2 C
Baku
Saturday, December 14, 2024

Özünüməşğulluq: mövcud vəziyyət və perspektivlər

Zəhmət bütövlükdə insan cəmiyyətini dəyişdiyi kimi, hər bir fərdin həyatında da mühüm rol oynayır. Əmək insanı təkmilləşdirmiş, onu ali varlığa çevirmişdir. Sevmədiyin, bəyənmədiyin, bacarmadığın işi yerinə yetirmək çox ağırdır. Bu zaman insan öz əməyindən zövq almır, inkişaf etmir, gərginlik, mənəvi sıxıntı keçirir. Təbii ki, belə vəziyyətdə işçi peşəkar ola, uğurlu karyera qura bilmir. Həyatda öz yerini necə tapmalı, hansı peşəni seçməli sualı bu gün hər bir gənci düşündürür. Peşə, sənət, ixtisas seçmək hər bir gəncin həyata vəsiqəsinin başlanğıcıdır. Peşə seçiminə ciddi yanaşılmalı, o elmi əsaslara söykənməlidir.

Bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli nazirliyin rəsmi mətbu orqanı olan “Sosial həyat” jurnalındakı məqaləsində açıqlanıb.

A.Bədəlbəyli bildirib ki, peşəyönümü gənclərin peşə seçməyə hazırlanması, onların maraq və meylləri, əmək bazarının tələbatı nəzərə alınmaqla münasib peşəyə yiyələnməsi və məşğulluğunun təmin olunması məqsədi ilə həyata keçirilən tədbirlər sistemidir. Peşəyönümü, habelə insanlarda mövcud əmək bazarı haqqında aydın təsəvvür yaratmaq məqsədilə də həyata keçirilir.

Hər il ölkəmizdə orta ümumtəhsil məktəblərini 100 mindən çox şagird bitirir ki, onların bir qismi ali təhsil müəssisələrinə, bir hissəsi orta ixtisas və ilkin peşə hazırlığı müəssisələrinə daxil olur. Lakin məktəbi bitirmiş gənclərin əksəriyyəti, əsasən də regionlarda hərtərəfli peşəyönümü məsləhətləri almaq imkanı olmadığına görə hər hansı təhsilə, o cümlədən peşə təhsilinə və ya kadr hazırlığına cəlb olunmadan əmək bazarına atılır. Bu zaman onların müxtəlif peşələr üzrə bilik və bacarıqların formalaşdırılması əsasən qeyri-formal şəkildə həyata keçirilir. Bəzən onlar əmək vərdişlərini iş yerlərində, öz valideynlərinə, qohumlarına və işəgötürənlərə kömək edən zaman əldə edir, əksər hallarda isə zəruri bilik və bacarıqları olmadığı üçün iş tapmaqda çətinliklərlə üzləşirlər. Digər hallarda isə kortəbii etdikləri seçimə uyğun olaraq sevmədikləri, zəruri bacarıqları olmadığı peşə və ixtisaslar üzrə ali təhsil alaraq, diplomlu, lakin peşəkarlıq səviyyəsi aşağı olan kadrlar kimi əmək bazarına atılırlar. Bu zaman səriştələri işəgötürənlərin tələblərinə cavab vermədiyinə görə uzun müddət işsiz qalır, hətta təhsil aldıqları ixtisaslar üzrə də biliklərini itirirlər.

Yazıda qeyd olunur ki, Dünya İqtisadi Forumunun 2016-cı il üçün Qlobal Rəqabətqabiliyyətlilik Hesabatına əsasən, Azərbaycan 144 ölkə arasında ali təhsil və təlimin keyfiyyəti göstəricisinə görə 78-ci yerdə, ali təhsilə cəlb olunma üzrə 94-cü yerdə, işçi heyətinin təlimi üzrə 82-ci yerdə, ibtidai təhsilin keyfiyyəti göstəricisi üzrə isə 81-ci yerdədir. Bu baxımdan, məhsuldarlıq-əsaslı inkişaf modelinə keçid çağırışları fonunda ən mühüm təkmilləşdirmə istiqamətlərindən biri də insan kapitalının hazırlanması prosesinin keyfiyyətinin daha da yüksəldilməsidir ki, bu sahədə peşəyönümü işinin əhəmiyyəti danılmazdır.

Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən keçirilən aktiv əmək bazarları tədbirləri üzrə statistik məlumatlar da fərqli təhsilə malik işaxtaranların səriştələrinin əmək bazarının tələblərinə uyğunluğunun arzu olunan səviyyədə olmadığını nümayiş etdirir.

Ayrı-ayrı dünya ölkələrində özünüməşğulluqla bağlı layihələr formatında müəyyən təcrübələr olsa da, ilk dəfə Azərbaycanda məhz dövlət başçısının təşəbbüsü ilə bütün ölkəni əhatə edən, geniş formatda aktiv məşğulluq proqramının icrası ilə əlaqədar Sərəncam imzalanıb. Bu proqram ayrı-ayrı fərdlərin, onların timsalında ailələrin özünüməşğulluğuna yönəlsə də, nəticə etibarilə iqtisadiyyatda mühüm faktor olan kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, yeni iş yerlərinin açılması prosesinin daimi olması hədəfinə istiqamətlənib.

Özünüməşğulluq layihəsinin icrasına hazırlıq mərhələsində Məşğulluq Xidmətinin sifarişi əsasında respublikanın iqtisadi zonalarına daxil olan şəhər və rayonlar üzrə kiçik sahibkarlıq fəaliyyəti sahələrinə olan tələbatın öyrənilməsi məqsədi ilə kiçik sahibkarlar arasında iqtisadi sorğu keçirilib. Sorğunun nəticəsi olaraq respublikanın bütün şəhər və rayonları üzrə dayanıqlı və gəlir gətirə bilən biznes sahələri barədə məlumat toplanıb. Sorğu materialları layihədə iştirak etmək üçün müraciət edən iştirakçıların seçimində mühüm rol oynamışdır.

Qazanılmış təcrübə əsasında qısa müddət ərzində BƏT-in kriteriyalarına uyğun olaraq özünüməşğulluq fəaliyyətinə cəlb olunacaq vətəndaşlara biznesin təşkili ilə bağlı təlimlərin keçirilməsi, onlara biznes fəaliyyətinin inkişaf etdirilməsi istiqamətində məsləhətlərin verilməsi məqsədi ilə BƏT-in baş təlimçisi və Dövlət Məşğulluq Xidmətinin bu sahə üzrə olan məsul əməkdaşları tərəfindən respublikanın bütün şəhər və rayonları üzrə ümumilikdə 800-ə yaxın namizədlə üzbəüz müsahibələr keçirilib ki, onlardan da 138 nəfəri Bakı və Göyçay Regional Tədris Mərkəzlərində yeddi günlük təlimçilərin təlimi seminarlarına cəlb olunub.

A.Bədəlbəyli qeyd edib ki, aktivləri təhvil almış vətəndaşlar özünüməşğulluq fəaliyyətini həyata keçirir, biznes planlarında nəzərdə tutulmuş inkişaf tempini təmin etmək üçün səylərini davam etdirirlər. Aparılan müşahidələr layihənin uğurlu olacağına əminlik yaradır. İnsanların təşəbbüskarlığı, əzmkarlığı, çalışqanlığı deməyə əsas verir ki, bu şəxslərin mütləq əksəriyyəti bizneslərini nəinki uğurlu şəkildə davam etdirəcək, eyni zamanda genişləndirəcək, inkişaf etdirəcəklər. Gələcəkdə Məşğulluq Xidməti orqanları onlara bizneslərini inkişaf etdirmələri, sahibkarlıq fəaliyyətlərini genişləndirmələri üçün zəruri təlimlərə cəlb etməklə aidiyyəti dövlət orqanlarına müraciət etmələrinə hərtərəfli dəstək verməyə də hazırdır.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər