Bu ilin I rübündə Azərbaycanın valyuta bazarında ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi ötən ilin eyni dövrünə nisbətən 33,5% azalıb, avro ilə əməliyyatların həcmi isə 5,7% artıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, rüb ərzində valyuta əməliyyatlarının 82,2%-i dollarda, 17,8%-i digər valyutalarda aparılıb. Əməliyyatların 28,1%-i banklararası valyuta bazarında (BVB), 71,9%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.
Dollarla BVB-də aparılmış əməliyyatların 51,7%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95%-ni hüquqi şəxslərə valyuta satışı təşkil edib.
Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. 3 ay ərzində banklar 77 mln. dollar nağd valyuta satıb ki, bu da illik müqayisədə 2 dəfə azdır.
Hesabat dövründə AMB 24 valyuta hərracı keçirib. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xarici valyuta satışları 793,1 mln. dollar təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 36,7% azdır.
AMB-də valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarının Bloomberq platformasında təşkil edilən seqmenti normal fəaliyyət göstərib. Bu seqmentdə əməliyyatların həcmi 102.5 mln. dollar olub.