şəhərindən (Tatarıstan) Bakıya uçuşlara başlamağa hazırlaşır. Şirkət həmin tarixdən etibarən Azərbaycanla yanaşı Belarus, Gürcüstan və Ermənistana da uçuşlar həyata keçirəcək. Hazırda uçuş üçün müvafiq icazələrin alınması prosesi gedir.
Şirkət həmçinin sentyabrdan etibarən Rusiyanın ən ucqar Qərb nöqtəsi olan Kalininqrada da reyslərə başlayacaq.
Kazan Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, hazırda Bakıya həftədə bir reys həyata keçirilir və bu, “Azerbaijan Airlines” aviaşirkəti vasitəsi ilə reallaşdırılır. Bu reyslə həmçinin Tbilisiyə (Gürcüstan) də transferlə uçmaq mümkündür.
Şirkətin baş direktoru Pyotr Trubayev qeyd edib ki, Bakıya uçuşların qiymətləri hələ bilinmir.
Xatırladaq ki, “UVT Aero” Tatarıstan Respublikasının aviaşirkətidir və 2015-ci ildə yaradılıb.