2016-cı ildə Hesablama Palatası tərəfindən büdcədənkənar dövlət fondlarının vəsaitlərinə nəzarət çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki və Lənkəran şəhəri, Suraxanı və Ağcabədi rayon şöbələrində audit həyata keçirib.
Banker.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Hesablama Palatasının 2016-cı il üzrə hesabatına istinadən xəbər verir ki, nəzarət tədbiri keçirilmiş şöbələr tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə proqnozlaşdırma prosesi əsaslı aparılmayaraq hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, eləcə də mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslər üzrə gəlir potensialı tam nəzərə alınmayıb, məcburi dövlət sosial sığorta haqları üzrə proqnozlar tam icra edilməyib.
Nəzarət tədbirləri nəticəsində müəyyən edilib ki, məcburi dövlət sosial sığorta haqları üzrə proqnozların tam icra edilməməsinə bir sıra hallarda sahibkarlıqla məşğul olan fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyalarının hesablanmasının düzgün həyata keçirilməməsi, əsas fəaliyyət növünün düzgün uçota alınmaması, fiziki şəxslərlə hesablaşmaların düzgün aparılmaması, bəzi hallarda məhkəmə qətnaməsi ilə təmin edilmiş fiziki şəxslərin işçilərinin əmək haqqı fondu üzrə məcburi dövlət sosial sığorta haqlarının “Sığortaedənin Dövlət Sosial Müdafiə orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı (Forma B1)”na bərpa edilməməsi, hüquqi və fiziki şəxslər üzrə hesabatların vaxtında təqdim olunmamasına görə maliyyə sanksiyasının tətbiq edilməməsi səbəbindən şöbələr üzrə ümumilikdə 340,9 min manat məbləğində məcburi dövlət sosial sığorta haqqı az hesablanıb.
Həmçinin müəyyən edilib ki, bəzi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sosial sığorta nömrələrinin verilməməsi və ya verilmiş sosial sığorta nömrələrinin fərdi uçot bazasına işlənilməməsi səbəbindən yığım hesabına toplanılmış 209,2 min manat məbləğində vəsait müvafiq hesablara daxil edilməyib, məcburi dövlət sosial sığorta haqları üzrə debitor borclarının bağlanılması istiqamətində qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görülməyib.
Məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilən ödəmələrə gəldikdə isə müəyyən olunub ki, pensiya və müavinətlər üzrə müraciətlərin qəbul edilməsi, hesablanması, ödənilməsi və çatdırılması istiqamətində də bir sıra nöqsanlara yol verilib. Belə ki, nəzarət tədbirlərinin əhatə etdiyi dövrdə əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanması prosesində qanunvericiliyin tələblərinə tam əməl olunmayıb, bir çox hallarda pensiya işləri üzrə uçot vərəqələrinə ailə başçısını itirmiş ailələrin pensiya almaq hüququ ailə üzvlərinin, əlilliyə görə pensiyaçının himayəsində olan uşaqlarının doğum haqqında şəhadətnamələrinin sürətləri, əmək qabiliyyətsiz ailə üzvünə görə pensiyaçılar haqqında məlumatlarda və pensiya məbləğlərində dəyişikliklər barədə uçot vərəqlərində müvafiq qeydlər aparılmayıb.