9 C
Baku
Friday, December 13, 2024

Mərkəzi banklardan müjdə: Qlobal iqtisadi böhran başa çatır [təhlil]

Böhran dövründə bütün dünyanın diqqəti Federal Ehtiyat Sistemi və Avropa Mərkəzinin Bankının addımlarına yönəlir. Çünki onların qərarları həm dünya iqtisadiyyatına təsir edir, həm də dünya iqtisadiyyatında baş verən (bir çox hallarda görünməyən) amil və tendensiyaları göstərir. Böhran bitib, amma yenə də bu iki qurumun qərarları iqtisadçılar, bazar iştirakçıları, adi istehlakçılar tərəfindən diqqətlə izlənilir. Çünki dünya iqtisadiyyatında baş verənlər və yaxın gələcək üçün tendensiyalar müəyyən mənada həmin qərarlardan asılı olur.

Ötən günlərdə AMB və FES-nin yaxın zaman üçün makroiqtisadi siyasətinə həsr olunmuş iclasları demək olar ki, üst-üstə düşüb. Hər iki qurumun qərar və bəyanatlar göstərir ki, ABŞ və Avrozona iqtisadiyyatlarında mənfi tendensiyalar həm müşahidə olunmur, həm də gözlənilmir. Avropa Mərkəzi Bankı qərara alıb ki, əsas faiz dərəcələri dəyişməz qalsın, yəni yenidən maliyyələşdirmə faiz dərəcəsi 0%, borcalmalar üzrə dərəcə 0,25% və mərkəzləşdirilmiş depozitlər üzrə dərəcə mənfi 0,4% səviyyəsində saxlanılır. Bundan əlavə olaraq aktivlərin geri alınması üzrə aylıq miqdar 60 mlrd. avro həcmində müəyyən edilib ki, bu həcm də dəyişməz qalır. Hələlik bu göstəricilər 2017-ci ilin sonuna kimi qüvvədə olacaq. Eyni zamanda Bankın rəhbərliyi bəyan edir ki, növbəti ilin əvvəli üçün də həmin göstəricilər də müəyyən edilə bilər, amma bu barədə qərar ilin sonuna yaxın qəbul ediləcək. Pul-kredit siyasətinin Bank tərəfindən dəyişməz saxlamasının əsas səbəbi kimi onu qeyd etmək lazımdır ki, Bankın rəhbərliyinin mövqeyinə görə, hazırda mövcud olan siyasət inflyasiya səviyyəsinin 2%-dən aşağı, amma yaxın olan səviyyədə saxlamağa imkan və şərait yaradır. Bundan əlavə AMB-nin başçısı Mario Draqi bəyan edir ki, Avrozonada rüblük iqtisadi artımın 0,5-0,6% səviyyəsində olması qənaətbəxş göstəricidir, aparılmış proqnoz təhlillər göstərir ki, bu tarazlaşdırılmış artımdan sonra daha sürətli artım gözlənilir. Digər makroiqtisadi tendensiyalara gəlincə, AMB bəyan edir ki, qüvvədə olan pul-kredit siyasəti nəticəsində daxili istehlakın gücləndirilməsi, borcalma yükünün azalması, investisiyaların artımı, biznesin rentabelliyinin və əmək bazarında məşğulluğun artması müşahidə olunur. Bundan başqa Avrozonada müşahidə olunan monetar vəziyyət də müsbət göstəricilərə malikdir. Statistikaya əsasən, geniş mənada pul kütləsinin (M3 aqreqatı) illik artım tempi 2017-ci ilin aprel ayında 4,9%, may ayında 5% təşkil edib ki, bu da M. Draqinin fikrincə, sürətli artımdır. Vacib məqam da odur ki, M3-ün artımı əsas olaraq onun likvid komponentləri hesabına formalaşıb. Əlavə olaraq, fərdi sektora verilən kreditlərin həcmi 2,4-2,6% təşkil edir ki, bu da müsbət göstəricidir. İstehlak kreditləri üzrə də müsbət dinamika qeyd olunur ki, nəticədə pul-kredit siyasəti öz lazımı və gözlənilən nəticələrini verir. Amma eyni zamanda nail olunmuş makroiqtisadi tarazlıq və inkişaf hələlik o dərəcədə güclü və sabit deyil və pul-kredit siyasətinin sərtləşdirilməsi vaxtı hələ çatmayıb.

 

Avropa barədə bu qədər. ABŞ-da nə baş verir? Federal Ehtiyat Sistemi öz iclasını keçirərək siyasətinin dəyişməz saxlanması barədə qərarlar qəbul edib. Belə ki, əsas faiz dərəcələri 1-1,25% səviyyəsində saxlanılıb ki, bunun da makroiqtisadi əsasları var. FES-in bəyanatında deyilir ki, iyun ayında keçirilmiş son iclasdan sonrakı aparılan təhlil göstərir ki, əmək bazarında vəziyyət bu il güclənir, iqtisadi artım səviyyəsi qənaətbəxş kimi qiymətləndirilir, əsas kapitala investisiyaların və daxili xərclərin həcmi artmaqdadır. Hələlik inflyasiya səviyyəsi hədəf olan 2%-lik səviyyəsindən aşağı olsa da, proqnozlar göstərir ki, yaxın zaman ərzində inflyasiya 2%-ə yaxın olmalıdır. FES bəyan edir ki, Açıq bazarda Əməliyyatlar üzrə Komitənin əsas vəzifələri məşğulluğu təmin etmək və qiymətlərin sabitliyi üzrə nəzarət etməkdir ki, birinci amilə görə proqnozlarsa əsasən məşğulluq daha güclənəcək, inflyasiya isə yaxın 12 ay ərzində 2%-dən aşağı olacaq. Ümumi makroiqtisadi gözləntilər isə tarazlaşdırılmış kimi qiymətləndirilir. Ümumilikdə demək olar ki, hazırda FES-in siyasəti sabitliyin qorunmasına, iqtisadi artımın indiki səviyyədə təmin edilməsinə, inflyasiyanın 2%-ə yaxın olmasına hədəflənir.

 

Həm ABŞ, həm Avropada makroiqtisadi vəziyyətinin yüksək səviyyəsində təhlili göstərir ki, hazırda monetar tənzimləyicilərinin fikirləri inkişafın təmin edilməsinə, dəstəklənməsinə və hətta artımın gələcək sürətləndirilməsinə yönəldilir. AMB və FES-in perspektivlərinin qiymətləndirilmələri çox müsbətdir, bu da hazırda dünya iqtisadiyyatının vəziyyətinin dəyərləndirilməsinə əsas məqam və amillərdir. Faktiki olaraq, hazırda dünya iqtisadiyyatının böhrandan bərpası elə güclü deyil ki, dünyanın əsas iki iqtisadi mərkəzində pul-kredit siyasəti sərtləşdirilə bilsin. Etiraf da etmək lazımdır ki, hələlik buna ehtiyac da yoxdur, çünki yumşaq pul-kredit siyasətinin əsas təhlükəsi inflyasiyanın yüksəlməsidir – burada isə, nə ABŞ-da, nə Avrozonada bunun qorxusu yoxdur. Buna görə, FES-in də, AMB-nin qərarları əsas olaraq indikatordur ki, həmin regionlarda iqtisadi vəziyyətin və şəraitin pisləşməsi üzrə ehtimallar yoxdur. Faktiki olaraq, həmin qurumlarının qərarları ona görə gözlənilir ki, faiz dərəcələrinin AZALDILMASI baş verməsin, çünki bu, iqtisadiyyatda mənfi tendensiyaların yaranmasının ilk indikatorudur. Həmin vəziyyətin olmaması həmçinin Beynəlxalq Valyuta Fondunun proqnozları da göstərir.

Belə ki, BVF-nun son hesabatında 2017-ci il üçün dünyada iqtisadi artımının 3,5%-lik səviyyəsində proqnozlaşdırılır ki, bu da 2016-cı ilin faktiki göstəricisindən 0,3 faiz bəndi çoxdur. O cümlədən, ABŞ-da 2,1% (artım tempi 0,5 faiz bəndi), Avrozonada isə 1,9% (+0,1 faiz bəndi) səviyyəsində iqtisadi artım proqnozlaşdırılır. Dünya iqtisadiyyatı barədə danışanda mütləq olaraq ən iri iqtisadiyyatlarından biri olan Çini unutmaq olmaz. Çin dünyanın ən iri istehsalçılarından və ən iri istehlakçılarından biridir. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, Çində 2017-ci ildə iqtisadi artım 6,7% olmalıdır. Burada əsas məqam odur ki, azalma gözlənilmir (2016-cı ildə Çinin iqtisadi artımı 6,7% təşkil edib). Dünya iqtisadiyyatının yaxın perspektivləri üzrə risklərə gəlincə, BVF bəzi məqamları qeyd edir, amma etiraf etmək lazımdır ki, bunların heç biri nəzarət edilməyən deyil. Məsələn, BVF risk kimi ABŞ-da yarana biləcək siyasi gərginliyi qeyd edir, amma ABŞ-ın tarixi göstərir ki, burada siyasi gərginlik çox və çox nadir haldır və indiki halda nə Trampın impiçmenti, nə də digər hər hansı ciddi siyasi sarsıntı real görünmür. Bundan əlavə Çində valyuta volatilliyi qeyd edilir ki, bu amil barədə demək olar ki, Çinin rəhbərliyi artıq iki il ərzində bu problemin yaranmasına imkan verməməyə çalışır və atılan addımlar hələlik müsbət nəticələrini verir. Müəyyən gərginlik və dünya iqtisadiyyatına mənfi təsir edə biləcək amil Çin və ABŞ arasında narazılığının ticarət və ya valyuta müharibəsinə çevrilməsi ola bilər. Bu amil çoxlu dərəcədə ölkələrin rəhbərlərinin şəxsi qərarlarından asılıdır və buna görə də proqnozlaşdırılan amillərdən deyil. Etiraf etməliyik ki, bu risk var və onun ehtimal böyükdür. Nəhayət, BVF həmişəki kimi iqtisadiyyatdan uzaq olan geosiyasi gərginlik risklərini də qeyd edir, amma bu amil, demək olar ki, BVF-nin bütün hesabatına avtomatik olaraq daxil edilir – zəmanət belədir ki, dünyanın hansı regionunda müharibə, münaqişə, siyasi böhran yaranacağını əvvəldən dəqiq demək olmaz. Lakin ümumilikdə, Beynəlxalq Valyuta Fondunun proqnozları müsbətdir.

Yekun kimi demək olar ki, ABŞ və Avrozonanın iqtisadi tənzimləyicilərinin qərarları və bəyanatları dünya iqtisadiyyatında sabitliyinə nail olduğunu, yaxın perspektiv üçün müsbət proqnozların olduğunu əks etdirir. Əlavə etsək ki, Çinin iqtisadi artımı üzrə də azalma proqnozları yoxdur, demək olar ki, dünyanın əsas iqtisadi mərkəzlərində mənfi tendensiyalar mövcud deyil. Bu da indi dünya iqtisadiyyatı üçün əsasdır…

©APA Analitik Mərkəzi

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər