1 C
Baku
Saturday, December 14, 2024

Vergi uçotundan yayınma hallarının qarşısı alınıb

Vergilər Nazirliyi tərəfindən iyul ayı ərzində həyata keçirilən araşdırmalar zamanı vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatlarda kifayət qədər risklər yaranması halları aşkar edilib. Bu barədə Banker.az-a Nazirlikdən məlumat daxil olub.

Məlumatda deyilir ki, bəzi vergi ödəyiciləri tərəfindən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə elektron qaimə-fakturaların verilmədiyi, malların (işlərin, xidmətlərin) satılmasına baxmayaraq, həmin əməliyyatlara görə vergilərin dövlət büdcəsinə ödənilmədiyi, satışdan əldə edilmiş pul vəsaitlərinin uçota alınmadığı, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinə əməl edilmədiyi və bir sıra pozuntulara yol verildiyi müəyyən edilib. Bəzi hallarda isə vergi ödəyiciləri heç bir təsərrüfat subyektləri (anbarı, mağasazı və s.) olmadığı halda, aldıqları (idxal etdikləri) malların satışını vergiyə cəlb etməyərək, həmin malları “mal qalığı” kimi göstərirlər.

Qeyd olunanlarla əlaqədar, Vergilər Nazirliyi yanında Lokal Vergilər Departamenti tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bir neçə riskli vergi ödəyicilərində malların elektron qaimə-faktura tətbiq etməklə həyata keçirilməsinə, malların və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına, eləcə də nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi məqsədi ilə operativ vergi nəzarəti həyata keçirilib. Bu tədbirlərin əsas məqsədi, vergi ödəyicilərində şəffaf vergi uçotunun qurulması və vergi öhdəliklərinin yerinə yetirilməsinə nail olmaqdır.

Cari ilin iyul ayı ərzində həyata keçrirlmiş tədbirlər nəticəsində ümumilikdə 10 milyon 529 min manat dəyərində mal-materialın əskik gəldiyi (mövcud olmadığı), yəni vergi ödəyiciləri tərəfindən satılmasına baxmayaraq, satışdan əldə olunan gəlirin müvafiq vergi bəyannamələrində əks etrilmədiyi və vergidən yayındırıldığı, 885,2 min manat məbləğində mal-materialın isə uçotsuz, yəni sənədsiz olduğu müəyyən edilib.

Həyata keçirilmiş yoxlamalar nəticəsində dövlət büdcəsindən yayındırılmış 1 milyon 916 min manat məbləğində ƏDV-nin vergi bəyannamələrində bərpa edilməsi üçün müvafiq tədbirlər görülüb.

Vergilər Nazirliyi xəbərdarlıq edir ki, maliyyə sanksiyalarına və cərimələrə məruz qalmamaq üçün, vergi ödəyiciləri şəffaf vergi uçotunun qurulması, malların (işlərin, xidmətlərin) alışı və satışının qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi və “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinə ciddi əməl edilməsini təmin etməlidirlər.

Son xəbərlər
Digər xəbərlər