“Azərbaycanla Avropa Komissiyası arasında “Strateji tərəfdaşlıq haqqında saziş” hazırlanır. Artıq Avropa İttifaqı (Aİ) Avropa Komissiyasına danışıqlar aparmaq hüququ verib”.
Bunu Avropa İttifaqı-Azərbaycan biznes-forumunda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, son 10 ildə Aİ ölkələrinin Azərbaycana yatırdığı investisiyalar ümumi investisiyaların 46%-ni təşkil edir: “Təkcə qeyri-neft sektoruna investisiyaların həcmi 3 mlrd. dollar civarındadır ki, bu da ümumi investisiya portfelinin 35%-i deməkdir”.
Nazir onu da deyib ki, “Şahdəniz” layihəsi üzrə işlər 93% yekunlaşıb: “Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə işlərin 72%-i, TANAP layihəsi üzrə 70%-dən çox, TAP layihəsi üzrə isə işlərin 42%-i yekunlaşıb”.