7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda broyler və fındıq zavodu hərraca çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyulun 4-də keçiriləcək hərracda 180 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. Bunlardan 34-ü kiçik dövlət müəssisə və obyekti, 91-i istifadəsiz qeyri-yaşayış sahəsi, 41-i səhmdar cəmiyyət, 14-ü isə nəqliyyat vasitəsidir.

Komitədən bildirilib ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Zaqatala Fındıq”, “Ağcabədi Aqrotexservis”, “Sabirabad Mexanikləşdirmə”, “Yevlax Yun”, “Xaçmaz Mexanizasiya Nəqliyyat“, “Şıxlar Broyler”, “Mingəçevir Qum-Çınqıl“ və digər bu kimi səhmdar cəmiyyətlər aiddir. Hərraca cıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı, Gəncə, Sumqayıt, Şirvan, Balakən, Zaqatala, Lənkəran və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 24 kvadratmetr ilə 147 min kvadratmetr arasında dəyişir. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aiddir. Həmin müəssisələrin özəlləşdirilməsi iqtisadiyyatın bir çox sahələrinin inkişaf etdirilməsinə imkan verir.

Torpaq sahəsi 18 min 350 kvadratmetr, ümumi faydalı sahəsi isə 3 min 881 kvadratmetr təşkil edən Zaqatala Barama Toxumu Zavodu aqrar və yüngül sənayenin inkişafına şərait yaradır. İnvestisiyalar hesabına belə müəssisə və obyektlərin maddi-texniki bazası yenidən qurulur, yeni sistemlər və texnologiyalar tətbiq olunur. Daha sonra fəaliyyətini genişləndirən bu kimi zavodlar, profil üzrə tələbatın ödənilməsində öz töhfəsini verir. Eyni zamanda, gücləndirilmiş istehsal nəticəsində müəssisələr tələbatı ödəməklə yanaşı, xarici bazarlara çıxış imkanı əldə edir. Bu isə ölkənin iqtisadi sahədə potensialının artmasına gətirib çıxarır.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında 40 saylı yeməkxananı nümunə kimi göstərmək olar. Gəncədə yerləşən həmin obyekt investorlar üçün iaşə sahəsində yaxşı qazanc deməkdir. Nəzərə alsaq ki, hər il Gəncəyə gələn turistlərin sayı artır, belə olan halda bu əmlakın fəaliyyətinin genişləndirilməsinə, təkmilləşdirilməsinə şərait yaradacaq.

Qeyd edək ki, fəaliyyəti yenidən tam gücü ilə bərpa edilən müəssisələrə yeni işçilər cəlb edilir. Müəssisələrin əksəriyyətinin rayonlarda yerləşməsi isə bölgələrin inkişafına təkan verir. Bu isə öz növbəsində ölkədəki iqtisadi aktivliyə müsbət təsirini göstərəcək.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 71-i paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir.

Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur keçmələri kifayət edir. Bunun üçün “privatization.az” portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10 faiz məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin “facebook”dakı rəsmi səhifəsi və “privatization.az” səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır. Bununla yanaşı, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbuat orqanı olan “Mülkiyyət” qəzetində də dərc edilir.

Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirilmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

Son xəbərlər
Digər xəbərlər