Əbu-Dabinin neft limanları Qətər bayrağı altında üzən, eləcə də Qətərə gedən və Qətərdən gələn bütün gəmilərlə əlaqəni kəsiblər.
“Bloomberg” agentliyinə istinadən, bu barədə “Petroleum Ports Authority” (PPA) tərəfindən gəmiçilik agentlərinə göndərilmiş xəbərdarlıqda bildirilir.
Qeyd edək ki, “Petroleum Ports Authority” Əbu-Dabinin milli neft şirkəti “Abu Dhabi National Oil Company” (ADNOC) tərəfindən beynəlxalq bazara məhsullarını tədarük etmək üçün istifadə olunan neft limanlarında əməliyyatlara nəzarət və tənzimləməni həyata keçirən qurumdur.
Qadağanı tətbiq edən limanların tərkibinə Əbu-Dabinin əsas terminallarından olan “Jebel Dhana” və “Ruwais”, həmçinin dəniz neft obyektləri daxildir.
Xatırladaq ki, bazar ertəsi Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ Qətərlə diplomatik münasibətləri kəsiblər. Ölkələr rəsmi Dohanı terror təşkilatlarına dəstək verməkdə və Yaxın Şərqdə stabilliyi pozmaqda ittiham ediblər.