Banker.az saytının CNBC-ə istinadən verdiyi xəbərə görə, Alibaba şirkətinin yaradıcısı Cek Ma robot CEO-ların yaradılması və yeni texnologiyaların ənənəvi biznesə təsirindən danışıb.
“30 ildən sonra Time jurnalının üz qabığında ən yaxşı CEO qismində böyük ehtimalla robot görəcəyik. Bu robot CEO məlumatları daha sürətlə yadda saxlayacaq, daha yaxşı hesablayacaq və rəqibləri ilə mübahisə etməyəcək” – deyə Cek Ma Çinin sahibkarlar klubunun iclasında çıxışı zamanı qeyd edib.
O qeyd edib ki, hələ 15 il əvvəl, elektron kommersiya və internetin ənənəvi biznesə təsiri barəsində xəbərdarlıq etmişdi, lakin o zaman onu heç kim dinləmirdi. Milyarder vurğulayıb ki, internet ilə əlaqəsi olmayan istənilən biznes gələcəkdə ciddi şəkildə zərər ilə üzləşə bilər.
Ma-nın sözlərinə görə, süni intellekt texnologiyaları mütləqdir, lakin maşınlar insanları əvəz etməməlidir. Texnoloji cəmiyyət robota insanın edə bilmədiyi şeyləri necə öyrətmək barədə düşünməlidir. Bununla da, robotlar “insanın partnyoru” ola bilər, rəqibi yox.