7 C
Baku
Thursday, December 12, 2024

10 ilə $1,5 trilyon: Çinin beynəlxalq biznes-ekspansiyasından nə gözləmək olar?

Çin 2027-ci ilə qədər əcnəbi investisiya və aktivlərə 1,5 trilyon dollar, yəni keçən 10 illik ərzində olduğundan 70% çox vəsait sərf edəcək.

Banker.az Çin Xalq Respublikasının qlobal biznes-ekspansiyasından dünyanın hansı gözləntilərinin olduğunu araşdırıb.

Çin – qlobal birləşmələr və satınalmalar bazarında açar mövqeli oyunçulardan biridir. Bloomberg agentliyinin məlumatlarına görə, 2016-cı ilin yekunlarına əsasən, Çinin iştirakı ilə həyata keçirilən beynəlxalq müqavilələrin həcmi 245,4 milyard dollara çatıb. Bu göstərici 2015-ci ildə 102 milyard dollar təşkil edirdi. Beləliklə, ölkə bu göstərici üzrə ABŞ-dan sonra (350 milyard dollar) ikinci pillədə qərarlaşıb.

8 avqust tarixində beynəlxalq hüquqi şirkət Linklaters-in nəşr etdiyi proqnoza görə, Çin yaxın 10 il ərzində öz beynəlxalq biznes-ekspansiyasını əhəmiyyətli dərəcədə genişləndirəcək. Ölkə 2027-ci ilə qədər xarici ölkələrdə yatırımlara və bütün dünya üzrə aktivlərə 1,5 trilyon dollar vəsait ayıracaq. Bu Çinin keçən 10 il ərzində digər ölkələrə yatırdığı vəsaitdən 70% çoxdur.

Ölkənin qlobal ambisiyasına dəstək

Dövlətin istehsalat sektoruna, xüsusən də, yüksək texnologiyalar və beynəlxalq ticarətə investisiyaların stimullaşdırılmasına dair siyasəti də ölkənin qlobal ambisiyalarına dəstək verir.

Çinin beynəlxalq biznes-ekspansiyası köhnə iqtisadiyyat adlanan fabrik və zavodlar üçün xammalın alınması ilə başladı. Ölkənin ÜDM həcmi artdıqca Çinin əcnəbi aktivlərə marağı da böyüyürdü. Çinli investorlar ixrac deyil, daxili tələbata əsaslanan “yeni iqtisadiyyatı” inkişaf etdirməyə qadir olan texnoloji şirkətlər uğrunda qlobal mübarizəyə qoşuldular.

Əvvəllər, Çinin iştirakı ilə M&A-müqavilələrin əksəriyyəti energetika və xammal müəssisələrini əldə edən dövlət təşkilatlarının payına düşürdüsə, indi, investorlar aqrotexnologiyanın inkişafı ilə məşğul olan şirkətlərə və mikroprosessor istehsal edən müəssisələrə maraq göstərirlər. Bundan əlavə, qlobal bazara italyan futbol klublarını, amerikan kino studiyalarını və fransız dəb evlərini alan özəl çinli oyunçular daxil olub. Çin özünün milli brendlərinin inkişafında daxili tələbatı artırmaq və bunun da nəticəsi olaraq, iqtisadiyyatı modernləşdirmək imkanı görür.

Lakin bununla belə, Çin öz biznesinin dünya üzrə genişlənməsində müəyyən əngəllər də yaşayır. Çin biznesinin xarici ölkələrdə üzləşdiyi əsas maneə – müxtəlif ölkələrin əcnəbiləri energetik infrastruktur, yüksək texnologiyalar və elektronika kimi sahələrə buraxmaq niyyətinin olmamasıdır. Bəzi ölkələr üçün milli maraq və sahənin təhlükəsizliyi baxımından bu sahələr həssas hesab olunur. Linklaters qeyd edir ki, 2016-cı ildə Çinin iştirakı ilə baş tutmayan müqavilələrin həcmi 40-75 milyard dollar təşkil edib.

Ölkə “məntiqsiz” olan müqavilələri ləğv etməyə çalışır

Digər bir maneə isə ölkə rəhbərliyinin əcnəbi müqavilələrə qarşı mövqeyidir. Ölkə rəhbərliyinin fikrincə, hazırda onlar bank sisteminə və bunun da təsiri olaraq milli iqtisadiyyata təhlükə doğurur. Bundan əlavə, Pekin çinli təşkilatların profil biznesinə aid olmayan (məsələn, əyləncə və yaxud daşınmaz əmlak sahəsi) və investisiya üçün “məntiqsiz” olan müqavilələri ləğv etməyə çalışır. Bloomberg agentliyinin məlumatına əsasən, ölkədə 10 milyard dollardan çox dəyəri olan əcnəbi müqavilələrə qeyri-rəsmi qadağa mövcuddur.

Həmçinin, xarici bazarlara çıxışa əngəl olan digər bir amil isə tənzimləyicinin ölkə valyutasının xaricə axınının qarşısını almaq məqsədilə yuan ilə edilən tranzaksiyalara nəzarət etməsidir. Transsərhəd vəsait köçürülmələrinə icazə almaq üçün bəzən həftələr tələb olunur ki, bu da bir çox müqavilələrin dağıdılmasına səbəb olur.

Son xəbərlər
Digər xəbərlər