6 C
Baku
Monday, December 16, 2024

Sığorta şirkəti işçisini azad etmək üçün icazə alacaq

Azərbaycanın sığorta şirkətləri bəzi əməkdaşlarını işdən azad etmək üçün Dövlət Sığorta Nəzarəti Xidmətindən icazə almalı olacaqlar. Bu “Sığorta fəaliyyəti haqqında” qanuna bir qədər əvvəl edilmiş əlavə və dəyişikliklərdə nəzərdə tutulub.

Belə ki, qanuna əlavə edilmiş 38.6-cı maddədə bildirilir ki, sığortaçı məsul aktuarisi ilə bağladığı əmək müqaviləsinə yalnız sığorta nəzarəti orqanına əsaslandırılmış müraciət etməklə, bu orqanın razılığı əsasında xitam verə bilər.

Ümumiyyətlə qanuna edilən əlavə və dəyişikliklərdə aktuari institutunun formalaşdırılması, onun sığorta sisteminin ciddi elementinə çevrilməsi nəzərdə tutulur. Belə ki, qanuna Aktuari fəaliyyəti barədə yeni fəsil əlavə edilib. Əlavələrə əsasən aktuari fəaliyyətinin məqsədi sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin bu Qanunla tələb olunan səviyyəsinin təmin olunması məqsədilə müvafiq hesablamaların aparılmasıdır. Bu hesablamalara sığorta tarifləri; tələb olunan kapitalın məbləği; məcmu kapitalın məbləği; sığortaçının öz vəsaitinin məbləği; sığorta ehtiyatlarının məbləği; zərərlilik dərəcəsi; sığorta və ya təkrarsığorta müqavilələri üzrə şəxsi tutum kimi göstəricilər aiddir.

Aktuari fəaliyyəti ilə məşğul olmaq istəyənlər sığorta nəzarəti orqanı tərəfindən attestasiyadan keçmək şərti ilə 5 illik şəhadətnamə almalı olacaqlar.  Dəyişikliklərə əsasən hər bir sığorta şirkətində məsul aktuari fəaliyyət göstərəcək. Məsul aktuari şirkətin maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı sığortaçının gündəlik vəziyyətini nəzarətdə saxlamalı, sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyətinin pisləşməsinə səbəb ola bilən hallar barədə sığortaçının İdarə Heyətini və Direktorlar Şurasını xəbərdar etməlidir. Bununla əlaqədar tədbirlər görülmədikdə isə aktuari bu vəziyyət barədə sığorta nəzarəti orqanına yazılı məlumat verməlidir.

Başqa sözlə, məsul aktuari zəruritə yarandıqda şirkətdəki problemlər barədə sığorta nəzarət orqanını xəbərdar etməlidir. Qanunvericiliyə onların işdən azad olunmasını çətinləşdirən əlavənin edilməsi də o məqsəd daşıyır ki, şirkət məsul aktuariyə öz vəzifələrini yerinə yetirməyə mane ola bilməsin.

Fins.az

Son xəbərlər
Digər xəbərlər