Son vaxtlar Azərbaycanı tərk edib, öz fəaliyyətlərinə xaricdə davam etmək qərarı verən İT mütəxəssislərimizin sayı artır. Belə ki, xaicə beyin köçü davam edir.
Sayt çox mütəxəssislərimizin fəaliyyətini yaxından izləyib, Azərbaycanda sektora verdikləri töhfələr barədə geniş məlumatları da zaman-zaman açıqlayırıq.
Xaricə köçən İT mütəxəssislərdən Rövşən Musayev hazırda Çexiyanın Brno şəhərində IBM şirkətində “Automation Engineer” üzrə çalışır.
Daha çox İKT xəbərləri: TechNews Azərbaycan
Qeyd edək ki, Rövşən Musayev Azərbaycanda Socar və Azercell kimi şirkətlərdə Məhsul və Xidmətlərin idarəedilməsi bölməsində mühəndis olaraq çalışıb.
O, 2016-cı ilin avqust ayında ailəsi ilə birgə Çexiyaya köçüb.
Həmyerlimiz bildirib ki, onlar IBM müştəriləri üçün müəyyən alqoritmlərlə çalışan automatonlar hazırlayır.
Rövşən Musayevin 2 övladı var.
Mütəxəssis deyir ki, özünün və övladlarının gələcək inkişafı üçün xaricdə fəaliyyətinə davam etmək niyətindədir:
“Əslində, yenliyi sevən insanam. Sonrakı illərdə harada olacağım bəlli deyil (gülür). Hazırda işimdən çox razıyam. Azərbaycanın İT bazarı çox kiçikdir. Burada isə keryeram üçün çox imkan var. Bununla yanaşı, Avropada daim inkşaf var. Həmçinin buranın havası da çox təmizdir. Ölkədə yaşıllıq çoxdur”.
Həmyerlimiz yad ölkədə yaşamaq və işləməyin çətinliyinə də toxunub:
“Etraf edim ki, arada Azərbaycan üçün darıxıram. Bəzən olub ki, ölkəyə qayıtmaq istəmişəm. Amma bu mərhələyə gəlmək üçün çəkdiyim əmək məni fikrimdən daşındırıb. İnsan başqa ölkədə olanda vətəninə nə qədər bağlı olduğunu daha yaxşı anlayır . Burada Bakıda malik olduğun imkanlara ( maşın, ev və s.) sahib olmaq uzun illər tələb edir. Ona görə xaricə gələndə istər-istəməz həyat səviyyəsi aşağı düşür”.
Namiq Mustafayev də ölkəni tərk edib, fəaliyyətinə xaricdə davam etmək qərarına gələn İT mütəxəssislərdəndir.
Həmyerlimiz hazırda Latvianın Riqa şəhərində yerləşən məşhur Accenture şirkətində “Senior Analyst – Senior Software Developer” üzrə çalışır.
O, Azərbaycanda Veysəloğlu Holdinqdə 7 ildən çox proqramçı işləyib. Daha sonra holdinqdə Proqram Təminatı bölməsinin rəhbəri vəzifəsində çalışıb.
Accenture şirkəti 56 ölkədə fəalliyət göstərir. 200 şəhərdə ofisi və 401 minə yaxın işçisi var.
Həmyerlimiz deyir ki, karyerasında inkişaf etmək istəyənlər üçün orada yaxşı fürsətlər var.
Digər həmyerlimiz Elşad Pirimov da Riqada “Project management” üzrə magistratura təhsili alır. O, eyni zamanda Belçikanın Levelapp şirkəti üçün software developer xidməti göstərir.
İT mütəxəssis Azərbaycanda SİNAM, Bank of Baku və Voida kimi şirkətlərdə 6 ildən çox fəaliyyət göstərib.
Həmyerlimiz bildirib ki, hazırda işindən çox razıdır:
“Peşəkar mütəxəssislərlə işləmək, özümü İT sahəsində inkişaf etdirmək mənə zövq verir”.
Elşad Pirimovun da ölkəyə qayıtmaq fikri yoxdur.
Daha çox İKT xəbərləri: TechNews Azərbayca
İT mütəxəssislərimizdən Fuad Hacıyev də Polşaya köçənlərdəndir.
O, hazırda Polşada BI ekspert (Business Intelligence, məlumat bazası üzrə proqramçı) olaraq fəaliyyət göstərir.
Həmyerlimiz Azərbaycanda 4 il Nar şirkətində BI və DwH üzrə aparıcı mütəxəssis və ekspert kimi çalışıb.
O, həmçinin KocSistem və YapiKredi-nin birgə layihəsində proqram təminati üzrə konsultant (Appliction Consultant-Oracle BI üzrə ) kimi fəaliyyət göstərib.
Fuad Hacıyev deyir ki, çalışdığı şirkətdə, ümumiyyətlə, Polşada İT sahəsi üzrə yeni texnologiyaların inkişafı üçün böyük prespektivlər mövcuddur.
Bayram Bayramlı da son vaxtlar ölkəni tərk edənlərdəndir.
Belə ki, İT mütəxəssis fevral ayından etibarən Polşanın Wroclaw şəhərində IBM şirkətində Senior System Administrator kimi fəaliyyətə başlayıb.
Qeyd edək ki, Bayram Bayramlı Azərbaycanda 3 il SİNAM şirkətində Unix Sistem Administratoru olaraq çalışıb. Onun şirkətdəki işi dövlət layihələri çərçivəsində data mərkəzlərinin İT avadanlıqlarının (server, storage, backup və s.) qurulması və Unix / Linux əməliyyat sistemlərinin idarə edilməsindən ibarət olub.
Ölkəni tərk edənə qədər isə Nar şirkətində Sistem Administratoru vəzifəsində çalışıb.
Həmyerlimiz Xeberler.az-a bildirib ki, hazırda Polşada böyük bir sığorta şirkətinin Linux data mərkəzlərini və Cloud sistemlərini idarə etmək və onların davamlı fəaliyyətini təmin etmək istiqamətində fəaliyyət göstərirlər.
Bayram Bayramlı qeyd edib ki, Polşaya getməkdə əsas məqsədi böyük şirkətlərin təcrübəsini öyrənməkdir:
“Polşa İT sahəsində Azərbaycandan çox irəlidədir. Belə ki, burada sistem administratorunun bir çox gündəlik işlərinin avtomatlaşdırılması, Cloud sistemlərinin tətbiqi, təhlükəsizlik məsələləri və digər məqamlar çox inkişaf edib”.
Onu da qeyd edək ki, saytımızda yayımlanan ilk araşdırma yazısı sosial şəbəkələrdə, ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
Məsələyə münasibət bildirən bəzi ekspertlər hesab edir ki, bü cür kadrların yetişməsi asan başa gəlmir. Qeyd edilir ki, belə kadrların formalaşmasına uzun zaman tələb olunur. Onlara, təhsillərinə burada xeyli investisiya qoyulur. Beləliklə, ekspertlər hesab edir ki, belə qənaətə gəlmək olar ki,qoyulan investisiyanın bəhrəsini burada yetərincə görə bilməyəcəyik.
Azərbayan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz Facebook səhifəsində məsələni şərh edərkən qeyd edib ki, hökumət uzun illər boyu formalaşan kadrlarının qayğısına qalmalı, bu prosesə ciddi yanaşmalıdır:
“Bəli, indi bizdə iqtisadi sıxıntılar var. Devalvasiya əmək haqlarına ciddi təsir edib. İT sektorda dövlət sifarişləri kəskin azalıb, bu sektorda ciddi ixtiasarlar olub. Təəssüf ki, yerli İT şirkətlərimiz də uzun illər boyu öz fəaliyyətlərini və bizneslərini əsasən dövlət sifarişləri üzərində qurublar. Buna görə də indiki durumda bəziləri iflas olub, xeyli İT kadrları ixtisar ediblər, bəziləri də sıfırdan başlamağa məcburdur. Hələ indi-indi xaricdə biznes qurmağa üstünlük verən İT şirkətlərimiz var. Hazırda bu sektorda investisiya yatırımları da yetərli deyil. Belə olan halda da İT kadrlar üçün çox çətin olur. Düşünürəm ki, hökumət uzun illər boyu formalaşan kadrlarının qayğısına qalmalı, bu prosesə ciddi yanaşmalıdır. Hökumət qənaət üçün İT xərclərin azaldılmasına deyil, daha da bu sahənin inkişafına diqqət yönəltməlidir”.
Ekspert hesab edir ki, başqa ölkələrdə olduğu kimi indiki çətin durumda məhz bu cür kadrların dəstəklənməsi üçün müəyyən dövlət proqramları qəbul edilməlidir:
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYT), İqtisadiyyat Nazirliyi, İqtisadi İslahatlara Dəstəklə bağlı yaradılan qurumlarımız bu problemi diqqətdə saxlamalıdırlar. Sabah bizim vəziyyətimiz daha yaxşı olanda, daha böyük işlərə, daha böyük İT layihələrə ehtiyacımız olanda məcbur olacağıq ki, bü cür İT kadrları xaricdən dəvət edək. Xarici İT mütəxəssislərə görülən işlərin nəticəsini də biz yaxşı bilirk ki, necə və neçəyə başa gəlir, dövlət və özəl sektor necə asılı vəziyyətə salınır?!”.