Gündəmimizdə geniş yayılmış könüllü fəaliyyətinin hüquqi tənzimlənməsi olduqca aktual məsələlərdən biridir. Könüllü (volontyor) qismində müxtəlif qurumlarda, təşkilatlarda, tədbirlərdə çalışanların sayı durmadan artmaqdadır. Lakin bir çox hallarda könüllü olaraq çalışanlar qanunla hansı hüquq və vəzifələrə malik olması barədə məlumatlı deyillər. Könüllü fəaliyəti ilə məşğul olmaq niyyətində olan istənilən şəxsin öz hüququ statusunun, yəni hüquq və öhdəlikərinin bilməsi onu gələcəkdə yarana biləcək problemlərdən qorumuş olur.
İlk olaraq, qeyd etmək lazımdır ki, könüllü fəaliyyəti ölkəmizdə birinci növbədə Azərbaycan Respublikasının “Könüllü fəaliyyəti haqqında” (Bundan sonra – Qanun) Qanunu ilə tənzimlənir. Qanun könüllü fəaliyyətinə dair anlayışlara hərtərəfli aydınlıq gətirməklə yanaşı, bu fəaliyyətin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edir.
Lakin gəlin əvvəl müəyyən edək, könüllü kimdir və könüllü fəaliyyəti hansı anlama gəlir. Könüllü fəaliyyət – Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir. Qanunun təqdim etdiyi anlayışda vurğulanan əsas məqam bu fəaliyyət çərçivəsində görülən işin ictimai faydalı və gəlirsiz olmasıdır. Başqa sözlə desək, könüllünün gördüyü iş nəticədə cəmiyyətə hər hansı bir formada xeyir verməli və qarşılığında pul və ya başqa bir maddi mükafatla qiymətləndirilməməlidir. Könüllü qismində vətəndaş statusundan asılı olmayaraq istənilən şəxs çalışa bilər. Yəni, vətəndaşlar, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər bu fəaliyyətlə məşğul olmaqda azaddırlar.
Mövcud problemlərdən biri “könüllü” anlayışının müasir dövrdə şirkətlərdə, müxtəlif qurumlarda, kommersiya təşkilatlarında çalışan təcrübəçilərdən (stajor) fərqləndirilməsidir. Könüllülərlə təcrübəçilərin fəaliyyətindəki əsas fərqi anlamaq üçün Qanunun 4-cü maddəsinə nəzər yetirmək lazımdır. Belə ki, həmin maddəyə əsasən, şəxs öz iş yerində könüllü fəaliyyətlə məşğul ola bilməz. Yəni, əmək müqaviləsi əsasında işəgötürən ilə əmək münasibətlərində olan bir işçiyə həmin iş yerində könüllü fəaliyyətini həyata keçirməsi qadağandır. İkincisi, kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə ümumiyyətlə yol verilmir. Könüllü fəaliyyətinin təşkilatçıları yalnız dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları (bələdiyyə) və qeyri-hökumət təşkilatlarıdır. Buradan da aydın olur ki, müxtəlif kommersiya şirkətlərində əmək haqqı ödənilmədən təcrübə keçən şəxsləri könüllü adlandırmaq olmaz. Həmçinin, könüllü əməyinin işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadəsinə yol verilmir. (Qanunun 4.3-cü maddəsi). Beləcə bir daha bu qənaətə gəlmək olar ki, şirkətlərdə geniş yayılmış əvəzinə əmək haqqı ödənilməyən fəaliyyət özü özlüyündə könüllü fəaliyyəti ola bilməz. Sözügedən fəaliyyət yalnız təcrübə xarakteri daşıyır və könüllü fəaliyyəti haqda qanunvericiliklə əhatə olunmur, habelə bu cür fəaliyyət növü ümumiyyətlə qanunla, təəssüf ki, kifayət qədər hərtərəfli tənzimlənmir. Bu səbəbdən təcrübəçilərin (stajorların) nə könüllü, nə də rəsmi işçi statusunun daşımaması, qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrlə malik olmaması bir çox arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Təəssüf ki, bəzi hallarda təcrübəçilərin müəyyən bir müddətdən sonra işə götürmək vədi ilə gəlirsiz fəaliyyətə cəlb edib uzun müddət keçsə belə, əmək müqaviləsi bağlamadan gördükləri işə son verilməsi halları müşahidə olunur.
Könüllülər qanunla müəyyən olunmuş, onları bir hüquq münasibətlərinin subyekti kimi qoruya biləcək mühüm hüquqlara malikdirlər. Qanunun 7-ci maddəsinə uyğun olaraq, könüllülərin hüquqlarına aşağıdakılar aiddir:
- öz əmlakından istifadəyə görə kompensasiya almaq. Bu, şəxsin öz şəxsi avtomobilin, mobil telefonların, internetin və s. əmlakın istifadəsi nəticəsində çəkilən xərcinin əvəzini könüllü fəaliyyətin təşkilatçısından almaq hüququdur.
- sığorta olunmaq. Qanunverici sığorta olunmaq hüququnu könüllüyə verməklə yanaşı, həmçinin təşkilatçının üzərinə könüllünün həyatını və sağlamlığını sığorta etmək öhdəliyini qoyur. (maddə 6.0.6 )
- könüllü fəaliyyət könüllünün daimi yaşadığı yaşayış məntəqəsinin hüdudlarından kənarda həyata keçirildikdə gündəlik xərclərin ödənilməsini könüllü fəaliyyətin təşkilatçılarından tələb etmək. Başqa sözlə desək, könüllü fəaliyyət ilə məşğul olmaq üçün şəxsin gündəlik nəqliyyatdan istifadə, yemək və s. xərcləri təşkilatçı tərəfindən qarşılanmalıdır.
- müqaviləyə uyğun olaraq həyat və sağlamlığının mühafizəsini təmin edən əmək şəraitinin yaradılmasını, zəruri hallarda isə əməyin mühafizəsinin normaları və qaydaları haqqında təlim keçirilməsini tələb etmək;
- könüllü fəaliyyətin şərtləri və xarakteri haqqında informasiya əldə etmək.
- könüllü fəaliyyət haqqında informasiya yaymaq.
- könüllü fəaliyyətin təşkilatçılarından görülən işlərin yeri, həcmi, xarakteri və vaxtı göstərilməklə, könüllü fəaliyyət haqqında yazılı arayış almaq. İstənilən könüllü onun həmin fəaliyyət ilə məşğul olmasını təsdiq edən arayış almaq hüququna malikdir.
- könüllü fəaliyyəti həyata keçirərkən həyatına və sağlamlığına dəymiş zərərin əvəzini könüllü fəaliyyətinin təşkilatçılarından almaq.
Yuxarıda qeyd olunan müddəalardan əlavə, könüllülərin hüquq dairəsini genişlədirmək və onların fəaliyyətini təminat altına almaq məqsədi ilə qanunla təşkilatçıların üzərinə müəyyən öhdəliklər və vəzifələr qoyulub. Onlardan ən vacibi könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb edilmiş şəxslərlə müqavilə bağlamaq öhdəliyidir. Könüllü fəaliyyətin təşkilatçısı könüllü qismində çalışmaq niyyətində olan istənilən şəxslə mütləq şəkildə müqavilə bağlamalı, habelə onu yazılı şəkildə rəsmiləşdirməlidir. Digər tərəfdən, qanunverici müqavilə bağlamaq vəzifəsini könüllü kimi fəaliyyət göstərmək istəyində olan şəxsin üzərinə də qoyur. Sözügedən müqavilədə bir qayda olaraq müqaviləni bağlayan tərəflər (təşkilatçı və könüllü) və onlar haqda məlumatlar (ad, soyad, hüquqi ünvan və s. ), onların hüquq və vəzifələri, görüləcək işlər və göstəriləcək xidmətlər, müqavilənin müddəti, tərəflərin məsuliyyəti, müqaviləyə xitam verilməsinə dair müddəalar öz əksini tapmalıdır. Bundan əlavə, tərəflər qarşılıqlı razılıqla qanuna zidd olmayan istənilən bəndi müqavilə şərtlərinə əlavə edə bilərlər.
Hər bir hüquq münasibətlərinin subyektləri kimi, könüllülər də bir sıra hüquqlara malik olmaqla yanaşı, eyni zamanda müəyyən öhdəliklər daşıyırlar. Onların arasında əmək mühafizəsi, təhlükəsizlik, təşkilatın intizam qaydalarına riayət etmək, müqaviləyə uyğun olaraq göstərişlərə əməl etmək, konfidensial məlumatı gizli saxlamaq kimi öhdəliklər var. Həmçinin, könüllülər təşkilatçıya vurduğu maddi ziyana görə də məsuliyyət daşıyırlar.
Təəssüf ki, bir çox hallarda könüllülər qanunvericilikdə bu normanın mövcudluğu haqda məlumatlı deyillər və bu səbəbdən onların göstərdiyi fəaliyyət qanunun müdafiəsindən kənarda qalmış olur. Nəticədə, könüllülərin əməyi istismar olunur, onların fəaliyyəti qanunla deyil, şifahi razılaşmalarla tənzimlənmiş olur.
Şübhəsiz ki, müasir dönəmdə könüllü fəaliyyətinin dairəsi xeyli genişlənmişdir. Könüllülərin, onların çalışdıqları sahələrin sayı artdıqca bu fəaliyyətin hüquqi tənzimlənməsi məsələsi daha da aktuallaşır. Sözügedən fəaliyyətin iştirakçıları, yəni təşkilatçıların və könüllülərın qanunla onlara aid hüquq və vəzifələrə diqqət yetirməsi, onları hərtəfəli reallaşdırmağa can atması daha məqsədəuyğun hesab oluna bilər. Bilavasitə könüllülərin öz hüquqi statusunun bilməsi onların hüquqlarının qanunla hərtərəfli qorunmasına şərait yaradır, könüllü əməyinin istismarı hallarının qarşısını almış olur.
Müəllif: Əkbərova Leyla Mikayıl qızı, hüquqşünas