Yaponiyanın “kabu.com Securities Co.,Ltd” şirkəti kiberhücuma məruz qalıb. Bu barədə Kyodo agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, həmin şirkət internetdə müxtəlif xidmətləri – səhmlərin alqı-satqısını, valyuta əməliyyatlarını həyata keçirir. Kiberhücum nəticəsində şirkətin saytı bir müddət sıradan çıxıb. Şirkət ərizə ilə polisə müraciət edib. Hazırda hüquq-mühafizə orqanları hadisənin Avropada baş vermiş virusla əlaqəsini araşdırırlar. Əgər bu təsdiqini taparsa, onda həmin şirkətə hücum virusun Yaponiyada ilk işi olacaq.
Xatırladaq ki, iyunun 27-də virusun hücumu dünyanın bir çox ölkələrində, daha çox Ukraynada şirkətlərin İT sistemlərini sıradan çıxarıb. Bir çox neft, energetika, telekommunikasiya, farmaseft şirkətləri, o cümlədən dövlət orqanları bu virusun hücumundan zərər çəkiblər.
İlkin məlumatlarda həmin virusun “Petya” ailəsinə məxsus olduğu bildirilsə də, lakin sonradan tamamilə fərqli funksiyalara malik olduğu aydınlaşıb