9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda əmlaka dair etibarnamənin verilməsi və xitamı qaydası dəyişib

Azərbaycanda əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması qaydası dəyişib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da etdiyi dəyişikliklərdə əksini tapıb.

Təlimata əsasən daşınmaz əmlak obyektlərinə sərəncam verilməsi haqqında müqavilələr təsdiq olunarkən, notarius daşınmaz əmlaka sərəncam verənin və ya onun nümayəndəsinin (vəkil edilmiş şəxsin) ərizəsi və daşınmaz əmlak obyektinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Dəyişikliyə əsasən bundan sonra ərizədə arayışın daşınmaz əmlakın sərəncam verilməsinə dair notariat hərəkətinin aparılması məqsədi ilə əldə edilməsi göstərilməli və müraciət edən şəxsin imzasının həqiqiliyi notarius tərəfindən təsdiq edilməlidir.

Təlimata əsasən etibar edilmişi başqasına etibaretmə qaydasında verilən etibarnamə etibar edilmişi başqasına etibaretmə hüququ şərtləşdirilmiş əsas etibarnamə təqdim olunduqda və ya əsas etibarnamə üzrə nümayəndə etibarnamə verən şəxsin mənafeyinin mühafizəsi üçün buna məcbur olduğunu təsdiq edən sübutlar təqdim etdikdə notariat qaydasında təsdiq edilir. Etibar edilmiş başqasına etibaretmə qaydasında verilmiş etibarnamə əsas etibarnamə üzrə verildiyindən artıq hüquqlar etibar etməməlidir. Etibar edilmişi başqasına etibarnamə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamədə əsas etibarnamənin təsdiq olunduğu vaxt və yer, əsas etibarnamənin verildiyi şəxsin və onun öz səlahiyyətini etibar etdiyi şəxsin soyadı, adı, atasının adı və yaşadığı yer, lazımi hallarda isə onların vəzifəsi göstərilməlidir.

İndiyə qədər əsas etibarnamədə etibar edilmişi başqasına etibaretmə haqqında qeyd yazılıb və əsas etibarnamənin surəti etibarnamənin notariat kontorunda saxlanılan nüsxəsinə əlavə olunub. Dəyihikliyə əsasən bundan sonra etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamə üzrə səlahiyyətlər bütünlüklə digər şəxsə ötürüldükdə həmin etibarnamənin əsli, səlahiyyətlərin bir hissəsi ötürüldükdə onun surəti notariat işinə əlavə edilir. Surətlər əlaqədar şəxslər tərəfindən təqdim olunur və ya onların xahişi ilə notariusun işçisi tərəfindən hazırlanır və tarix göstərilməklə notarius tərəfindən “Əsli ilə düzdür” sözləri yazılır, imzalanır və şəxsi gerbli möhürlə təsdiq edilir. Bu halda surət təsdiqinə görə dövlət rüsumu və haqq alınmır.

Digər dəyişikliyə əsasən etibarnaməni vermiş və ya etibarnamə verilmiş şəxsin notariat qaydasında təsdiq edilmiş ərizəsi əsasında etibarnaməyə xitam veriləcək. Etibarnaməyə xitam verildikdə, etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Bir və ya bir neçə şəxsin adından bir və ya bir neçə şəxsə verilmiş etibarnamə onların hər hansı birinin notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən seçdiyi şəxsə qarşı etibarnamə hissəvi xitam olunur. Əgər etibarnamə başqa notariat kontorunda təsdiq edilibsə, etibarnaməyə xitam verilməsi barədə ərizəni qəbul edən notarius “Elektron notariat” informasiya sistemində etibarnaməyə xitam verilməsi barədə qeyd yazmaqla, etibarnaməyə xitam verir və ərizəni dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərir. Həmin notarius isə dərhal notariat reyestrində etibarnaməyə xitam verilməsi barədə müvafiq qeyd aparır.

Son xəbərlər
Digər xəbərlər