1 C
Baku
Saturday, December 14, 2024

Vergilər Nazirliyində BVF-nin nümayəndə heyəti ilə görüş keçirilib

Martın 2-də Vergilər Nazirliyində Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə BVF ilə mövcud əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivlər, vergi siyasəti sahəsində planlar, cari ilin dövlət büdcəsinin gəlirlər hissəsinin icrası vəziyyəti müzakirə olunub. Bu barədə Banker.az-a məlumat Nazirlikdən daxil olub.

Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru Natiq Şirinov Azərbaycanda mövcud iqtisadi vəziyyət və iqtisadi inkişaf göstəriciləri, 2016-cı ildə vergi xidmətində aparılan islahatlar barədə məlumat verib, bu islahatların ölkəmizin vergi sistemi üçün müsbət nəticələri, vergi daxilolmalarının artımı, bu artımı şərtləndirən amillər barədə danışıb. Bildirilib ki, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes və investisiya mühitinin yaradılması, vergi sistemində əsaslı islahatların aparılması nəticəsində qeyri-neft sektorunda artım təmin edilib.

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva Vergi Məcəlləsinə edilmiş dəyişikliklər barədə ətraflı məlumat verib. Bildirilib ki, Vergi Məcəlləsinə dəyişikliklər vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi inzibatçılığının, o cümlədən, vergi uçotunun təkmilləşdirilməsi və şəffaflaşdırılması kimi istiqamətləri əhatə edir. Burada məqsəd kiçik və orta biznesin inkişafına daha əlveişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimad səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, dürüst və şəffaf uçot sisteminin qurulmasıdır.

BVF nümayəndələri Azərbaycanda vergi sisteminin təkmilləşdirilməsi istiqamətində texniki imkanların genişləndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, vergi inzibatçılığının rəqabət qabiliyyətliliyinin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı sahəsində vergilərin stimullaşdırıcı rolunun artırılması istiqamətində Vergilər Nazirliyinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib. Bildirilib ki, Vergilər Nazirliyi tərəfindən aparılan islahatlar nəticəsində Azərbaycan biznesə başlama meyarları sahəsində Dünya Bankının hesabatında yüksək göstəriciyə layiq görülüb.

Görüşdə 2017-ci ildə vergi daxilolmaları üzrə proqnozların icrası, qeyri-neft sektorundan vergi daxilolmalarının artım templərinin davamlı olması üçün təşəbbüslər, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər və s. barədə fikir mübadiləsi aparılıb, missiya üzvlərinin sualları cavablandırılıb.

Son xəbərlər
Digər xəbərlər