2016-cı ildə Avropanın ən iri bankları öz gəlirini ofşor zonalarda qeydiyyata aldırmaqla 25 milyard avro vəsaiti vergidən yayındırmağa müvəffəq olublar.
“Oxfam” təşkilatı bildirir ki, ən populyar vergi limanları İrlandiya və Lüksemburq sayılır. Bank gəlirlərinin 29 faizi bu iki ölkədə qeydiyyatdan keçirib. Özünün 134 milyon avro məbləğində gəlirlərini Kayman adalarında qeydiyyata aldırmış “BNP Paribas” bankı da vergi qaçaqlarının siyahısında yer tutur.
Almaniyanın “Deutsche Bank”ı daha da irəli gedib. Bank öz ölkəsində cüzi itkilərini qeydə aldırsa da, vergi limanlarındakı gəlirləri təxminən 2 milyard avro təşkil edib.
“Oxfam” hesab edir ki, Avropa İttifaqına daxil olan ölkələrin hökumətləri iri maliyyə institutlarının vergi ödənişlərinə daha ciddi nəzarət etməlidirlər. Çünki bu cür böyük vergi itkiləri üzv ölkələrin iqtisadiyyatını zədələyir, bundan isə büdcədən maaş alan vətəndaşlar – həkimlər, müəllimlər və sosial sahədə çalışanlar daha çox ziyan görürlər.