“2016-cı ildə iqtisadiyyatın zəifləməsi və davamlı geriləmə Azərbaycan İpoteka Fondu ASC-yə (İMF) mənfi təsir göstərib”. Bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin fond barədə yaydığı məlumatda qeyd olunub.
Agentliyin mütəxəssisləri hesab edir ki, neftin qiymətinin aşağı düşməsi, manatın devalvasiyası, bank sektorunun zəifləməsi AİF-in fəaliyyətinə təsir edib. “Hökumətin makro mühitdəki dəyişikliklərə cavab siyasəti hələ də davam edir, bu isə orta müddətdə AİF-ə təsirini göstərəcək. AİF təsis edildiyi gündən hər il hökumətdən maliyyə dəstəyi alır. 2016-cı ilin sonuna ümumi maliyyələşmənin həcmi 316 milyon manat təşkil edib. Eyni zamanda, hökumət 2017-ci ildə fonda əlavə olaraq 50 milyon manat həcmində kapital ayrılmasını təsdiq edib. Proqnozlarımıza əsasən, əlavə kapitalın ayrılması və 200 milyon manatlıq istiqraz buraxılışından sonra AİF-in ipoteka portfeli bu il 30-40% böyüyəcək”, – deyə məlumatda qeyd olunub.
Buna baxmayaraq, agentliyin ekspertləri düşünür ki, AİF-in 2016-cı ildən vergi ödəyicisinə çevrilməsi onun kapitalının gəlirliliyini 1,65%-ə endirə bilər, halbuki bu göstərici 2014-2016-cı illərdə 1,97% təşkil edib.