10 C
Baku
Thursday, December 12, 2024

Artıq əmlakınızı dəyər-dəyməzinə satmalı olmayacaqsınız

“Elektron hərraclar son nəticədə vergi ödəyicilərinin hüquqlarının pozulmasının qarşısını ala bilər”

Nazirlər Kabineti “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışı məqsədi ilə elektron hərracın təşkili və keçirilməsi Qaydaları”nı təsdiq edib. Bu qaydalarda istifadə olunan “elektron hərrac” anlayışı icra məmurunun sifarişi əsasında vergi ödəyicisinin siyahıya alınmış əmlakının elektron hərracın təşkilatçısı tərəfindən rəsmi internet saytı vasitəsilə elektron qaydada ixtisaslaşdırılmış açıq hərraclarda satışı mənasını ifadə edir.

Vüqar Bayramov

Vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərracda satışının daha operativ və səmərəli həyata keçirilməsi, dövlət büdcəsindən yayındırılmış vergi borclarının alınması ilə bağlı icraat prosesinin sadələşdirilməsi və bu sahədə şəffaflığın təmin olunması məqsədi ilə icra məmurları tərəfindən siyahıya alınmış əmlakların elektron hərrac vasitəsilə satılması üçün elektron hərracın təşkilatçısına sifarişlər verilir.

İqtisadçı-ekspert Vüqar Bayramov məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, elektron hərracların üstünlüyündən danışıb: “Biz xeyli müddətdir Azərbaycanda bütün hərracların elektron şəkildə keçirilməsini təklif edirik. Elektron hərracın keçirilməsinin əsas üstünlüyü ondan ibarətdir ki, proseslər sadələşir və şəffaflaşır. Artıq daha sadə prosedurla hərracın təşkili mümkün olacaq”.

Onun sözlərinə görə, eyni zamanda, bu hərraclar elektron olduğu üçün daha şəffaf olur və onun izlənməsi də mümkün olur: “Elektron hərracların izlənilməsi olduqca vacibdir. Bundan başqa, elektron hərraclarda məlumatlara çıxış imkanları asanlaşır”.

“Artıq elektrondursa, hərraca çıxarılan daşınmaz və daşınar əmlak ilə bağlı məlumatlar elektron olaraq potensial alıcılara təqdim olunur. Bu da məlumatlara çıxış imkanlarını xeyli artırır və nəticə etibarı ilə potensial alıcılar və eləcə də vətəndaşlar elektron olaraq hərraca çıxarılan daşınmaz və daşınar əmlak ilə bağlı məlumat almaq imkanına malik olurlar”.

İqtisadçı-ekspert Rəşad Həsənov

V. Bayranovun fikrincə, eyni zamanda, daha qısa zamanda hərracların keçirilməsinə imkan yaranacaq: “Elektron hərraclar imkan yaradacaq ki, daha qısa zamanda əmlakın satışını həyata keçirmək mümkün olsun. Hərraclar vasitəsilə həmin əmlakları qısa zamanda potensial alıcılara təqdim etmək mümkün olacaq”.

İqtisadçı-ekspert Rəşad Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tenderlərdə, hərraclarda qeyri-şəffaflıq və s. kimi məsələlər müasir iqtisadi sistemlə ziddiyyət təşkil edir: “Elektron hərracların tətbiqi hərracda iştirak etmə imkanlarını genişləndirəcək”.rashadhasanov

Ekspertin sözlərinə görə, elektron hərracların keçirilməsi şəffaflıq, rəqabətlilik, çeviklik baxımdan müsbət haldır: “Amma burada icraedici qurum da tam səmimi şəkildə öz mövqeyini ortaya qoymalıdır. Qanunların icrası səviyyəsi kifayət qədər aşağıdır”.

R. Həsənovun fikrincə, bu, həmçinin son nəticədə vergi ödəyicilərinin hüquqlarının pozulmasının da müəyyən qədər qarşısını ala bilər: “Çünki bəzi hallarda hərracların qeyri-şəffaf keçirilməsi son nəticədə vergi ödəyicisinin əmlakının dəyər-dəyməzinə satılmasına gətirib çıxardır. Bunun icra mexanizmi şəffaflaşdırılarsa, ola bilsin, son nəticədə Azərbaycan vətəndaşlarına, biznes subyektlərinə dəyən zərərin də həcminin azalmasına gətirib çıxartsın”.

Son xəbərlər
Digər xəbərlər