Azərbaycanda ABŞ dollarının nağd orta məzənnəsinin yay aylarında 1,60 AZN/USD səviyyəsinə qədər geriləməsi gözlənilir. Analitik qrupu daha əvvəl verdiyi 1,65 AZN/USD məzənnə proqnozunu yeniləyərək 1,60 AZN/USD-yə endirib. Buna səbəb kimi, Azərbaycanın maliyyə vəziyyətinin nisbi yaxşılaşması, büdcə xərclərinin cari şəraitə uyğunlaşdırılması, pul kütləsinin həcminin azaldılması, qiymətli kağızlar bazarının genişləndirilməsi amilləri göstərilir.
“May ayının sonuna qədər dolların 1,65 manat, turizm mövsümünün sürətlənməsi ilə – iyun-iyul aylarında isə 1,60 manat səviyyəsinə düşməsi gözlənilir”, – deyə Agentliyin ekspertləri qeyd ediblər.
Analitik qrup Report dünya bazarında neft qiymətlərinin yaxın 2 ay ərzində 60 dollar/barel səviyyəsinə çatacağını ehtimal edir: “Neftin qiymətindən asılı olaraq, dolların daha da ucuzlaşması və məzənnənin 1,55 AZN/USD səviyyəsinə düşməsi mümkündür”.
“Azərbaycan bazarında dolların məzənnəsi bank sektoru sağlamlaşdırılana qədər dalğalanmağa davam edəcək. Lakin, 2004-2014-cü illərdə müşahidə olunan sürətli kreditləşmə və iqtisadi artım bütün dünyada olduğu kimi Azərbaycanda da yenidən bərpa olunacağı gözlənilmir”, – deyə analitiklər əlavə ediblər.