9 C
Baku
Thursday, December 12, 2024

Kredit almaq daha da çətinləşəcək

2017-ci ilin may ayında Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən müştərilərə verilən kreditlərin həcmi azalıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən, may ayının 31-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği 14 mlrd. 378,6 mln. manat təşkil edib ki, bu da mayın 1-ə olan göstərici ilə müqayisədə 655,4 mln. manat və ya 4,36% azalma deməkdir. Ümumiyyətlə, ilin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 1 mlrd. 559,7 mln. manat azalıb.

İqtisadçı-ekspert Rəşad Həsənov açıqlamasında bu prosesin 2015-ci ilin əvvəlindən etibarən başladığını deyib: “Devalvasiyalardan sonra bankların likvidliyi və aktivlərinin keyfiyyəti kifayət qədər zəifləyib. Həmçinin, real sektorun, biznes subyektlərinin və eyni zamanda, vətəndaşların kredit qaytarmaq qabiliyyəti də aşağı düşüb. Belə bir şəraitdə, proseslərin sonrakı mərhələsində kreditlərin verilməsi prosedurları Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən daha da konkretləşdirilib və müəyyən qədər də sərtləşdirilib”.

“Eyni zamanda, daxili qərarları ilə banklar kredit verməyi mümkün qədər çətinləşdiriblər. Çünki əvvəlki dövrlərdə, yəni, heç bir maliyyə əsaslandırması aparmadan verilən kreditlərin geri qayıtmaq faizi kifayət qədər aşağı düşüb. Belə bir şəraitdə banklar kredit siyasətini yenidən restrukturizasiya etməli olublar. Nəticədə faktiki olaraq bu gün Azərbaycan bankları kredit vermədə çətinliklə üzləşiblər. O baxımdan ki, verilən kreditlərin geri qaytarma faizi aşağı düşüb. Yəni, risk böyükdür” — Həsənov qeyd edib.

Onun sözlərinə görə, bu risklə yanaşı, Mərkəzi Bank uçot dərəcəsini artırdıqdan sonrakı mərhələdə depozit qəbuluna başlayıb: “Banklara bu depozit hərraclarında iştirak edərək öz vəsaitlərini qısa müddətə yerləşdirməklə daha çox mənfəət əldə etmək imkanı yaranıb”.

Ekspertin dediyinə görə, eyni zamanda, bazarda iştirak edən kredit təşkilatlarının, bankların sayında ciddi azalma var: “Bu azalmanın özü də ümumiyyətlə götürəndə kredit portfelinin həcminə mənfi təsir göstərib. Artıq 11 bank faktiki olaraq kredit bazarından çıxarılıb və 50-dən çox kredit təşkilatı da öz fəaliyyətini dayandırıb. Bütövlükdə götürəndə bu proseslər faktiki olaraq kreditləşmənin həcminə kəskin təsir göstərməyə başlayıb. Nəticədə bankların 21,5 milyardlıq kredit portfelinin həcmi hazırda 15 milyarda qədər azalıb. Bu, bütövlükdə götürəndə 2014-cü ildən sonra ölkə iqtisadiyyatında baş verənlərin nəticəsidir və bu proses bundan sonra da davam edəcək”.

İqtisadçı-ekspert Samir Əliyev də Sputnik Azərbaycan-a açıqlamasında dollarla kredit götürən şəxslərin aylıq ödənişinin 2 dəfə artdığını deyib: “Bu da kredit ödənişində çox böyük problemlər yaradıb və kredit qoyuluşunda xeyli dərəcədə azalmalar baş verib. Kredit qoyuluşu getdikcə ona görə azalır ki, banklar verdiyi krediti geri ala bilmirlər. Vaxtı keçmiş kreditlərin həcmi artır. Banklar həm qaydaları sərtləşdiriblər, həm də bir sıra banklar tamamilə kredit verməyi dayandırıblar”.

“Bu gün zərərli aktivlər hələ ki həllini tapmayıb. Banklar müxtəlif vasitələrlə insanlardan krediti geri almağı çalışırlar. Ona görə də kütləvi kreditləşməyə üstünlük vermirlər” — Əliyev bildirib.

Ekspertin sözlərinə görə, eyni zamanda, Mərkəzi Bank depozit hərracı keçirir: “Hər depozit hərracında da 100-200 milyon arasında depozit cəlb edir. Kifayət qədər yaxşı faiz dərəcəsi var. Yəni, banklar kreditə yönəltməli olduğu pulun bir hissəsini Mərkəzi Bankın depozit hərracına yönəldirlər. Bu da kredit qoyuluşuna öz təsirini göstərir”.

İqtisadçının fikrincə, banklar tərəfindən müştərilərə verilən kreditlərin həcminin azalmasının digər səbəbi məzənnə fərqidir: “Nəzərə alaq ki, kreditlərin böyük bir hissəsi dollar ifadəsindədir. Manat da bu il başlayandan 1.90-dan 1.70-ə qədər bahalaşıb. Yəni, sabah manat ucuzlaşsa, dollar kreditləri manat ifadəsində artacaq. Məzənnə fərqinin də buna təsiri var”.

“Düşünürəm ki, banklar tərəfindən müştərilərə verilən kreditlərin həcminin azalması prosesi davam edəcək” – deyə o qeyd edib.

Son xəbərlər
Digər xəbərlər