Azərbaycanın ictimai-siyasi xadimləri arasında prezident İlham Əliyev “Twitter” sosial şəbəkəsində ən populyar şəxsdir. Azərbaycan prezidentinin iki rəsmi “Twitter” kanalı var ki, onlardan birində (@azpresident) ölkə başçısı Azərbaycan dilində, digərində isə (@presidentaz) ingilis dilində tvit (twit) bölüşür. Doğma dilimizdə olan kanala 263 min, ingilisdilli səhifəyə isə 291 min istifadəçi abunə olub.
Ölkə başçısı hər iki kanalı 2010-cu ildə yaradıb. Həmin dövrdən etibarən prezident öz azərbaycandilli kanalında 3380 paylaşım edib. İngilisdilli səhifədəki tvitlərin sayı isə 3060 təşkil edir.
O ki qaldı sosial şəbəkədə aktivliyə, dövlət başçısı mütəmadi olaraq keçirdiyi rəsmi görüşlər və görüşlərdəki nitqindən sitatlar barədə abunəçilərini məlumatlandırır. Bununla yanaşı, prezident hər hansı ictimai-siyasi hadisələr, o cümlədən qlobal siyasi proseslər barədə mövqeyini çatdırır.
İlham Əliyevin sonuncu tvitlərinə nəzər salaq. Sonuncu paylaşımda ölkə başçısı qeyd edir ki, “zəngin multikulturalizm ənənəsinə malik Azərbaycan sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfə verir”. Bundan başqa, prezident qeyd edib ki, “Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu dövlətin milli maraqları və real yanaşma üzərində qurulmuşdur” və “Azərbaycan etibarlı tərəfdaş, qonşu dövlətlərlə praqmatik əlaqələr qurmuş, regionda və dünyada güclü mövqeyə malik ölkədir”.
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi hesabına (@1VicePresident) isə 35 100 “Twitter” istifadəçisi abunə olub. Mehriban Əliyeva 2011-ci ildən etibarən adıçəkilən sosial şəbəkədə rəsmi hesab açıb. Həmin dövrdən etibarən Mehriban Əliyeva 1756 tvit bölüşüb. Ölkə başçısı kimi, birinci vitse-prezident də keçirdiyi görüşlər, o cümlədən rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti barədə abunəçilərini məlumatlandırır.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov (@Hasanov_Ali) da 2011-ci ildən etibarən açdığı “Twitter” hesabında aktivdir. Prezident Administrasiyası rəsmisinin 2300-dək abunəçisi var. Ə.Həsənov indiyədək 765 tvit paylaşıb ki, bunların böyük qismi onun açıqlamalarına və çıxışlarına həsr olunub.
Prezident Administrasiyası rəhbərinin müavini və Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovu (@NovruzMammadov) isə 7024 “Twitter” istifadəçisi izləyir. 2011-ci ildən etibarən sosial şəbəkədə aktiv olan N. Məmmədov indiyədək 1307 tvit bölüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov (@NazimIbrahimov) “Twitter”ə 2013-cü ildə “gəlib”. O, indiyədək 1746 abunəçi toplaya bilib və bu müddət ərzində 538 paylaşım edib. Maraqlıdır ki, N.İbrahimov 708 istifadəçinin səhifəsini izləyir ki, bu da indiyədək araşdırmada adları keçən şəxslər arasında ən yüksək göstəricidir.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də bu sosial şəbəkənin ən populyar istifadəçilərindən biridir. Belə ki, XİN sözçüsünün hesabına (@HikmetHajiyev) 2520 istifadəçi abunə olub. H. Hacıyev 2010-cu ildən etibarən sosial şəbəkədə aktivdir və bu müddət ərzində 4286 tvit paylaşıb.
XİN-dən söz düşmüşkən, xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimiz və diplomatlarımız da “Twitter”dən aktiv istifadə edir. Lakin onların çox az qismini populyar adlandırmaq olar.
Sosial şəbəkədə ən aktiv diplomatlar ABŞ-dakı səfirimiz Elin Süleymanov (@ElinSuleymanov) və BƏƏ-dəki diplomatik nümayəndəliyimizin rəhbəri Daşqın Şikarovdur (@Shikarov). E.Süleymanovu 3200-dək, D.Şikarovu isə 1300-dən çox istifadəçi izləyir.
Millət vəkillərinə gəlincə, burada Qənirə Paşayeva şəriksiz liderdir. Belə ki, Q.Paşayevanın (@GanirePashayeva) rəsmi hesabına 97 min istifadəçi abunə olub. 2011-ci ildə etibarən millət vəkili 42100 paylaşım edib ki, bu da olduqca yüksək göstəricidir.
“Biz qalib gəldik, separatçı rejim ifşa olundu!!!” Bu paylaşım Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova (@SeyidSamad) məxsusdur. Onu isə “Twitter”də 6181 nəfər izləyir. 2009-cu ildən etibarən bu sosial şəbəkədən istifadə edən S.Seyidov indiyədək 797 tvit paylaşıb.
Digər deputatların “Twitter”də populyarlığı o qədər yüksək deyil. Əslində, millət vəkillərinin bu sosial şəbəkədə aktivliyi də qənaətbəxş səviyyədə deyil. Lakin araşdırma mövzusu aktivlik deyil, populyarlıqdır. “Twitter”də aktiv olan millət vəkillərinin bir çoxunun izləyici sayı isə 1000-i ötmür.
Yeri gəlmişkən Banker.az maliyyə portalının twitter hesabı @Bankeraz-dır.