Asiya İnkişaf Bankı (ADB) “Elektrik paylayıcı şəbəkənin yenidən qurulmasına dair İnvestisiya Proqramı” çərçivəsində “keyfiyyətli konsultant seçimi” metodu ilə beynəlxalq auditor axtarır.
Müraciət üçün son tarix aprelin 5-i müəyyən edilib.
Məlumata görə, seçiləcək şirkətlə ümumilikdə 36 aylıq müqavilə imzalanacaq.
Maliyyələşmə şərtlərinə gəlincə isə müqaviləyə əsasən, 36 ay müddətində şirkətə 122 min ABŞ dolları ödəniləcək. Həmin məbləğin 120 min dolları əsas xərclər, 2 min dolları isə gözlənilməyən xərclər üçün nəzərdə tutulub.
Qeyd edək ki, elan edilən müsabiqədən uğurla keçən namizəd şirkətin aprelin 24-dən fəaliyyətə başlayacağı gözlənilir.
Layihə üzrə əsas məsul şəxs “Azərişıq” ASC-dən Fərrux Heybətov müəyyənləşib.
Qeyd edək ki, “Elektrik paylayıcı şəbəkənin yenidən qurulmasına dair İnvestisiya Proqramı”nın birinci tranşının maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan ADB-yə müraciət edib. Ötən il mayın 5-də Bankın Direktorlar Şurasının Bakıda keçirilən 48-ci İllik Toplantısı zamanı ADB ilə Azərbaycan hökuməti arasında “Azərişıq” ASC-nin fəaliyyətinin yaxşılaşdırılması üçün dəyəri 1 mlrd. ABŞ dolları olan investisiya müqaviləsi imzalanıb. Memorandumun şərtlərinə görə, 1 mlrd. dollarlıq investisiyanın 25%-ni Azərbaycan hökuməti, 75%-ni ADB təmin edəcək.
Xatırladaq ki, 2016-cı ilin iyulunda həmin layihə ilə bağlı ADB-nin ayırmalı olduğu kredit təsdiqlənib və artıq Bank ilk hissəni (250 mln. dollar) Azərbaycan tərəfinə verib. Növbəti tranş isə 2018-ci ildə baş tutacaq.