10 C
Baku
Wednesday, December 11, 2024

Xarici ekspertlər ölkənin bank sektorunu necə qiymətləndirir? – TƏHLİL

“Moody’s Investor Service” Beynəlxalq Reytinq Agentliyi bir neçə gün əvvəl ölkənin ümumi maliyyə sektorunun, o cümlədən bir sıra tanınmış banklarının dəyərləndirilməsini həyata keçirib. Növbəti qiymətləndirilmənin yekunu olaraq, agentliyin hesabatını ətraflı təhlil etmək yaxşı olardı.

Cari ilin iyul ayının 26-da Azərbaycanın bank sektoru ilə bağlı açıqlanan hesabatda deyilir ki, xarici valyuta riskləri və zəif əməliyyat mühiti Azərbaycanın bank sektorunun inkişafına maneə yaradan əsas amillər olaraq qalır. Ümumi daxili məhsul istehsalının və kreditlərə tələbatın azalması, inflyasiyanın sürətlənməsi bu il də bankların kreditləşməsinə əngəl törətməkdə davam edəcək. Lakin banklara aid dəyərləndirilməyə nəzər salsaq, istisnaların olduğunu görürük.

İSTİSNALAR MÖVCUDDUR…

Misal üçün, “Kapital Bank”ın hesabatlarını gözdən keçirəndə məlum olur ki, 2016-cı ildə bankın kredit portfeli 15% artaraq 1,3 mlrd. manata çatıb. Heç kəsə sirr deyil ki, ötən il bank sektoru üçün o qədər asan olmadı. Həqiqətən də banklar ötən il müxtəlif səbəblərdən kreditləşməni azaltdı, bəziləri isə ümumiyyətlə dayandırdı. Maraq üçün qeyd edək ki, 2017-ci ilin ilk yarısında bankın kredit portfeli 1,2 mlrd. manatdır. Bank hələ də aktiv, eyni zamanda məsuliyyətli şəkildə kreditləşməni davam etdirir. Aktiv kreditləşmənin səbəbi məlumdur: bankın likvidliklə bağlı problemi yoxdur. Aktiv və məsuliyyətli kreditləşmə arasında birbaşa əlaqə var. Belə ki, məsuliyyətli kreditləşmə səbəbindən kredit portfelinin keyfiyyəti qənaətbəxşdir – problemli kreditlərin ümumi portfeldə çəkisi isə elə də böyük deyil, başqa sözlə, idarəolunan səviyyədədir. Bu isə aktiv kreditləşmə üçün əla zəmin yaradır. Bunu əbəs yerə qeyd etmədim. Çünki, “Moody`s” öz hesabatında vurğulayıb ki, aktivlərin keyfiyyətinin zəif olması yerli bankların rentabelliyinə və kapitallaşmasına neqativ təsir edir.

2016-cı ilin yekununa görə ölkənin ümumi bank sektorunun kredit portfelinin 30%-i problemlidir. Halbuki, 2015-ci ildə bu göstərici 16% olub. Təşkilatın analitikləri hesab edir ki, bu il də problemli kreditlərin ümumi portfeldə çəkisi yüksək olaraq qalacaq. Buna səbəb qeyri-qənaətbəxş bazar şəraitinin olmasıdır.

Hesabata nəzər salmaqda davam edirik. “Moody’s” hesab edir ki, bir çox banklar bu ili də zərərlə başa vuracaq. “Kapital Bank” ötən ili 52 mln. 385 min manat mənfəətlə başa vurub. Bu ilin ilk rübündə bankın mənfəətinin təxminən 31 mln. manat, II rübün sonuna isə 40,7 mln. manat olduğunu nəzərə alsaq, anlamaq olar ki, “Kapital Bank”ın bu qəbildən olan bankların siyahısında olması real deyil.

“Kapital Bank”ın hazırkı kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) “b1”, yerli və xarici valyutada olan uzunmüddətli depozit reytinqi isə “Ba3” səviyyəsində təsdiqlənərək dəyişilməz saxlanılıb. Kontragentin uzunmüddətli risk dəyərləndirməsini “Ba2 (cr)”, qısamüddətli risk dəyərləndirməsini isə “Not Prime (cr)” səviyyəsində təsdiq edilib. Hesabatda həmçinin qeyd olunur ki, “Kapital Bank”ın gəlirliyi eyni səviyyədə olan qlobal həmkarları ilə bərabərdir və ölkə daxili rəqiblərindən daha yüksəkdir.

“Çətin iqtisadi mühitə baxmayaraq, növbəti 12 ay ərzində “Kapital Bank” mənfəətlik dərəcəsini qoruyub saxlayacaq. Bank kifayət qədər kapital ehtiyatına malikdir və 1 yanvar 2017-ci il tarixinə qədər bankın kapital yetərliyi və likvidlik əmsalları yaxşıdır. Korporativ müştərilərə, hökumət strukturlarına, büdcədən vəsait alanlara və digər ödəmə qabiliyyəti olan müştərilərə bankın kredit verməsi, mümkün riskləri qismən azaldır. Digər banklarla müqayisədə “Kapital Bank”ın xarici valyuta riskinə məruz qalma səviyyəsi nisbətən mülayimdir”, – deyə hesabatda qeyd olunur.

“Moody`s” hesabatda bir məqama xüsusi diqqət çəkib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu il bankların əlavə kapitallaşmasını tələb edə bilər. Hazırda “Kapital Bank”ın məcmu kapitalı 253 mln. manata yaxındır və bu da tənzimləyicinin kapitala olan minimal tələbindən (50 mln. manat) təxminən 5 dəfə çoxdur. Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur, bu rəqəm özü hər şeyi deyir.

ƏMANƏTƏ ZƏMANƏT!

Cari ilin iyunun 14-də “Moody`s” Azərbaycanın aparıcı banklarından dördünün yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini aşağı salıb. Üstəlik, reytinqlər üzrə proqnozlar da neqativ olub. Qeyd edək ki, “Kapital Bank”ın yerli və xarici valyutada olan uzunmüddətli depozit reytinqi “Ba3” səviyyəsində təsdiqlənərək dəyişilməz saxlanılıb. Səbəbi sadədir. Yenə də ən gözəl fakt olan rəqəmlərə müraciət edək. Ötən il bankın depozit portfeli 70% artaraq 1,9 mlrd. manatı ötüb! Artım bu il də davam edib. Belə ki, bu ilin ilk rübündə bankın depozit portfeli 2,1 mlrd. manatı, ikinci rübün sonuna 2,3 mlrd. manat həddini aşıb.

“Moody`s”in iyunun 8-də dərc etdiyi başqa bir hesabatında qeyd edilib ki, Azərbaycan banklarının əksəriyyəti depoziti saxlamaq problemi ilə üzləşib. Yuxarıda qeyd edilən rəqəmlərdən bir daha əyani şəkildə göstərir ki, “Kapital Bank” bu siyahıda deyil.

HƏR MƏNADA BİRİNCİ!

“Kapital Bank”ın Azərbaycanın ən qocaman, birinci bank olduğunu bilməyən çox az sayda adam tapılar. Bilməyənlər üçün də qeyd edim ki, “Kapital Bank” Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çoxdur fəaliyyət göstərir. Birinci olmaq və sonradan bu birinciliyi qorumaq asan deyil, lakin mümkündür. Yenə də rəqəmlərə müraciət etmək məcburiyyətindəyəm. Ən son məlumata əsasən, Azərbaycanda fəaliyyət göstərən 31 bankın cəmi aktivləri 30 mlrd. 101,1 mln. manatdır. “Kapital Bank”ın aktivləri isə 3,2 mlrd. manata çatıb. Başqa sözlə, sektorun aktivlərinin təxminən 11%-i “Kapital Bank”da cəmləşib. “APA-Economics” tərəfindən tərtib olunan sonuncu renkinqə əsasən, “Kapital Bank” aktivlərin bazar payına görə çox cüzi fərqlə ikinci yerdə qərarlaşıb.

2017-ci ilin ötən ayında həmçinin “Standard & Poor’s” Beynəlxalq Reytinq Agentliyi də maliyyə sektorunun dəyərləndirilməsində “Kapital Bank” reytinqini “BB-/B” səviyyəsində təsdiq edərək, sabit saxlamışdır. Bu da onu göstərir ki, ölkənin maliyyə sektorunda güclü və etibarlı banklar mövcuddur. Bu banklar maliyyə sektorunun inkişafına təkan verib, ümumi iqtisadi vəziyyətə müsbət təsir edəcək

Son xəbərlər
Digər xəbərlər