Fransa prezidenti və hökumətinin akreditasiyalı tərcüməçisi, Sinxron Tərcüməçilərin Beynəlxalq Assosiasiyasının ilk azərbaycanlı üzvü Elvin Abbasbəyli bu məsuliyyətli işin öhdəsindən yetərincə gəlir. Hazırda Fransada yaşayıb, elmi və peşəkar tərcüməçilik fəaliyyətilə məşğul olan həmvətənimiz Azərbaycan portalına müsahibə verib. Banker.az həmin müsahibəni təqdim edir:
– Elvin bəy, niyə sırf fransız dili və Fransa? Bu dilə sevgi uşaqlıqdan yaranıb, yoxsa təsadüf nəticəsində tərcüməçi olmusunuz?
– Neftçala Rayonunda müəllim ailəsində dünyaya gəlmişəm. Orta təhsilimi Neftçala şəhər Əlif Piriyev adına 2 saylı orta məktəbində, ali təhsilimi isə Azərbaycan Dillər Universitetinin fransız dili tərcümə fakültəsində almışam. Daha sonra ali təhsilimi davam etdirmək üçün Fransaya gəldim.
Fransız dilinə sevgiyə gəlincə, açığı, məktəbdə rus dilindən əlavə sadəcə bu dil tədris edilirdi. Sovet zamanı olduğu üçün rus dili xarici dil hesab edilmirdi. Beləcə, fransızcanı mən seçmədim, əksinə o məni seçdi. Tərcüməçi olmağa 15 yaşımda qərar verdim. Tarix dərsində müəllimin masasında bir qəzet gördüm. Qəzetdə Qorbaçov və Reyqanın şəkli vardı. Amma diqqətimi onlar deyil, ortalarında duran adam çəkdi. İki prezidentin arasında duran adamın kim olduğunu müəllimdən soruşanda tərcüməçi olduğunu söylədi. Elə o zaman bu peşə mənə çox maraqlı gəldi və tərcüməçi olmağa qərar verdim. Maraqlısı odur ki, şəkildə gördüyüm məşhur sinxron tərcüməçi Pavel Palajçenko ilə artıq həmkaram və tez-tez Avropa Şurasında eyni iclaslarda tərcüməçilik edirik. Yazdığı kitabları da imzalayaraq mənə bağışlayıb. Tərcüməçi olmağımda onun rolu danılmazdır. Bunu onun özünə də demişəm. Feysbukda da tez-tez söhbətləşirik.
– Bir az da elmi və pedaqoji fəaliyyətinizə toxunaqmı?
– Azərbaycan Dillər Universitetinin son kursunda Fransa Səfirliyində bir aylıq təcrübə keçdim və o zamankı səfir Jan-Pyer Ginütün mənə göstərdiyi etimad sayəsində xarici işlər naziri və digər nazirlərlə görüşlərində də tərcüməçilik etdim. Fransa hökumətinin verdiyi təqaüdlə Strasburq Universitetinin nəzdindəki Yazılı və sinxron tərcüməçilik və beynəlxalq əlaqələr İnstitutunda (ITI-RI) ilk öncə yazılı tərcümə üzrə master daha sonra isə sinxron tərcümə üzrə master diplomu aldım. Bu diplomları aldıqdan sonra peşə fəaliyyətimlə yanaşı Strasburq Universitetində tərcüməşünaslıq üzrə elmi iş yazdım və bu yaxınlarda müdafiə edəcəm. Mövzum Osmanlı İmperiyası və Rus çarlığı arasında 1774-cü ildə imzalanmış Küçük Kaynarca müqaviləsinin terminologiyasının analizi və tərcüməçilərin bu prosesdə oynadığı roldur. Bu müqavilə üç dildə, osmanlı türkcəsi, rus və italyan dillərində hazırlanıb. Elmi işimdə üç versiyanın və bir fransız tərcümənin qarşılıqlı şəkildə analizini aparmışam.
Sinxron tərcümə ilə yanaşı yazılı tərcümə fəaliyyətilə də məşğul oluram. Kitab tərcümələri üzərində işləyir və elmi məqalələr yazıram. Bundan əlavə, Parisdə yerləşən və Sorbon Universitetinə daxil olan Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda (İNALCO) Azərbaycan dilini tədris edirəm.
– Deyirlər tərcümə qadın kimidir: gözəli dəqiq olmur, dəqiqi isə gözəl. Bəs siz necə tərif verə bilərsiniz bu peşəyə?
-Bu suala cavab vermədən öncə demək lazımdır ki, yazılı və şifahi (ardıcıl və sinxron) tərcümələrin həyatakeçirilmə üsulları kifayət qədər fərqlidir. Yazılı tərcümə prosesində tərcüməçinin vaxtı var, lüğətlərə baxa bilir, internetdə araşdırma aparır və s. Yəni etdiyi tərcüməni “gözəlləşdirmək” üçün tələsməsinə o qədər də ehtiyac yoxdur. Lakin şifahi tərcümədə zaman çox az olur. Ardıcıl tərcümədə natiqin danışması əsnasında bloknotda qeydlər alarkən ən azı bir az vaxt olur. Amma sinxron tərcüməçi bir neçə saniyə içərisində deyəcəyinə qərar verməlidir. Sinxronçu vaxtın azlığını nəzərə alaraq edilən tərcümənin “gözəl” olmasa da, “xoş” olmasına çalışmalıdır. Şifahi tərcüməni çətinləşdirən digər faktor isə onun insanlar qarşısında edilməsidir. Yüksək səviyyəli şəxslər, əsasən də dövlətin birinci şəxsinə tərcümə etmək stresli və məsuliyyətli işdir. Kameralar, fotoqraflar və sizin etdiyiniz tərcüməni olduğu kimi təmsil etdikləri mətbuat orqanlarına verəcək jurnalistlər və s. Bunlar da əlavə stress mənbəyi hesab edilə bilər.
– İnsanın düşündüyü dil onun ana dilidir. Səmimi etiraf edin, hansı dildə düşünürsünüz?
– İnsan ana dilində və yaxşı bildiyi dil(lər)də düşünə bilər. Bu da kontekstdən asılıdır. Sinxron tərcümədə Azərbaycan, Fransız, İngilis, Rus və Türk dillərilə işləyirəm. Yazılı tərcümədə isə bu beş dildən əlavə İspan, İtalyan və Alman dillərindən də bəzən tərcümələr edirəm. Xarici dillərə marağım böyükdür. Bacardığım qədər və vaxt imkan verincə yeni dillər öyrənməyə çalışıram. Lakin düşüncə dillərim Azərbaycan və Fransız dilləridir. Azərbaycanla bağlı məsələlərdə ana dilimdə düşünürəm. Elmi və peşə fəaliyyətimlə bağlı məsələlərdə isə fransızca fikirləşirəm. Çünki təhsilimin böyük hissəsini fransız dilində almışam və bu dildə düşünmək daha asandır. Başqa dillərdə düşündüyümü xatırlamıram. Lakin beyin sürprizlərlə doludur…
– Sinxron tərcümə bu sahənin ən çətin qoludur. Hətta eşitdiyimə görə, sinxron tərcüməçilərin xüsusi işarət dili var. Bir qədər də bu haqda danışın…
– Tərcüməçilər qeydlərini götürmək üçün xüsusi simvollardan və ya sözlərin qısaldılmış formalarından istifadə edirlər. Buna ingilis dilində note-taking deyilir. Universal sistem mövcud deyil. Hər bir tərcüməçi sadəcə özünün başa düşəcəyi sistemi yaradır. Sinxron tərcümə məktəblərinə qəbul imtahanlarında münsiflər heyəti tərəfindən tələbəyə 2-3 dəqiqəlik bir mətn oxunur. Tələbə də bu sistemlə qeydlər alır və nitq bitdikdən sonra onu aldığı qeydlərə göz ataraq öz dilinə ardıcıl şəkildə tərcümə edir. Məqsəd tələbənin yaddaşını və belə bir qeydgötürmə bacarığını yoxlamaqdır. Sinxron tərcümə məktəblərində bu sistemin əsasları tədris edilir, amma yenə də tələbə öz sistemini yaratmalıdır. Təbii ki, başqa həmkarlardan da maraqlı fikirləri alıb öz sisteminə tətbiq etmək mümkündür. Bu sistem stenoqrafiya deyil. Bir cümləni 3-4 simvolla və ya sözlə də qeyd etmək mümkündür. Əsas məsələ yaddaşdır. Bu işarələr sadəcə deyilmiş nitqi xatırlatmaq üçün istifadə edilir.
– Elvin bəy, rəsmi olaraq Fransa prezidentinin və hökumətinin tərcüməçisisiniz. Bu, qürurverici haldır. Rica edirəm, bu haqda ətraflı məlumat verəsiz…
– Bəli, fransız və Azərbaycan dilləri üzrə Fransa prezidenti və hökumətinin akreditasiyalı tərcüməçisiyəm. Qürurverici olmaqla yanaşı, çox məsuliyyətli işdir. Bir tərcüməçinin karyerasında ölkənin birinci şəxsinin təcüməçisi olmaq bəlkə də çatılmalı olan ən son nöqtədir. Xarici ölkənin prezidentinin rəsmi tərcüməçisi olmaq isə daha çətindir. Strasburq Universiteti nəzdindəki Yazılı və Sinxron Tərcüməçilik və Beynəlxalq Əlaqələr İnstitutunda (ITI-RI) sinxron tərcümə təhsilimi başa vurduqdan sonra Avropa İttifaqı və Avropa Şurasında akreditasiyadan keçdim. Beynəlxalq təşkilatlardan əlavə Azərbaycan rəsmiləri üçün də tərcüməçilik edirəm. Avropada sinxron tərcüməçilər tərəfindən qəbul edilmənin yollarından biri 1953-cü ildə qurulmuş və 3000-dən çox sinxron tərcüməçini bir araya gətirən Sinxron Tərcüməçilərin Beyəlxalq Assosiyasiyasının (AIIC) üzvü olmaqdır. Ancaq proses uzun və çətindir. Başqa üzvlərin dəstəyini və imzasını almaq lazımdır. Məndən öncə azərbaycanlı üzv olmadığına görə proses daha uzun çəkdi. Amma, bu Assosiyasiyanın ilk azərbaycanlı üzvü olmağa nail oldum.
Fransanın bir neçə prezidentinin tərcüməçisi olmuş həmkarım haqqımda Fransa Xarici İşlər Nazirliyinə məlumat verib, məni tövsiyə etdi. Onlar da mənimlə əlaqə saxlayıb diplomlarımı istədilər. Üstündən bir müddət keçəndən sonra Azərbaycan Prezidentinin Parisə səfəri zamanı keçmiş Fransa Prezidenti Fransua Ollandın tərcüməçisi kimi çağırıldım. Beləcə Fransa Prezidentinin Azərbaycan Prezidenti və Birinci Xanımı ilə olan görüşlərini, eyni zamanda Azərbaycan Prezidentinin Fransa Parlamentinin hər iki palatasının (Milli Assambleya və Senat) prezidentləri ilə olan görüşlərində Fransa tərəfindən tərcüməçi olaraq iştirak etdim. Amma Azərbaycan Prezidentinə Avropa İttifaqı üçün Brüsseldə və Bakıda başqa konfransda tərcümə etmişəm. Bundan əlavə Fransa nazirlərinin azərbaycanlı həmkarları ilə görüşlərində də tərcümə edirəm.
– Fransız dili sevgi dili sayılır. Zərif və diləyatımlı olduğu qədər də qəlizdir. Amma hər bir dilin açarı mütləq ki, var. Fransız dilini daha tez və rahat öyrənmək istəyənlərə ipucu verə bilərsiniz?
– Məncə, sevgi dili ilə bağlı yanaşma subyektivdir. Amma qəlizliyi danılmaz reallıqdır. Fransız dilində istisnalar çoxdur. Fransızlar bununla bağlı zarafat edərək deyirlər ki, “dilimizdə normal qaydalar istisna, istisnalar isə normal qaydadır”. Hər bir dilin öyrənilməsinin “açarı” mövcuddur. Firimcə, bu açar öyrənilən dilə sevgi ilə yanaşmaqdır. Əgər bir dili hər hansı məcburi səbəbə görə öyrənirsinizsə və ya ən azı belə düşünürsünüzsə, əmin olun ki, o dili öyrənə bilməyəcəksiniz. Necə deyərlər “Zorla sevgi olmaz”.
Dili öyrənməyin asan yolu
Dilin öyrənilməsi də öyrənən şəxsin istedadından və dil bacarıqlarından asılıdır. Məsələn, italyalı fransız dilini bir almandan daha asan öyrənə bilər. Bunun səbəbi italyan və fransız dillərinin roman dilləri olmasıdır. Amma alman holland dilini bir fransızdan daha tez mənimsəyə bilər. Bəzən hətta dillərin eyni ailədən olması da tez öyrənməyə kömək etmir. Dediyim kimi dil bacarıqları və istedad da önəmli faktorlardır.
Fransız dilini öyrənmək istəyənlərə məsləhətim bu dili sevmələri, çoxlu kitab oxumaları (bu, qəzet və dərgi də ola bilər), radio dinləmələri və mümkün olduğu qədər fransız dilinin daşıyıcıları ilə ünsiyyətdə olmağa çalışmalarıdır. Dil öyrənilməsi uzun və bəzən də yorucu proses ola bilər. Amma ruhdan düşməmək lazımdır. Bu dil böyük mədəniyyətə aparan yolun qapısının açarıdır.
– Tərcümə zamanı qarşılıq tapa bilmədiyiniz ifadələrdən bir neçəsini səsləndirə bilərsinizmi?
– Bu cür hallar qaçılmazdır. Bəzən bu cür ifadələrin qaşılığı başqa dildə olmur. Bu da normal haldır. İki fərqli mədəniyyət arasında körpü rolunu oyayan tərcüməçi üçün də bu baş verə biləcək ən qorxulu vəziyyətlərdən biridir. Digərləri isə lətifələr və atalar sözləridir. Bəzən şeir söyləyən natiq də olur. Amma tərcüməçi bunlara hazır olmalıdır. Tərcüməçi hər gün öz üzərində işləməli və dünya görüşünü artırmalıdır. Peşə sirrinə görə konkret misallar çəkə bilməyəcəm, amma bu cür vəziyyət yarandıqda izah verərək (ifadəni və atalar sözün hərfi tərcümə edərək, termini açıqlayaraq) məsələni həll etmək mümkündür. Sinxron tərcüməçilərdən biri mənə bir hadisədən bəhs etmişdi: Natiqlərdən biri lətifə söyləyir və təbii olaraq dinləyicilərin də buna gülməsini gözləyir. Sinxron tərcüməçi də bu lətifəni çevirərsə onun dadının duzunun qaçacağını bildiyi üçün dinləyicilərə belə deyir: “Natiq lətifə söylədi və bunun tərcüməsi mümkün deyil, amma sizin məcbur gülməniz lazımdır, yoxsa işimdən olacam”. Bunu eşidən dinləyicilər də gülür, natiq də elə bilir ki, onun lətifəsi gözəl şəkildə tərcümə edilib. Bunu deməkdə məqsədim odur ki, sinxron tərcüməçi həm də hazırcavab olmalıdır.